Putinin “Veni, Vidi, Vici”-si, ANALITIK+AKTUAL

Yaxud, Baydenə heç anası da kömək edə bilmədi

Atalar misalı: At olmayan yerdə, eşşək də (demokratlar) atdır

Dünya ictimaiyyəti Rusiya və ABŞ prezidentləri - Putin-Bayden görüşünü və onun nəticələrini səbrsizliklə gözləyirdi. Yəni hər kəs maraqlıydı ki, görəsən bu görüşdə söz sahibi kim olacaq və cəmi bir raundluq görüş nəticəsi hansı dövlətin başçısının xeyrinə tərəf inkişaf edəcək? Görüş baş tutdu və...

Və Putin Baydeni bir “zərbədən” siyasi tarixin rəflərinə doğru göndərdi. ABŞ ictimaiyyəti bu görüşün nəticələrindən məyusluq hisslərini gizlədə bilmir və hətta ənənəvi olaraq demokratları dəstəkləyənlər belə Baydeni, sözün əsl mənasında, “yıxıb-sürüyürlər”. Elə New York Times (NYT) qəzetinin başlığı bu hiddətin dərəcəsini göstərir. SITAT: “Bağışla Bayden, amma açığı Putinin heç vecinə də deyil (Sorry, Biden. Putin Honestly Could Not Care Less).

Link aşağıda:

https://www.nytimes.com/2021/06/16/opinion/putin-biden-summit.html

Sözügedən məqalədə ABŞ dünyada itən nüfuzu fonunda Putinin faktiki olaraq ABŞ -ın hər bir həmləsini məhv etdiyi ətraflı qaydada, özü də heç bir dezinformasiyaya uymadan təhlil edilir. Ən maraqlısı da budur ki, bu tək belə fikir deyil...

Bəli, Putin Baydenlə görüşdən sonra çox əsəbi idi və onun əsəbini başa düşmək olardı. O, Cenevrəyə ciddi görüşə gəlirdi, neçə vaxtdır hazırlaşırdı, özünün görüş strategiyası və şübhəsiz ki, görüş gündəliyi var idi, lakin sırf özünü “güvən olunası” lider qismində göstərmək məqsədi ilə görüşməyi xahiş edən Bayden bu qədər zəhmət hesabına əmələ gələn randevunun nəticələrini heçə endirdi!

Bayden görüşü praqmatik və işgüzar siyasi randevu əvəzinə, deklarativ bəyanatlar səhnəsinə çevirdi. Rəhmətlik Fərrux demiş: “Şou davam etməlidir..!”.

Baydenlə Blinkenin əllərində “şparqalkalar” var idi, Putinlə Lavrov isə, sadəcə, əlləri ciblərində görüşə gəlmişdilər

Əlbəttə, bu, gözlənilən idi, Bayden siyasətçi kimi artıq çoxdan “ölübdür”. O, əslində heç vaxt prezident olmaq belə istəmirdi. Lakin demokratların arxasında duran qüvvələrə məhz belə siyasi “ipli oyuncaq” lazım idi ki, onun yanına Blinken və Salevan kimilərini yerləşdirməklə, həmin “ipli oyuncağı” rahatlıqla idarə etsinlər.

Görüşün əvvəlində Baydenlə Blinkenin əllərində “şparqalkalar” var idi, Putinlə Lavrov isə sadəcə əlləri ciblərində görüşə gəlmişdilər. Ümumiyyətlə, qəbul olunan protokol qaydalarına əsasən Blinkenin görüşdə iştirakı təkbətək görüş formatına zidd idi. Sadəcə, Baydenin özünü idarə edə bilmədiyi üçün onun “kuklaçıları” mütləq Blikeni o görüşə salmalı idilər ki, həm nəzarət, həm də lazım olanda müdaxilə etsin. Aydındır ki, belə halda Lavrovun da görüşdə iştirakı labüd oldu. Və bu fakt artıq görüşün yalnız rəsmi formatda keçiriləcəyini göstərirdi.

Adətən, ölkə başçıları təkbətək görüşəndə daha səmimi və cəsarətli olurlar. Belə ki, tərcüməçidən başqa heç kim olmur, bu da imkan verir ki, birinci şəxslər müəyyən dərəcədə çeviklik göstərib bir çox “iti” məqamları yumşaltsınlar. Lakin Blinkenin görüşdə olması nə Baydenə nə də Putinə həmin imkanı vermədi. Bir sözlə, görüş sırf rəsmi format, rəsmi dil, rəsmi mövqe və bəyanatlarla aparıldı. Şübhəsiz ki, görüşün belə qedişatı Putini əsəbləşdirmişdi və o əsəbini görüşdən sonrakı mətbuat konfransında bir neçə bəyanatı ilə faktiki olaraq Baydenin onsuz da sürətlə aşağı düşən nüfuzunu heçə endirdi. Bəyanatlar isə son dərəcə diplomatik baxımdan örtülü bəyanatlar idi, lakin mənanı dərhal tutmaq olurdu. Məsələn, Baydenin Putinin “qatil” adlandırması ilə bağlı suala, Putinin cavabı əsl sensasiya yaratdı. Putin ilk dəfə açıqladı ki, Bayden bu məsələ ilə bağlı Putinə zəng edib və “ ...onun (Baydenin-red.) izahatları məni qane etdi...”, deyə bildirib.

Baydenin ana mövzusu Putini niyə qəzəbləndirdi?

Digər bəyanatında isə Putin bəyan etdi ki, Bayden bir xeyli öz anası haqqında danışdı və bununla da istiqanlı olduğunu göstərdi. Əlbəttə ki, bu, son dərəcədə sarkastik bir ifadədir. Putin bununla demək istəyirdi ki, biz buraya dünya problemlərini müzakirə etməyə gəlmişik, Bayden isə öz anası haqqında (?) danışır. Yəni şəxsi söhbətlər üçün başqa imkanlardan istifadə etmək lazımdır, bütün dünyanın gözünü tikdiyi görüşdə isə siyasi məsələlərə fikir vermək vacibdir.

Yeri gəlmişkən, ilk dəfə deyil ki, Bayden öz anasını xatırladır. Britaniya kraliçası ilə görüşdən sonra da Bayden kraliçanı anasına bənzətmişdi. Bu isə təbii haldır. Belə ki, insan yaşlandıqca, xüsusən dünyasını dəyişən valideynlərinin daha tez-tez xatırlamağa başlayır. Əsasən də nəzərə alsaq ki, Baydenin anası Cin (əsl adı Katerin) 2002-ci ildə yoldaşı rəhmətə gedəndən sonra oğlu Cozef Baydenlə qalırdı, onda Baydenin anasına olan sevgi və duyğularını başa düşmək olar. Lakin Putin kimi praqmatik bir insan üçün belə hisslər yaddır. Putin özünün siyasi çevikliyini artırmaqdan ötrü hətta uşaqlarının anasını boşayan bir insandır. “Mən öz həyatımı Rusiyanın taleyi ilə bağlamışam”, deyə Rusiya prezidenti bildirib. Odur ki, belə həssas hislərlə Putinin güzəştini əldə etmək mümkün deyil.

Baydenin Putinə uzun-uzadı Navalnı barədə danışması qlobal problemləri arxa plana atmış oldu

Növbəti bəyanat isə başıbəlalı Navalni ilə bağlıdır. Putini dinləyənlər fikir verdilər ki, o, bir dəfə də olsun Navalninin adını çəkmədi. Gah “vətəndaş”, gah “bu kəs” ifadələrindən istifadə edirdi. Yəni açıq-aşkar göstərirdi ki, Navalni Putin üçün adi sıravi vətəndaşdır və onu digərlərindən fərqləndirən deyil. Ancaq onu da etiraf edək ki, məhz Navalni mövzusu danışıqlar zamanı Putini ən çox əsəbləşdirən mövzu olmuşdu. Həqiqətən də belə məlum olurdu ki, iki saat çəkən görüş zamanı Bayden yarım saat anası haqqında danışıb, yarım saat da Navalni haqqında. Əlbəttə, bir dövlətin digər dövlətə öz vətəndaşı ilə necə davranmağı məsləhət verməsi yolverilməzdir. Xüsusən də öz dövlətində irqçiliyin baş aldığı bir məqamda. Yəni Çin, Suriya, İran və digər qlobal məsələlər qalıb kənarda, Bayden Navalninin həbsdəki vəziyyəti ilə maraqlanır.

Amma Baydenin bu məsələ haqqında danışması da başadüşüləndir. “Navalnı məsələsi” yeganə məsələdir ki, bu mövzuda səhv etmək mümkün deyil. Yəni istənilən digər qlobal mövzuda Bayden danışa biləcək durumda deyildi deyə gücü verib bu məsələyə. Şübhəsiz ki, bu da Putini özündən çıxartmışdı.

Başqa bir məsələ isə Ukrayna məsələsidir ki, burada da tam yenilik o oldu ki, Putin artıq bütün müzakirələri Donbas üzərinə yönəlti. Yəni Krım artıq müzakirə mövzusu deyil və Baydenin mətbuat konfransında “Biz Ukraynanın ərazi bütövlüyün tanıyırıq” deməsi, artıq Ukraynanın Krımsız ərazi bütövlüyünün tanınması kimi də qiymətləndirilə bilər. Bir sözlə, Baydenin ipini çəkənlər guya Putin üçün qazdıqları “tələyə” elə özləri düşdülər. Özü də “tələləri” Hollivudun bütün qaydalarına uyğun qurmuşdular. Misal üçün, Putindən xahiş etmişdilər ki, birinci görüşə Putin gəlsin və sonra Bayden. Yəni Birdən Putin geciksə, Bayden onu gözləməklə gözdən düşməsin. Baydenin mətbuat konfransına yalnız ABŞ-ı təmsil edən, özü də demokratların nəzarətində olan mətbuat nümayəndələrini dəvət etmişdilər. Baydenin mətbuat konfransı Putinin mətbuat konfransında sonra təşkil olunmuşdu ki, birdən Putin nə isə qeyri-qənaətbəxş söz desə, Bayden öz çıxışında ona cavab verə bilsin.

Təkqütbli dünya düzəninin sükanı Rusiyaya keçir?

Əlbəttə, Putin bunların hamısını gözəl bilirdi və bu səbəbdən də amerikalıları elə onların özlərinin qurduqları qaydalar çərçivəsində məhv elədi. Putin göstərdi ki, onun üzərində “standart” şou elementləri ilə qalib gəlmək olmaz. Əslində, bunu Bayden də yaxşı bilir. Görüşdən qabaq G7 görüşündə ABŞ müxbirlərindən biri Baydenə “Necə olur ki, Putin okeanın o tərəfindən olan təzyiqlərə tabe olmur?” sualını verdi. Baydenin bu suala cavabı lakonik, lakin son dərəcədə məzmunlu oldu: “Ona görə ki, o Vladimir Putindir”.

Ümumiləşdirərək, görüşdən gözlənilən kimi Putin qalib çıxdı və sonrakı mətbuat konfransında sübut etdi ki, artıq ABŞ supergüc deyil. Bu randevu ABŞ-ın supergüc rolunda son görüşü oldu. Və bundan sonra artıq Putin tam müstəqil və ümumiyyətlə heç nədən çəkinmədən hərəkət edəcək. Putinin də bu görüşə razılaşmasının əsas məqsədi elə bu idi. Belə ki, Bayden seçkiqabağı çıxışlarının birində demişdi ki, “Tramp Putinin küçüyüdür”. Putin isə bu görüşlə göstərdi ki, əksinə, ABŞ-ın indiki rəhbərliyi onun “otur-qalx” komandasına əməl etməlidir.

Şübhəsiz ki, dünya siyasətində yeni era başlayır. Əgər əvvəllər təkqütblü dünya düzəni deyəndə ABŞ nəzərdə tutulurdusa, artıq bu gündən sonra həmin ifadə səsləndirildikdə hər halda Rusiya nəzərdə tutulacaq. ABŞ-ın siyasi texnoloqları bu görüşdən sonra Rusiyaya qarşı başqa hansı stopedici addımlar fikirləşəcəyi isə həqiqətən maraqlıdır.

New York Times: “ABŞ-a artıq əvvəlki etimad və inam yoxdur, ABŞ təbliğat maşını artıq dünyanın digər təbliğat maşınlarını rəqabətini və müqavimətini hiss edir və onlara uduzur”

Düzdür, USAİD və digər qurumlar vasitəsi ilə, yenə də Rusiyanı nüfuzdan salan müxtəlif təbliğat proqramları-layihələri həyata keçirəcəklər. Özü də nəzərə alsaq ki, USAİD-in indiki rəhbəri Baydeni “Allah” sayan ermənofil Samanta Pouerdir, o halda Bayden bu rıçaqdan maksimum istifadə edəcək. Amma çətin ki, bu, artıq əvvəlki effekti versin.

Elə yuxarıda istinad etdiyimiz NYT-kı məqalədə müəllif ABŞ-dünyada ikili standartlar yürütməklə nüfuzunu itirdiyini göstərir. ABŞ-a artıq əvvəlki etimad və inam yoxdur, ABŞ təbliğat maşını artıq dünyanın digər təbliğat maşınlarını rəqabətini və müqavimətini hiss edir və onlara uduzur. O səbəbdən, Baydenin mətbuat konfransına yalnız demokratlara loyal jurnalistlər buraxılmışdı.

Burda bir haşiyəyə çıxmaq istərdik. Əlbəttə ki, yaxşı olardı ki, bu görüşdə Azərbaycanı da təmsil edən heç olmasa bir əsl vətənpərvər jurnalist olsun. Birincisi bu, imkan verərdi ki, sual verməklə, görüş iştirakçılarının regiondakı vəziyyətə mövqeyini öyrənək, digər tərəfdən göstərərdi ki, Azərbaycan cəmiyyəti dünya siyasətinin nəbzini tutmaq istəyir və beynəlxalq platformalarda daha fəal iştirak etmək niyyətindədir. Belə tədbirlərdə jurnalistlərin iştirakı ölkə nüfuzu öcün son dərəcə əhəmiyyətlidir. Ümid edək ki, gələcəkdə bu kimi məsələlər nəzərə alınacaq və ölkəmizin media qurumları da belə tədbirləri işıqlandıracaqlar.

Şübhəsiz ki, ABŞ əlində son təsir rıçağı olan dollar amili var. Dolların güclənməyinə isə İkinci Dünya müharibəsindən sonra zəif Avropanın uzun illər özünə gəlməməsi olub. Belə ki, okeanın o tərəfində rahatca oturub, bu tərəfdəki müharibələrə müdaxilə edən ABŞ, həmişə sudan quru çıxıb, hələ silah sursat satmaqla pul da qazanıb. Məhz bu uzaqlıq ABŞ-a imkan verib ki, öz ərazisində müharibələr görmədən inkişaf etsin.

Amma 2001-cil 11 sentyabr hadisələri zamanı 5-6 nəfər terrorçu o yekəliyində ABŞ-ı diz çökdürüb hətta Pentaqonu belə partlatdı. Təhlükəsizliyinə əmin olmayan ABŞ prezidenti saatlarla təyyarədə qaldı ki, aidiyyəti qurumlar vəziyyəti öyrənsinlər. İndi görün, ABŞ ərazisində müharibə olsa nə baş verərdi. Nə isə, bu, başqa bir yazının mövzusudur...

ABŞ əvvəl-axır özünün “Amerika istisnaçılığı” ideologiyasının nə qədər səhv olduğunu yəqin ki, başa düşüb

Qayıdaq dollara. Dollar amili də get-gedə zəifləyəcək ( Yəqin bir çoxları bilmir ki, dolların arxasının yaşıl rəngdə olmağında İslam dininin böyük rolu olmuşdu, bu haqda növbəti dəfə...)

Avropada artıq avro yaranıb. Rusiya və Çin də dollardan imtina etmək niyyətindədir. Bu kimi böyük iqtisadiyyatlar dollardan imtina etdikdən sonra, ABŞ bu son təsir amilini də itirəcəkdir. Siyasi baxımdan Rusiyanın zərbələrinə davam gətirməyən, texnoloji baxımdan isə Çinin təzyiqinə davam gətirməyən ABŞ əvvəl-axır özünün “Amerika istisnaçılığı” ideologiyasının nə qədər səhv olduğunu yəqin ki başa düşüb, daha dürüst və bərabər hüquqlu dövlətlər prinsipinə əsaslanan yeni və başqa dövlətlərə, xalqlara təhdid yaratmayan ideologiya yaradacaq.

11 il bundan öncə dünyasını dəyişən Baydenin anasının ona verdiyi əsas nəsihət belə olmuşdu: “Tanrı dərdi çəkənə verir” (“.. God sends no cross you cant bear..”). Lakin göründüyü kimi, Baydenin anası inanmırdı ki, Bayden nə vaxtsa prezident olacaq. Yəqin ki, o xanım heç Putini də yaxşı tanımırdı...

Növbəti atalar sözü: “Qurumuş ağacın kölgəsi olmaz”

Bəs beynəlxalq səviyyədə növbəti qələbəsini qeyd edən Rusiya prezidentinin dövlət siyasəti olaraq bizim regiona necə təsirləri olacaq? Birinci növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Rusiyaya sadə dillə desək, bel bağlamaqda düzgün siyasət seçib. ABŞ ona güvənənləri həmişə ya sonda satıb, ya da ümumiyyətlə hesaba almayıb və hətta indinin özündə də satmaqda davam edir. Ancaq bu satqınlığı isə dollarla kompensasiya edir. ABŞ yardım proqramlarına baxsaq ən çox yardım alan ölkələr məhz ABŞ-ın əvvəlcə dəstək verəcəyinə söz verdiyi, sonradan isə Rusiya ilə təkbətək qoyduğu dövlətlərdir. Məsələn, Ukrayna, Gürcüsatan və sair.

Bu görüşdən sonra aydındır ki, Rusiya hegemonluğunu davam edəcək. O cümlədən bu regionda da. Lakin bu mənada Rusiya-Türkiyə faktorunu da unutmaq olmaz. Belə ki, Cənubi Qafqaz regionunda artan Türkiyə amili birbaşa Putinin maraqlarına xidmət edir. Bu zaman hansı proqnozları önə sürmək olar? NATO Türkiyədən asılı vəziyyətə düşə bilər. Yaxud Türkiyə NATO-da ən nüfuzlu dövlətə çevriləcək. Şimal Alyansının başbilənləri yaxşı bilirlər ki, Türkiyə Rusiya ilə ciddi əməkdaşlıqdadır və bu qurumun Türkiyəyə qarşı hər hansı addım atacağı halda, Ankara kəskin planlarını işə sala və quruma daxildən zərbə vura bilər. NATO-dakılar bunu hiss edib və əbəs deyil ki, son vaxtlar Türkiyənin NATO üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamağa, Ankara ilə ehtiyatlı davranmağa başlayıblar.

Amma artıq gecdir, mexanizm işə salınıb və Rusiya-Türkiyə çoxşaxəli əməkdaşlığı NATO-nu təlaşlandırıb. Baydenin zəif siyasətçi olması isə bu prosesə bir az da təkan vermiş olur. Belə ki, Baydenin qondarma erməni soyqırımını tanıması NATO çərçivəsində Qərb-Türkiyə birliyini sarsıtdı və bu əməkdaşlıq artıq heç vaxt əvvəlki kimi möhkəm olmayacaq. Yəni bənzər qurum daxilində siyasi və hərbi əməkdaşlıq edən dövlətlərdən biri digərini, həmin qurumun üzvü olmayan saxta bir dövlətə dəyişdi və faktiki olaraq “soyqırımı törədən” adlandırdı. Bundan sonra hansı strateji əməkdaşlıqdan danışmaq olar?!

ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq 30 il erməni işğalına göz yumdu, “status kvo”nun qalmasına çalışdı

Azərbaycanın isə əlbəttə ki, öz müstəqil qətiyyətli siyasəti var. Buradan açıq şəkildə görünür ki, Bakı Türkiyə-Azərbaycan-Rusiya üçbucağı formatında əməkdaşlığı və inteqrasiyasını davam etdirməkdədir. Çünki ABŞ-ın regionda ciddi nüfuz itirməsi də buna dəlildir – təkcə erməni soyqırımının saxtakarlıqlarını tanıması faktı kifayət edir...

Başqa tərəfdən, ABŞ-ın regiona müdaxilə etməyə də heç bir ciddi rıçağı yoxdur. Yəni ABŞ Cənubi Qafqaz regionuna yalnız NATO çərçivəsində əməkdaşlıq etdiyi Türkiyə vasitəsi ilə müdaxilə edə bilərdi ki, Türkiyəni də verdi ermənilərin saxta iddialarının ayağına.

Başqa tərəfdən, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq 30 il erməni işğalına göz yumdu, “status kvo”nun qalmasına çalışdı. Biz hələ 907-ci düzəlişin illər boyu vurduğu zərbələri demirik. Hətta bütün bunlardan sonra ABŞ Konqresində 907-ci düzəlişin müvəqqəti dayandırılması qərarına yenidən baxılması ətrafında müzakirələr aparılır (?!). İndi isə regionun köklü dəyişikliklərində iştirakçıya çevrilməyə cəhdlər göstərən Bayden administrasiyası qısa zamanda buraxdığı boşluqlarının nəticələrini hiss etməkdədir.

Azərbaycanın seçimi mehriban və etibarlı qonşuluq siyasətidir. On min kilometrlər uzaqda bu regionun tarixini və mədəniyyətini tanımayan ölkələrin isə burada “tutacağı” heç bir şeyi artıq qalmayıb...

Rövşən RƏSULOV

P.S. Putinin “Veni, Vidi, Vici”-si (Gəldim, Gördüm, Qalib oldum) isə, həqiqətən də, ABŞ-ın siyasətini yerindən oynatdı. Sadə dillə desək, kim güclüdürsə, o da qalibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə