İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı zərurətə çevrilib

17 may Beynəlxalq Telekommunikasiya və Rabitə, həmçinin, Ümumdünya İnformasiya Həmrəyliyi Günündür

Bu gün iyirmi birinci yüzillikdə bəşəriyyətin yeni inkişaf dövrünə qədəm qoyması yeni cəmiyyətin formalaşmasını da labüd edib. Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və yayılması zərurətə çevrilib. Belə bir dövrdə beynəlxalq aləm - 17 may tarixini Beynəlxalq Telekommunikasiya və Rabitə, həmçinin, Ümumdünya İnformasiya Həmrəyliyi Gününün elan olunması kimi qeyd edir. Beynəlxalq Telekommunikasiya və Rabitə Günü Beynəlxalq Elektroəlaqə İttifaqı İdarəedici Sovetinin 1969-cu il qərarı ilə təsis olunub. Ümumdünya İnformasiya Cəmiyyəti Günü isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 27 mart 2006-ci il tarixdə elan edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil.

1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün 17 May Ümumdünya İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Müstəqil dövlətimizdə zamanın və dövrün çağırışlarına uyğun olaraq Azərbaycanda informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir. Azərbaycanda bu sahənin əsasını Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində qoyub. Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi.

Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Daha sonra 21 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı imzaladı. Buna uyğun olaraq, ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. Beləliklə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN Xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərmək, "ASAN Xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. 2012-ci ildən başlayaraq, Bakının bir neçə rayonunda "ASAN Xidmət" mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Bu illər ərzində "ASAN Xidmət" bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub.

Cənab İlham Əliyevin vurğuladığı kimi beynəlxalq təşkilatlar "ASAN"ın fəaliyyətini yüksək qiymətləndirirlər: "BMT "ASAN"ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir". "ASAN xidmət" BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə "ASAN xidmət" modelindən faydalanmaq tövsiyə olunub. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. "ASAN xidmət" nümunəyə çevrilib. Sosial təminat sahəsində buna bənzr DOST mərkəzləri fəaliyyətə başlayıb. Dövlət başçısının vurğuladığı kimi. "ASAN xidmət" kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.Artıq vətəndaşlar bir sıra dövlət xidmətlərindən heç bir bürokratik əngəl, zaman, məkan problemi olmadan rahat şəkildə istifadə edə bilirlər. "Bir pəncərə" prinsipinə əsaslanan "Elektron Hökumət" portalının fəaliyyəti, "ASAN Xidmət" modeli ölkəmizin bu sahədə uğurla həyata keçirilən və vətəndaş məmnunluğuna hədəflənən layihələrdir."Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir. Bu strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə, növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaratmış oldu.Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzagörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir.

Yüksək texnologiyaların ölkəmizdə inkişafı "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanmasına zəmin yaradıb. Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu gün işğaldan azad edilmiş ərazilərdə də "smart-city", "smart-village" yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası qurulacaq. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz "Ağıllı kənd" ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq. Əlbəttə ki, bu layihənin məqsədi kəndlərdə əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə rahat çıxışı təmin etmək, eləcə də xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər arasındakı fərqi aradan qaldırmaqdır. Yüksək texnologiyalara əsaslanan "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi ən qabaqcıl texnologiyaların tətbiqidir. İlk "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndindən start götürmüş oldu.İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. İndi bu sahədə ölkəmizdə uğurlu işlər görülməkdədir. Bu gün ölkəmizdə də təhlükəsizlik məsələləri və eləcə də, internetin və informasiya cəmiyyətinin inkişafı diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə