Şuşa şəhərinin şöhrəti özünə qaytarılır

Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi

Qədim tarixi olan Şuşa tarixin müxtəlif dönəmlərində "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılmışdır. Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Mənbələrə istinadən deyə bilərik ki, Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr ifadə etmişlər. Belə ki, C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazırdı ki, Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Xalq əfsanəsinə görə, isə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar. Şuşada "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılırdı. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi.

Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət ayırırdı. Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.Ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin azad edilməsi müjdəsini verdi. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Qısa bir zamanda şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.Sərəncamda qeyd olunduğu kimi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə