“Qaregin Njdenin abidəsinin götürülməsi istiqamətində işlər görülür” MÜNASİBƏT

"Ermənistanın yürütdüyü siyasətin mərkəzində hər zaman faşizm, separatizm və terrorçuluq dayanıb. Qaregin Njdenin hələ də Xocavənddə abidəsinin ucaldılması, bir daha onların faşizm siyasətinə nə qədər önəm verdiklərini və dövlət siyasətinin tərkibinə daxil etdiklərini büruzə verir. Bu abidənin sökülməsində təkcə Azərbaycan tərəfi maraqlı olmamalıdır". Bunu millət vəkili Cavid Osmanlı SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsində Rusiya tərəfi də maraqlı olmalıdır: "Qarşıdan 9 may II Dünya Müharibəsindəki qələbə günü gəlir. Faşizm siyasətini yürüdən və o dövrdəki sovetlər birliyinə qarşı faşistlər tərəfindən vuruşan Qaregin Njdenin abidəsinin götürülməsində daha çox maraqlı Rusiya olmalıdır. Düşünürəm ki, Xocavənddəki Qaregin Njdenin abidəsinin götürülməsi istiqamətində yaxın gələcəkdə işlər görüləcək. Düzdür, mətbuatı izlədikdə erməni tərəf iddia edir ki, sözügedən abidə ordadır. Bu gün müəyyən dairələr də istəyir ki, o abidə götürülsün. KİV-lərdə də görünür ki, Rusiyada II Dünya Müharibəsinin veteranları, həm Rusiya müdafiə və xarici işlər nazirliklərinə abidənin oradan götürülməsi ilə bağlı müraciət ünvanlayıblar. Bir sözlə, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...