“Zəngəzur dəhlizi”nin açılması barədə Rusiya və Azərbaycan eyni mövqedən çıxış edirlər” MÜSAHİBƏ

Müsahibimiz ANAP-ın sədri Abutalıb Səmədovdur

- Abutalıb müəllim, Prezidentlərin Moskva görüşünü ümumilikdə necə şərh edərdiniz?

- Azərbaycan və Rusiya prezidentlərinin Moskvada keçirilən görüşünün əsas mövzularından birinin erməni silahlılarının ərazimizdən çıxarılması olduğu şübhə doğurmur. 10 noyabr bəyanatı imzalandıqdan sonra dövlət başçımız bu məsələni daim diqqətdə saxlamış və dəfələrlə bu barədə narahatlığını ifadə etmişdir. Sonuncu dəfə ötən ilin dekabrında bu məsələyə qayıdan prezident İlham Əliyev bölgədə fəaliyyətə başlayacaq Monitorinq mərkəzinin erməni silahlılarının ərazimizdən çıxarılmasında mühüm rol oynayacağına olan dərin inamını bir daha ifadə etmişdi.

- Sizcə, Prezidentlərin Moskvada keçirilən görüşündə Qarabağdakı terrorçu ermənilərin tamamilə zərərsizləşdirilməsi üçün hansısa bir razılaşma əldə oluna bilərmi?

- Bu il, yanvarın 30-dan fəaliyyətdə olan 120 nəfərlik Monitorinq mərkəzinin bu istiqamətdə gördüyü işlər barəsində heç bir məlumat verilməsə də, ötən ay baş tutan iki görüş müəyyən ümidlər doğurur. Birincisi, Türkiyə və Rusiya xarici işlər nazirləri müavinlərinin Moskva görüşündə Monitorinq mərkəzinin fəaliyyətinin müzakirə olunması və bu fəaliyyətin “qənaətbəxş” sayılmasıdır. Digəri, iyunun 15-də Türkiyə və Rusiya prezidentlərinin bu mərkəzin fəaliyyətinə yüksək qiymət verməsidir. Bu dəyərləndirmələr məlumat verilməsə də, ərazimizdən erməni silahlılarının çıxarılması istiqamətində işlərin görüldüyünə müəyyən ümidlər yaradır. Ancaq erməni silahlılarının çıxarılması ilə bağlı əhalimiz içərisində kifayət qədər narahatlıq var və şübhə yoxdur ki, bu narahatlıq Rusiya prezidentinin diqqətinə çatdırılmışdır.

- Paşinyan Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyən fikirlər səsləndirməyə davam edir. Buna Moskva görüşündə son qoyula bilərmi?

- “Zəngəzur dəhlizi”nin açılması barədə Rusiya və Azərbaycan eyni mövqedən çıxış edirlər. N.Paşinyan da əslində, Naxçıvandan Azərbaycanın qərb rayonlarına açılacaq avtomobil və dəmir yoluna etiraz etmir. Əksinə, bir neçə dəfə bu yolun açılmasını dəstəkləyən bəyanatlar da verib. Onu və əksər erməniləri qorxudan yolun “Zəngəzur dəhlizi” adlandırılmasıdır. Doğrudan da, 10 noyabr və 11 yanvar bəyanatlarında kommunikasiyaların açılmasından danışılır və Naxçıvandan Azərbaycanın qərb rayonlarına çəkiləcək yol xüsusi qeyd olunur. Bu yolu biz və türk qardaşlarımız “Zəngəzur dəhlizi” adlandırırıq və əminik ki, bütün müqavimətlərə baxmayaraq dəhliz qısa zamanda işə düşəcək və tarixdə də “Zəngəzur dəhlizi” kimi qalacaq. Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşü son aylar yaranmış ləngiməni aradan qaldıracaq və bu istiqamətdə işlərin sürətlənməsinə xidmət edəcək.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə