Qarabağda üç beynəlxalq dərəcəli aeroport nəyə lazımdır?

Fikirlər müxtəlif olsa da, nəticələri uğurludur

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə sürətli inşaat-bərpa işləri görülməklə yanaşı, regionda üç beynəlxalq dərəcəli aeroportların tikilməsi də yaxın müddətli perspektivdədir. Daha dəqiq desək, Füzuli hava limanı artıq bu ilin payızında istifadəyə veriləcək. O cümlədən, Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan hava limanının da təməlqoyma mərasimi keçirilib. Laçında isə hava limanın inşaatı üçün yer seçimi demək olar ki, yekunlaşıb və onun da inşasına başlanılacaq. Bu gün bir çoxlarını belə bir sual düşündürür: işğaldan azad olunmuş bölgələrimizdə nə üçün üç hava limanına ehtiyac yaranıb?

İlk növbədə qeyd etmək lazımdır ki, iqtisadi qiymətləndirmələrə görə işğaldan azad olunan ərazilərimizdə hava limanlarının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Məsələn, Füzuli hava limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan turist səfərlərini daha da asanlaşdıracaq və intensivləşdirəcək.

Füzuli, Zəngilan, Laçın...

Zəngilan hava limanı isə bölgənin iqtisadi tələbləri müqabilində Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımdan Zəngilanda hava limanının inşası tələbə çevrilib.

O cümlədən, Zəngilan ilə Füzuli hava limanının iqtisadi göstəriciləri demək olar eynidir. Aeroportlar uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.

Laçın isə Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımdan vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda da beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması əhəmiyyətlidir.

Qeyd edək ki, inşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır.

Gürcüstanın siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya: “Burada daha məntiqli mənzərə azad iqtisadi zonaların yaradılmasıdır”

SİA xəbər verir ki, sözügedən mövzu ilə bağlı tanınmış hərbi və siyasi ekspertlər də münasibətlərini açıqlayıblar. Belə ki, Gürcüstanın siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim edilən model kifayət qədər maraqlıdır. SİTAT: “Mən hesab edirəm ki, azad edilmiş Qarabağda birdən-birə üç aeroportun tikinti layihəsinin həyata keçirilməsi həmin yerlərdə azad iqtisadi zonaların (AİZ) yaradılması planı ilə bağlıdır. Bu, öz növbəsində Qarabağ regionuna investisiyaların axınına yol açacaq. Misal üçün, Türkiyədəki investisiya bunu azad iqtisadi zonaların yaradılmasının inkişafı ilə əsaslandırılıb və İstanbuldakı, Trabzondakı və s. hava limanları ilə bağlıdır. Yəni mənim nəzərimcə, bu təşəbbüslər Qarabağın iqtisadi inkişafı baxımından həmin hissəsinə hədəflənib ki, bu yerlər Bakının idarəsinə keçib”.

Gürcü hərbi-siyasi eksperti düşünmür ki, aeroportların inşası hərbi məqsədlidir.

“Azərbaycan regionun nəinki enerji, həm də logistik nəqliyyat mərkəzinə çevrilməyə can atır, İlham Əliyev də buna çalışır”

SİTAT: “Ehtimal etmirəm ki, bu layihə hərbi hazırlıqlarla bağlıdır. Onsuz da gələcəkdə Qarabağda baş verə biləcək hər hansı hadisələr zamanı və təsir göstərməyə ehtiyac yarandığı halda, Azərbaycanın inkişaf etmiş hərbi infrastrukturu mövcuddur. Xeyr, əslində mən düşünürəm ki, burada daha məntiqli mənzərə AİZ-in yaradılmasıdır. Əlavə olaraq, Azərbaycan regionun nəinki enerji, həm də logistik nəqliyyat mərkəzinə çevrilməyə can atır, İlham Əliyev də buna çalışır.

Hesab edirəm ki, işlər də məhz bu məcradadır və onu da heab edirəm ki, fikirlərimdə səhvə yol vermirəm”.

Vaxtanq Maisaya Azərbaycanın Türkiyənin 80-ci illərdə eyni addım ataraq iqtisadi möcüzə yaratması bacarığını təkrar edəcəyini bildirib. Belə ki, Türkiyə bu layihələri ilə dünyanın 20 daha çox inkişaf etmiş ölkələri sırasına daxil olub. O, Gürcüstanın da bu yolla getdiyini xatırladıb. Artıq Tbilisi hava limanı da AİZ statusuna malikdir və bu da Türkiyə nümunəsidir.

Koreyanın Hankuk universitetinin xarici araşdırmalar mərkəzinin professoru, azərbaycanlı politoloq Rövşən İbrahimov: “Harada turizim varsa, orada təhlükəsizlik və zəmanət mövcuddur”

Cənubi Koreyanın Hankuk universitetinin xarici araşdırmalar mərkəzinin professoru, azərbaycanlı politoloq Rövşən İbrahimov isə mövzu ilə bağlı bildirir ki, regionda üç aeroportun tikintisi yalnız iqtisadi kontekstdə deyil, həmçinin geosiyasi perspektivlərə də aiddir. SİTAT: “Bu, ilk olaraq azad edilmiş rayonların daha çox beynəlmiləşdirilməsi deməkdir. Yəni oraya xarici şirkətlərin cəlb olunmalarına başlanılacaq, turizmin inkişafı da tam olaraq mümkündür. Həmçinin, bu, həmin rayonlarımızın beynəlxalq miqyasda tanınmasına, qəbul edilməsinə şərait yaradır. Harada turizim varsa, orada təhlükəsizlik və zəmanət mövcuddur”.

Azərbaycanlı professor bildirib ki, hazırda Kəlbəcərlə nəqliyyat rabitəsi çətindir. Belə ki, yollar dağlıq ərazilərdən keçir və eyni zamanda, Azərbaycan SQ-i tərəfindən hələlik tam nəzarətdə deyil.

“Eyni siyasət intensiv köçürülmələrin təminatı üçün Azərbaycanın qərb rayonlarında da həyata keçiriləcək”

SİTAT: “Məhz təhlükəsizlik nöqteyi-nəzərindən bu kimi rayonlara alternativ yollar lazımdır. Buna isə istənilən növ təyyarələri və s. hava nəqliyyatı vasitələrini qəbul edən aeroportlar xidmət edəcək, o cümlədən, hərbi məqsədlərə də. Həmçinin, bu hava limanlarının tikintisi azad eidlmiş rayonların infrastrukturlarının sürətli inkişafına səbəb olacaq, yaşayış məntəqələri bərpa ediləcək, hətta genişləndiriləcək. Misal üçün, indi dağıdılmış Ağdam yenidən tikilir və ora 100 min insan üçün hesablanıb. Qarabağ müharibəsinin başlandığı dövrə qədər isə Ağdamda o qədər insan yaşamırdı. Və mən də düşünürəm ki, eyni siyasət intensiv köçürülmələrin təminatı üçün Azərbaycanın qərb rayonlarında da həyata keçiriləcək. Yəni aeroportlar yalnız beynəlxalq uçuşlar üçün deyil, həm də daxili tələbatlar üçün də istifadə ediləcəklər”.

Hankuk universitetinin professoru onu da bildirib ki, ölkəmiz elə də böyük deyil və uçuş müddeətləri bir saatdan artıq olmayacaq. SİTAT: “Və bu da doğma şəhərlərinə və kəndlərinə geri dönən vətəndaşlarımız üçün çox rahat olacaq. Həmçinin, onlar həyatlarının son 30 ilini keçirdikləri yerlərlə də əlaqələrini saxlamaq istəyəcəklər. Bu isə Bakıdan azad edilmiş rayonlara olan yükdaşıma intensivliyini daha da artıracaq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə