Rusiyalı politoloqdan Lavrovun bəyanatı ilə bağlı iddia ANALİTİK

Aleksandr Sıtin: “Ermənilər Rusiyaya arxalanaraq Qarabağın bir hissəsinin onlarda qalması üçün cəhdlərini davam edəcəklər”

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Promakov mütaliəsi” (“Примаковские чтения”) forumunda Qarabağın “statusu” barədə fikir bildirməsi Ermənistan KİV-lərini hərəkətə gətirib. Belə ki, Rusiya diplomatiyasının xarici işlər idarəsinin rəhbəri bildirib ki, Qarabağın statusunu ATƏT-in Minsk qrupunun iştirakı ilə razılaşdırmaq lazımdır, ancaq indi bunun üzərində aksent etməyə də ehtiyac yoxdur, əsas olaraq regionun dinc həyata qayıtması lazımdır.

Ermənistandan fərqli olaraq, bu sözlər Azərbaycanın ekspertlər dairəsində anlaşılmazlıq yaradıb.

II Qareginin və müxalifət lideri Vanetsyanın Laçın dəhlizindən buraxılmasını başqa necə adlandırmaq olar?

Axı kifayət qədər bəlli və aydındır ki, erməni tərəfi Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən imtina etdikdən sonra status məsələsi birdəfəlik bağlandı. Sonra isə zəfərlə müşahidə edilən Vətən müharibəsi başladı və Azərbaycan Qarabağda ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra da Azərbaycan Prezidenti dəfələrlə bəyan etdi ki, “status” məsələsi artıq yoxdur və olmayacaq.

Sözügedən forumda Rusiya XİN rəhbəri rusiyalı sülhməramlıların fəaliyyətlərinə də toxunub və qeyd edib ki, onlar öz mandatlarını icra edirlər və hər hansı nəhəng insident, ümumiyyətlə, yaşanmayıb. Ancaq buna baxmayaraq, o etiraf edib ki, kiçik hadisələr baş verir və onlar qısa zamanda aradan qaldırılırlar. Mümkündür ki, Sergey Lavrov burada bütün ermənilərin katolikosu II Qareginin Azərbaycanın ərazisinə, Qarabağa səfərini nəzərdə tutub və əlbəttə ki, həmin səfəri təxribatçı davranışdan başqa heç cür adlandırmaq mümkün deyil. Belə ki, rusiyalı sülhməramlıların nəzarətlərinə verilmiş Laçın dəhlizi vasitəsi ilə Qarabağa Ermənistan müxalifətinin liderlərindən olan Artur Vanetsyan da səfər edib, özü də seçki platforması ilə.

Rəsmi Bakı hansı addımlarını ata bilər?

Bütün bunlardan sonra Azərbaycanın Rusiya sülhməramlılarına göstərdiyi etimad istər-istəməz sual altına düşür və bu etimadın azalması isə postmüharibə dövrünə, xüsusilə regionun sabitliyinin möhkəmləndirilməsi maraqlarına dolğun cavablar vermir, əksinə, mənfi təsirlərini göstərir. O da məlumdur ki, üçtərəfli bəyanata əsasən, rəsmi Bakı birtərəfli qaydaya uyğun olaraq üzərlərinə düşən məsuliyyətlərini doğru-dürüst icra etməyən rus sülhməramlılarından imtina edə və ərazilərimizdən çıxarılması üçün qərar verə bilər.

SİA xəbər verir ki, sözügedən mövzu ilə bağlı rusdilli caliber analitik informasiya portalına açıqlama verən rusiyalı politoloq, tarix elmləri namizədi, Şimali və Şərqi Avropa ölkələri üzrə siyasi araşdırmalar mərkəzinin rəhbəri Aleksandr Sıtin şəxsi fikrinə əsaslanaraq hesab edir ki, Rusiya Federasiyası özünün sülhməramlı kontingenti ilə faktiki olaraq ermənilərin maraqlarına xidmət edir və erməni məsələsi sülhməramlılar tərəfindən dəstəklənir. “Ermənilər isə Rusiyaya arxalanaraq Qarabağın bir hissənin onlarda qalması üçün cəhdlərini davam edəcəklər”, deyə Aleksandr Sıtin bildirib. Beləliklə, o iddia edib ki, ermənilər Xankəndini özlərinə saxlamağa çalışırlar və Moskva onlara köməklik göstərir. Bütün bu kimi reallıqlar isə əlbəttə ki, düşüncələrə və yekun qənaətlərə gəlməyə kifayət qədər rəvac verir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə