"Ermənistan tərəfindən təxribatların davam edəcəyini gözləməliyik" - MÜSAHİBƏ

SİA politoloq Məhəmməd Əsədullazadənin müsahibəsini təqdim edir:

- Müharibə bitsə də sərhəddə erməni təxribatları səngimir. Düşmən minalanmış ərazilərin xəritəsini vermək istəmir. Minaların partlaması nəticəsində Azərbaycan vətəndaşları zərər görür. Bəzi təşkilatlar isə buna baxmayaraq, Azərbaycanı ittiham etməyə fürsət axtarırlar. Ölkəmizə qarşı bu cür yanaşmanı nə ilə izah etmək olar?

- Ermənistan tərəfinin hazırki situasiyanı gərginləşdirmək fəaliyyəti göründüyü kimi regionda bir sıra dövlətlərin maraqlarını həyata keçirir. Bu dövlətlərə əsasən Fransa və Rusiyanı göstərmək olar. Çünki hər iki dövlət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı çıxır. Ermənistan tərəfi Qarabağın işğaldan azad olunmuş ərazilərini həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində minalayıblar. Rusiya sülhməramlılarının məsuliyyət zonasında erməni silahlı birləşmələri var. Onlar indi də “destruktiv” fəaliyyətlə məşğul olurlar. Həmin silahlı birləşmələrin tərkibində diversiya, təxribat qrupları var. Kəlbəcərdə iki jurnalistimizin minaya düşməsində erməni silahlı birləşmələrinin rolu var. İndi Azərbaycan tərəfi haqlı olaraq minalanmış ərazilərin xəritələrini tələb edir. Minalanmış ərazilərin xərtiələrini Azərbaycana verilməməsi azərbaycanlıların daha çox minaya düşməsi, humanitar böhranın yaşanması və Azərbaycanın bu sahələrdə infrastrukturunun gecikdirilməsinə səbəb olur.

- Bütün bunların fonunda Azərbaycan üçün əsas istiqamət necə olmalıdır?

- Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsinə Rusiya qəti şəkildə maraqlı deyil. Rusiya istəyir ki, bu böhran davam etsin. Həmin xəritələr Rusiya sülhməramlılarında da var. Necə olur ki, Ermənistanın axtarış qrupu Cəbrayıl, Füzuli, Hadrutda meyit axtarır. Onların heç biri minaya düşmür. Deməli onlarda minalanmış ərazilərin xəritələri var. Düşünürəm ki, Azərbaycan tərəfi konkret olaraq minalanmış ərazilərdə öz işini görməlidir. Azərbaycan hüquqi müstəvidə bu işi aparmalıdır, siyasi müstəvidə beynəlxalq təşkilatlarla işləməlidir, hərbi müstəvidə də sərhəd ərazilərimizdə mövqemizi daha da gücləndirməliyik.

- Kəlbəcər rayonu istiqamətində ermənilərin növbəti təxribatı oldu. Bu təxribatlara hansı şəkildə cavab verilməlidir? Üçüncü müharibə başlaya bilərmi?

- Düşünmürəm ki, üçüncü müharibə başlasın. Ermənistanın buna nə potensialı var, nə hərbi gücü var, nə də nizami ordusu var. Ermənistanın silahlı qüvvələrində müəyyən hərbi hissələr, hərbi dairələr var ki, onlar öz siyasi maraqları ilə çıxış edərək, Azərbaycanla Ermənistan arasında mümkün normallaşma prosesinə zərbə vurmaq üçün bu cür diversiya əməllərini həyata keçirirlər. Ermənistan tərəfindən kimin hansı məsələləri siyasi müstəvidə həyata keçirsə Azərbaycan qəti şəkildə öz sərhədlərinin pozulmasında ciddi müqavimət göstərməlidir. Göründüyü kimi, Azərbaycan tərəfinə keçən müəyyən elit qüvvələrin hərbiçiləridir. Onların əgər bu cür diversiya hərəkətləri olarsa, təbii ki, Azərbaycan silahla müqavimət göstərməlidir. Onları qəti şəkildə cəzalandırmalıdır ki, Ermənistan bir daha bu kimi əməllərə əl atmasın. Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq. Yalnız gələcək perspektivdə dövlətlərarası müəyyən barışıq ola bilər. Çünki ermənilərin Azərbaycana qarşı böyük nifrəti var.

- Erməni təxribatları davam edir. Bütün bunlar bölgədə sülhün pozulmasına hansısa şəkildə təsir göstərə bilərmi? Üçüncü sənədin imzalanması məsələsi artıq ortalıqdadır.

- Həmin sənəd sərhədlərin delimitasiya və demarkasiya prosesidir. Həmçinin növbəti nəqliyyat yollarının, təhlükəsizlik müstəvisində istifadəsindən gedir. Həmin sənəd ortalığa qoyulduğu zaman Nikol Paşinyan qeyd etdi ki, həmin sənədi imzalayacam. Görünür ki, Nikol Paşinyan Ermənistanı iqtisadi blokadadan çıxartmaq və 2018-ci ildə inqilabla hakimiyyətə gəldiyi islahatları həyata keçirmək istəyir. Nikol Paşinyan çox yaxşı bilir ki, onun demokratik adlandırdığı islahat paketi Azərbaycanla normallaşma əlaqələrindən gedir. Amma buna revanşist qüvvələr qarşı çıxır. 10 noyabr və 11 yanvar razılaşmalarının kuliminasiya nöqtəsi üçüncü sənədin imzalanmasıdır. Əgər üçüncü sənəd imzalansa 10 noyabr və 11 yanvar razılaşmalarından irəli gələn öhdəliklər yerinə yetiriləcək. Çünki sərhədlərin delimitasiya və demarkasiya prosesindən sonra təbii ki, nəqliyyat yollarının açılması, kommunikasiya əlaqələrinin yaranması Qarabağda erməni silahlı birləşmələrinin ləğvi, azərbaycanlıların işğaldan azad olunmuş ərazilərə köçürülməsi məsələləri var.

- Bu kimi təxribatlar davamlı şəkildə baş verir. Ümumiyyətlə onları təxribat törətməyə nə və ya kimlər vadar edir?

- Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı şəkildə davam etməkdədir. Təxribatların Ermənistanda seçki öncəsi baş verməsi təbii ki, Nikol Paşinyana müəyyən təzyiq vasitəsidir. Nikol Paşinyan da sənədlərin təxribatında da müəyyən rola malikdir. Çünki o da bununla bağlı erməni auditoriyasını ətrafında toparlaya bilir. Bu cür təxribatların davam etdirilməsi təbii ki, Rusiyanın da marağındadır. Bu məsələlərin kökündə həm Ermənistandakı revanşist qüvvələr maraqlıdır. Əsas məqsəd də Ermənistanda daxili, siyasi vəziyyəti gərginləşdirmək, Azərbaycanla normallaşma əlaqələrinə zərbə vurmaqdır. Buna görə də biz Ermənistandan seçki gününə kimi, hətta seçkidən sonra da Ermənistan tərəfindən təxribatların davam edəcəyini gözləməliyik. Görünür ki, bu ölkə ilə və bu toplumla Azərbaycanın hələ çox işləri var.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...