"Xarıbülbül" musiqi festivalı Şuşa torpağından dünyaya səs saldı ŞƏRH

Prezident İlham Əliyev: "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu"

Yolumuzu həsrətlə gözləyən, dərddən torpağı cadar olmuş Şuşamız 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşamız böyük sevgi ilə hər kəsə qucaq açdı. Hər dəfə qəlbimizin dərinliklərində böyük həsrətlə baş qaldıran hissləri bu gün yaşaya biləcəyimiz Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidildi. İllərdir bayramlarımızı Şuşada, Cıdır düzündə qeyd edəcəyimizi arzuladığımız məkanda əbədi məşəlimizi yandırdıq. Toy-büsata, bayramlara susamış ocağımızda Novruz tonqalı yandırılır, Şuşa məscidində azan səsi eşidilir, bayram namazı qılınır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Şuşa yeni bir qaynar dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni bir həyatın başlanmasından xəbər verir. Bu müjdə hər tərəfə yayılır və bütün dünyamıza işıq salır. Şuşaya gedən yol aydın və işıqlı görünür.

"44 GÜNÜN HƏR BİR GÜNÜ QƏHRƏMANLIQ DASTANI İDİ"

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etdi. Təbiətin gözəl bir çağında hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bildiyimiz kimi, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət naziri ilə görüşündə Şuşada "Xarıbülbül" festivalının dirçəldilməsinin zəruriliyini xatırladaraq, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən yaradılmasının zəruriliyini qeyd etmişdir. Bu gün artıq musiqi sədaları Şuşa torpağından dünyaya səs saldı. Bunu dünya gördü və səsimizi eşitdi. Dünya gördü ki, Azərbaycan xalqı tarixi torpaqlarına qayıdıb. Festivalın açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev "Biz bu günü 30 il səbirsizliklə gözləmişik", deyə bildirib: "30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik". 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan tarixində qızıl hərflərlə həkk olundu. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Dövlət başçısı çıxışında "44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi", deyərək Azərbaycanın tam Qələbə qazandığını diqqətə çatdırıb: "44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik".

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

"ŞUŞANIN AZAD EDİLMƏSİ FAKTİKİ OLARAQ ERMƏNİSTAN ORDUSUNUN VƏ ERMƏNİSTAN DÖVLƏTİNİN ÇÖKMƏSİ DEMƏK İDİ"

"Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır", deyən Cənab Prezident vurğulayıb ki, Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi: "Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi". Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Artıq Azərbaycanın işğalda olan torpaqları azaddır və Qarabağ Azərbaycandır!!! Təbii ki, bu uğulu yolda necə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yollar ərənlik məktəbi olaraq öyrəniləcəkdir. Uzun fasilədən sonra bu il ilk dəfə olaraq "Xarıbülbül" musiqi festivalı keçirildi. Bu festival şəhidlərimizin əziz xatirəsinə həsr olundu. "Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq", deyən Cənab Prezident vurğulayıb ki, bu qələbənin qazanılmasında xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı: "Bu, bizim hamımızın qələbəsidir".

"ANCAQ ÇOXKONFESSİYALI, ÇOXMİLLƏTLİ ÖLKƏLƏRDƏ, CƏMİYYƏTLƏRDƏ İNKİŞAF OLUR, BİRLİK OLUR, MİLLİ HƏMRƏYLİK OLUR, SÜLH OLUR"

İndi Şuşa şəhəri yenidən ənənələrini bərpa edərək yeni dövrünü yaşayır. Şuşada qeyd etdiymiz kimi, "Xarı bülbül" festivalı keçirildi. Şuşanın rəmzi hesab olunan Xarı bülbül gülü üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertlərdə xalqımızın böyük, korifey sənətkarları çıxış ediblər. Ötən əsrin 80-ci illərinin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı da, məhz Xarıbülbülün adı ilə ifadə olunub. "Xarıbülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival may ayında, Şuşada Xarıbülbülün çiçəklənmə dövründə keçirilib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdir. "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", deyən dövlət başçısı builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etdiyin bildirib: "Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna Mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur". Mayın 12-də "Xarıbülbül" musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim edilməsi də təsadüfi deyildi.

Bu gün Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Əgər Azərbaycan ərazisində 2000-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək bu artıq tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur.

"GƏLƏN İL BİZ ŞUŞANIN 270 İLLİYİNİ QEYD EDƏCƏYİK"

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. "Şuşa Azərbaycan xalqının milli sərvətidir", deyən Cənab Prezident diqqətə çatdırıb ki, bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir: "Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...