Lavrovun İrəvandakı cavabları hansı maraqlara xidmət edir? TƏHLİL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda olarkən onların "qondarma soyqırım" abidələrini ziyarət edib. Daha sonra həmkarları ilə birgə mətbuat konfransında olan Lavrov bir çox suallara cavab verərkən, həssas məqamlara toxunub. Nitqləri zamanı isə qərəzli və ya qeyri-peşəkar danışıqlara yol verən xarici işlər naziri Lavrov konfransdakı çıxışında bildirib ki, "minalanmış ərazinin təmizlənməsi və dini, mədəni irsin qorunması yolunda səylərimiz azalmayacaq". Onun nəzərdə tutduğu təmizlənəcək ərazi böyük ehtimalla rus əsgərlərinin ətrafında olan ərazidir. Belə ki, son günlərdə minaya düşən rus sülhməramlıları barədə də xəbər yayılmışdı. Nəticədə düşünmək olar ki, Rusiya tərəfi mina xəritəsini sülhməramlıların təhlükəsizliyi üçün əldə edə bilər. Sonrasında o xəritənin Azərbaycan tərəfinə gəlib çatması mücərrəd olaraq qalacaq. Onun nəzərdə tutduğu dini ‘’mədəni irsin mühafizəsi" ifadəsi isə anlaşılan deyil. Çünki, onsuz da biz Qarabağın bütün dini, mədəni irsini mühafizə və bərpa edirik. Azərbaycan tolerant və multikultural dəyərlərini eyni ilə Qarabağda da qorumaqdadır.

S. Lavrovun Zəngəzur barədə çıxışı isə onun təmsil etdiyi ölkəsinin də şahidi olduğu 10 noyabr sazişinə birbaşa ziddir. O deyib ki, belə bir kommunikasiyanın qurulmasında qarşılıqlı razılıq və fayda olmalıdır. Lavrov yaxşı bilir ki, erməni tərəfi bu müqaviləyə qol çəkib, Zəngəzur dəhlizi Ermənistanı da dünyaya çıxaracaq. Bütün bunlara rəğmən onun belə qərəzli və revanşist ermənilər şirnikləndirəcək cümlələri sadəcə şeytanlıqdır. Həm də bu cümlələr sönmüş münaqişə ocağına qığılcım sala bilər. Hansı ki, bu ocağı bir vaxtlar Rus dövlətinin sələfi qoymuşdur. Amma Lavrov unudur ki, biz öz vətən müharibəmizdə bu ocağı su ilə söndürməklə qalmamışıq. Biz bu ocağın küllərini havaya sovurmuşuq.

Bundan başqa ATƏT-in bölgədə varlığının zərurətini vurğulayan Lavrov, bunun əmin-amanlığa gətirib çıxaracağını vurğulayıb. Maraqlısı budur ki, illərdir sözünü bir yerə qoya bilməyən ATƏT bu fəaliyyəti necə həyata keçirəcək? Ehtimal edərək, deyə bilərik ki, bu qurumun ilk işi Xocavənddəki Njde heykəlini UNESCO irsinə salmaq olardı. Axı onlar bizdə qıcıq yarada biləcək işləri bir andaca həll edirlər, amma Qarabağdakı haqqımızı hələ illərlə ləngidə bilərdilər. Bütün bunları nəzərdən keçirərək qərar vermək olar ki, ATƏT-in buradakı varlığı heç də zəruri deyildir. Hətta bu məsələləri qəlizləşdirmək üçün düşünülmüş addım da ola bilər. Çünki məsələmizi öz gücümüz yolu ilə həll etmək onları bir növ alçaldır. Beləliklə onların varlıqları və mahiyyətləri bütün dünya tərəfindən sorğulanır.

Rus hökumətinin mövqeyi isə Lavrovun Bakıya gəlişindən sonra daha dəqiq məlum olacaqdır. Yalnız bundan sonra biz deyə bilərik ki, onun Irəvandakı çıxışları şəxsi qərəzlərə hesablanır, yoxsa bu rus hökumətinin birbaşa mövqeyidir. Eyni zamanda Azərbaycan tərəfi də öz mövqeyinin açıq-aşkar ortaya qoyub, onu "İsgəndər" raketi, mina xəritəsi barədə İrəvandakı danışıq barədə sorğulamalıdır. Digər tərəfdən Lavrov Şəhidlər Xiyabanını ziyarət etməli və bir vaxtlar həmvətənlərinin törətdikləri ilə yaxından tanış olmalıdır. Onun Hərbi Qənimətlər Parkına getməsi isə lap yerinə düşərdi. Belə ki, Lavrov orada vurulmuş erməni tanklarını görə bilərdi ki, məhz həmin tanklar Rusiya istehsalıdır. Bu sursatların Rusiya tərəfindən təmənnasız verilməsi isə bir çox məqamda aşkarlanmışdır. Lavrovu elə o parkdaca sorğulamaq lazımdır ki, siz niyə bu terroristləri və faşistləri silahlandırırsınız?

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə