"Bir millətin inkişafı onun təhsilindən, elmindən asılıdır" - MÜSAHİBƏ

SİA politoloq Anar Əliyevin müsahibəsini təqdim edir:

- Lavrovun Bakıya səfərində ilk olaraq hansı məqamlar müzakirə oluna bilər?

- Münaqişənin siyasi həllində Rusiyanın çox mühüm rolu olub. 10 noyabr bəyanatının kapitulyasiya sənədinin imzalanmasında da Rusiya mühüm rola sahibdir və Qafqazda iki dövlət arasındakı münasibətlərin tənzimlənməsi prosesinin postmüharibə dövrünün reallıqlarının idarəedici rolunda məhz Rusiya çıxış edib. İki cəmiyyət arasında açıq münaqişənin yaranmaması Rusiyanın maraqlarına xidmət edir. İkincisi, mənə elə gəlir ki, diversantların, terrorçuların qaytarılması, erməni cəmiyyətinin dünyaya qəbul etdirməyə çalışdığı kimi "hərbi əsirlərin" qaytarılması məsələsi ola bilər. Lavrovun səfəri ərəfəsində Azərbaycan Prezidentinin böyük humanistlik edərək, 3 diversantı qarşı tərəfə təhvil verməsi də buna bir siqnal idi. Bu gün artıq mövcud reallıqlar Azərbaycanın maraqlarını nəzərə almadan regionda hansısa addımların atılmasını istisna edir. Bu halda, Azərbaycan tərəfinin irəli sürdüyü ən mühüm şərtlərdən biri imzalanmış və Paşinyanın da imza atdığı bəndlərin icrası ilə bağlı ola bilər. Xüsusilə, 10 noyabr bəyanatının 4-cü bəndindən irəli gələn, yəni, hələ də Qarabağda dağıdılmış erməni ordusunun müəyyən qalıqlarının həmin ərazidən çıxarılması ilə bağlı məsələ bunu tələb edə bilər. Yenə 10 noyabr bəyanatının 9-cu bəndindən irəli gələn Azərbaycanın Naxçıvanla həm avtomobil yolunun, həm də dəmiryolu əlaqəsini nəzərdə tutan dəhlizin açılması ilə bağlı məsələlər var. Hansı ki, bu öhdəliyin yerinə yetirilməsinin nəzarət funksiyasını da Rusiya öhdəsinə götürüb. Bu məsələ qaldırıla bilər. Eyni zamanda 11 yanvar bəyanatından irəli gələn bir çox məsələlər iki ölkə arasında müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi və bunlarla bağlı addımlar atılmasıdır. Bu görüşdə ən əsas bugün dünya ictimaiyyətinin müəmmalı şəkildə susqunluq nümayiş etdirdiyi minalarla bağlı xəritənin təhvil verilməsi ola bilər. Müharibə bitib. Artıq, post-müharibə dövrünü yaşayarıq və iki ölkə arasında inteqrasiyadan danışırıq. Amma Ermənistan cəmiyyəti müharibə ritorikasını davam etdirir. Xəritələrin verilməməsi müharibənin davamıdır.

- Son vaxtlar Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı xəbərlər yayılır. Bu məlumatlar nə dərəcədə realdır?

- Lavrovun Yerəvana səfəri və orda hansısa bir mənasız soyqırımla bağlı ifadə işlətməsi Azərbaycan cəmiyyətində narahatlıqla qarşılanıb. İndiki halda Ermənistan cəmiyyəti və Qarabağdakı separatçıların tör-töküntüləri çox pis vəziyyətdədir. Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasəti həm Ermənistan cəmiyyətində, həm də separatçılar arasında çox ciddi təşvişə səbəb oldu. Azərbaycan Prezidenti 3 diversantı ermənilərə təhvil verməklə onlara jest etdi. Cənab Prezident bu addımı atmaqla Ermənistan cəmiyyətində gündəm yarada bildi. Bu onu göstərir ki, Ermənistandakı gündəmi Azərbaycan dövləti idarə edir.

- Rusiyanın Cənubi Qafqazdan çıxması üçün hansı hadisələr baş verməlidir?

- Razılaşmaya əsasən 10 noyabr bəyanatını Rusiya sülhməramlı qüvvələri Qarabağda ən azı 5 il ərzində mövcudluğunu qoruyub saxlayacaq. Bu iki cəmiyyət arasında etimad mühitinin formalaşmasında mühüm rol oynayır. Bunu danmaq olmaz. Rusiya sülhməramlı qüvvələri bəzən səlahiyyət çərçivələrini aşıb, özbaşına işlər görürlər. Amma ümumilikdə götürdükdə atəşkəsin əldə olunub qorunmasında sülhməramlı qüvvələrin mühüm rolu var və olacaq. Əksinə, biz çalışmalıyıq ki, sülhməramlı qüvvələr məhz özfəaliyyət çərçivəsində davranışlarını davam etdirsinlər. Razılaşmaya əsasən, 5 ildən sonra əgər tərəflərdən biri etiraz etsə bölgədən çıxacaqlar. Mən hesab edirəm ki, Rusiya tərəfi çalışacaq ki, Qarabağda daha artıq müddətə qalsın. Buna görə müxtəlif təxribatlara da əl ata bilərlər. Amma Azərbaycan dövlətinin gücü xüsusilə də, Türkiyə ilə birgə həyata keçirdiyi fəaliyyət nəticəsində Rusiya sərbəst şəkildə hərəkət etmək imkanında ola bilməz.

- Qaragin Nijdenin heykəlinin sökülməməsi ilə bağlı məsələ Azərbaycanda narazılığa səbəb oldu. Burada nə baş verir?

- Nijden 1918-1920-ci illərdə Azərbaycana qarşı böyük soyqırım törətmiş cinayətkardır. Saxta bir erməni dövlətini yaradıb və sovetlərə qarşı döyüşüb. O, çoxlu sayda günahsız insanların amansızlıqla öldürülməsinə səbəbkar olmuş biridir. Həmin şəxs sonradan ölkəni tərk edib İrana, ordan da Almaniyaya qaçıb və faşistlərin tərəfinə keçərək sovetlərə qarşı da döyüşüb. Sonra Sovet hakimiyyəti tərəfindən ələ keçirilib mühakimə olunub. Erməni şüuru, erməni ideologiyası məhz faşist ideologiyasıdır.

- 1992-ci ildən ötən dövr ərzində ilk dəfədir ki, 8 may Azərbaycan üçün başqa məna kəsb edir. Bu qələbə zəfəri ilə Şuşanın işğalını necə şərh etmək olar?

- Şuşanın işğalı o zaman bizim üçün bir matəm günü idi. 2020-ci ilin sonlarında Cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddətli dövrü əhatə edən mübarizə ilə biz tək ərazilərimizi qaytarmadıq, biz həm də şərəfimizi, ləyaqətimizi geri qaytardıq. Nəticədə, Azərbaycan ərazisinin bütövlüyü bərpa olundu.

- İşğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliklərinin hələ də şahidi oluruq.Tarixi abidələrimiz dağıdılıb. Bu yöndə Heydər Əliyev Fondunun gördüyü işləri necə dəyərləndirirsiz?

- Əslində işğalda olan torpaqlarımız hələ işğal dövründə olduğu müddətdə də Heydər Əliyev Fondu çox böyük quruculuq işləri ilə məşğul olurdu və Fondun həyata keçirdiyi çox böyük layihələr var idi. Bir millətin inkişafı onun təhsilindən, elmindən asılıdır. Eyni zamanda millətin gələcəyi tarixi ilə, keçmişi ilə bağlıdır.

- Müxtəlif seçki kompaniyasında siyasi qüvvələrin sərsəm çıxışları olur, bəziləri revanşist qüvvələrin hücumlarından danışır. Bəs, əslində nə baş verir?

- Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansları yoxdur. Ermənistan Azərbaycan cəmiyyəti tərəfindən çox tərs bir şillə alıb. Onlar artıq Qarabağın bir yük olduğunu dərk edirlər. Erməni cəmiyyəti gözəl dərk edir ki, revanşist təbliğat aparan şəxslərin nə özləri, nə də övladları müharibədə olmadılar. Hamısı qaçıb gizlənmişdilər. Ermənistanda seçki öncəsi çox gərgin bir proses baş verir. Çox ciddi şəkildə məğlub edilmiş bir cəmiyyət seçkilərə gedir. Ermənistan cəmiyyəti onu məğlubiyyətə aparan komandaya səs verməyə meyllidir. Paşinyanın nüfuzu da aşağı düşməyə başlayır. Paşinyan seçkilərə keçmiş müttəfiqləri ilə getmək istəyirdi. Amma bu alınmadı və hakim partiya təkbaşına seçkilərə getdi.

- İran Xarici İşlər naziri Cavad Zərifin çıxışlarına toxunaq. Qasım Süleymanla bağlı gizli məqamlar açdı. Niyə Cavad Zərif indiyədək susub?

- Bu gizli yolla yayılmış bir müsahibədən götürülmüş fikirlərdir və yayılmamalı idi. Təbii ki, İran kimi bir dövlətdə bu qədər yüksək bir postu tutan nazirin fikirləri yayılırsa, deməli, burda bir məqsəd var. İranda artıq seçkilər yaxınlaşır və bu seçkilərdə mühafizəkarlarla islahatçılar arasında gərginlik mövcuddur. İslahatçıların ən böyük nümayəndələrindən biri də Zərif hesab edilir və onun böyük şanslarının olduğu göstərilirdi. Belə bir fikrin yayılması islahatçılara zərbə kimi qiymətləndirilə bilər.

- ATƏT-in Minsk qrupu 30 il ərzində heç nəyə nail ola bilmədi. Bu barədə nə deyərdiniz?

- Deyilənlər məğlub edilmiş, regiondan qovulmuş bir tərəfin çabalarının ifadəsidir. Növbəti yalanın davamıdır. Artıq, tarixə qovuşmuş bir təşkilatın yenidən dirçəldilməsinə mənasız bir cəhddir. 30 ilə yaxın bu təşkilat heç bir fəaliyyətlə məşğul olmadı. Həmsədrlər özlərini vipturistlər kimi aparırdılar, ən bahalı otellərdə qalmaqla Azərbaycan dövlətinin hesabına qidalanmaq yemək - içmək düşünürdülər.

- Nəyə görə Erməni diversantlarının qaytarılması ilə bağlı Azərbaycana təzyiqlər edilir?

- Onların böyük hissəsi Erməni Diaspor təşkilatlarının təzyiqi və maliyyəsi ilə hərəkət edən şəxslərdir. Artıq, Azərbaycanla təzyiq yolu ilə danışmaq mümkün deyil və istənilən təzyiqə Azərbaycan cavab vermək gücündədir.

- Ermənistan mediasının iddiasına görə ABŞ prezidentinin qondarma erməni soyqırımını tanıması ilə bağlı qərarı Ermənistanda xoş qarşılanmayıb. Əslində nə baş verir?

- Ermənistan cəmiyyəti bu vəziyyətdən çıxmaq istəyirsə iki böyük qonşusu ilə münasibətləri bərpa etməli və Azərbaycana qarşı ərazi iddialarından da imtina etməlidir. Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurmalı, sərhədlər açmalı, hər iki dövlətin ərazi bütövlüyü tanınmalıdır.

- Baydenin bu qərarından sonra ABŞ dövlət katibi ölkə başçımıza zəng vurdu və Azərbaycan-ABŞ münasibətlərinin tam qaydasında olduğunu dilə gətirdi. Bu barədə nə deyərdiniz?

- Bu onu göstərir ki, Amerika dövlətinin maraqları regionda Azərbaycanla müttəfiqliyi tələb edir. Azərbaycan regionun aparıcı dövlətidir və bunu Amerika da, Amerika rəsmiləri də çox gözəl bilir. Telefon zəngi də onun çox bariz bir sübutudur.

- Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanda bir sıra açıqlamalarla çıxış etdi. Amma bu açıqlamalar Azərbaycan cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Ümumiyyətlə, bu mesajların əsas hədəfi nə idi? Lavrov bununla nəyi diqqətə çatdırmaq istəyirdi?

- Lavrovun Yerevana səfəri bir sıra mesajların çatdırılması ilə yadda qaldı. Xüsusilə, Azərbaycan cəmiyyəti üçün narahatlıqla qarşılanan saxta soyqırım abidəsinə baş çəkilməsi və soyqırım termininin işlədilməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hesab edirəm ki, bu terminin işlədilməsi elə də ciddi bir məsələ deyildi. Bildiyimiz kimi hələ 60-cı illərdə Türkiyə NATO-ya üzv qəbul edilərkən SSRİ bu saxta soyqırımı tanımışdı və 95-ci ildə də imperiya dağıldıqdan sonra Rusiya bu saxta soyqırımı qəbul etdi. Bu nə Qafqazdakı münasibətlərə, nə də Türkiyə-Rusiya münasibətlərinə ciddi təsir etmədi. Əksinə, bu erməni cəmiyyətini aldatmaq üçün mənasız bir termin kimi istifadə olundu. Erməni cəmiyyəti nağıllara, xəyallara inanan bir cəmiyyətdir və onları da növbəti bir nağılla həm Bayden, Amerika administrasiyası, həm də Rusiya tərəfi aldatdı. Xüsusilə, 2020-ci ilin sonlarında Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlar və bu reallıqlara Rusiyanın seyrçi münasibət göstərdiyi bir dövrdə erməni cəmiyyəti Rusiyadan uzaqlaşıb, Qərb yönümlü təsəvvürlər daha çox yer almağa başlayırdı. Post-müharibə dövründə proseslərin siyasiləşdirilməməsi çox ciddi bir mesaj idi. Bu xüsusilə erməni siyasi elitasına və revanşist qüvvələrə Rusiyanın sərt bir mövqeyidir. Artıq iki cəmiyyət arasında iqtisadi əlaqələr yaranmalıdır.

- Niyə bu səfər məhz İrəvandan başladı?

- Ermənistan dövləti artıq demək olar ki, dövlət atributlarının hamısını itirmək ərəfəsindədir və müstəqil bir dövlət kimi çıxış edə bilmir. Bu mənada, Lavrovun Ermənistana səfəri müstəqil bir dövlətə səfər kimi qiymətləndirilə bilməz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə