Azərbaycanda növbəti turizm infrastrukturu

Prezident İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoyub

Zəngin mədəniyyətə, qədim tarixə, yüksək qonaqpərvərliyə malik olan Azərbaycanda turizm sahəsinin inkişafı üçün böyük potensial mövcuddur. Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Həmçinin turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr gerçəkləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafında turizm sahəhəsinin böyük əhəmiyyət daşımısı ilə bağlı bildirmişdir: «Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var».

Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulması «Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması və yeni layihənin icrası deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb.

Təməlqoyma mərasimində bildirilib ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçəcəyik. Sərgi zalı və kafe də olacaq.

“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan «Torağay»a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır. Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur. Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan «Qılınc» və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Azərbaycan turizmin dünya standartlarına uyğun qurulması və inkişaf etdirilməsi siyasəti

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan 2023-cü ilə qədər 4 milyona yaxın turist qəbul etməyə hazırlaşır. Bu məqsədlə ölkəmizə ildə 10 faiz turist gəlişini artırmaq nəzərdə tutulub. Proqnoz ildən-ilə öz reallığı ilə rəğbət doğurur. Bunu xarici ölkələrin mərkəzi televiziya və radio verilişlərindən, bölgələrin həyatından bəhs edən telekanallardakı süjetlərdən, qəzet və jurnal materiallarından da bilmək mümkündür.

Rusiya Federasiyası, Türkiyə, Avstraliya, İtaliya və bir sıra ərəb ölkələrində Azərbaycanın coğrafi şəraiti, əsrarəngiz təbiət müxtəlifliyi, dünya standartlarına cavab verən bir-birindən yaraşıqlı istirahət mərkəzləri, gəzməli və görməli yerləri barədə maraqlı verilişlər təqdim olunur. Xüsusilə də, son illər Bakının evsahibliyi etdiyi sammitlərdə, konfrans və simpoziumlarda, digər beynəlxalq tədbirlərdə dövlət və siyasət adamları çıxışlarında ölkəmizin turzm uğurlarını yüksək dəyərləndirmişlər. Bütün bunların əsasında Prezident İlham Əliyevin ölkəmizdə turizmin dünya standartlarına uyğun qurulması və inkişaf etdirilməsi siyasəti dayanır. Dövlət başçısının rəhbərliyi altında respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında” qanun layihəsi, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Həmin strategiya uğurla həyata keçirildikcə Azərbaycanın bu sahədəki nailiyyətləri bütün dünyada qürurverici səslənir.

Azərbaycanda 2011-ci ilin "Turizm ili” elan edilməsi turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə öz töhfəsini vermişdir. 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AITF) keçirilməsinin ənənə halını alması ölkəmizdə turizmin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Hazırda Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalayıb. Həmin vaxtdan "ASAN viza” sistemi uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında da fərman imzalayıb. Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-amanlıq, yüksək səviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, viza sisteminin sadələşdirilməsi Azərbaycana gəlmək istəyən turistlərin ildən-ilə artmasını təşviq edir.

Hazırda Azərbaycanda turizm çox geniş imkanlara malikdir. İlk növbədə, təhlükəsizlik və sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. Müxtəlif iqlim tipləri var. Günün tələblərinə cavab verən infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, hotellər, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm və s. inkişaf edir. Məsələn, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ Müalicəvi Mərkəzinə turistlər gəlir. Qalaaltıya müalicəyə gəlirlər.

Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.

Palçıq vulkanları yerləşən əraziyə yeni avtomobil yolu

Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanır.

Prezident İlham Əliyev Azərbaycanın palçıq vulkanlarının sayına görə dünyada birinci yerdə olduğunu qeyd edərək, bundan turizm sahəsində istifadə olunmasının vacibliyini vurğulayıb. Bu məqsədlə palçıq vulkanları yerləşən ərazinin turizm potensialı nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən xüsusi turizm konsepsiyası hazırlanıb ki, AAYDA də artıq bu layihənin icrasında üzərinə düşən vəzifəsini yerinə yetirməyə başlayıb. Belə ki, Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.

Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

İşğal sonrası Qarabağ iqtisadiyyatı və turizmin inkişafı

Qeyd edək ki, 10 noyabrda Azərbaycanın tam Qələbəsi ilə başa çatan Vətən müharibəsi sonunda Qarabağda iqtisadi-mədəni inkişafın gələcək perspektivləri gündəmdəki yerini qoruyur. Ordumuzun möhtəşəm zəfərindən sonra Cənubi Qafqaz iqtisadiyyatının 60 faizinə malik olan Azərbaycan iqtisadiyyatının da Qarabağda nəyə nail olacağını bütün dünya maraqla gözləyir. 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağın azad edilməsi uğrunda aparılan 44 günlük müharibə təkcə bu regionda deyil, bütün dünyada çox geniş rezonans yaratdı. İndi hər yerdə düşmən hədəflərini gözündən vuran ağıllı silah-sursatların tətbiqindən tutmuş, Şuşanı əlbəyaxa döyüşlə işğalçılardan təmizləyən Azərbaycan əsgərinin igidliyindən danışılır. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasət, qazanılmış diplomatik uğurlar isə, sözün əsl mənasında, dünya liderlərinə bir dərs oldu. Beləcə, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm zəmin üzərində yaradılmış dövlət-xalq-ordu birliyi, nəhayət ki, öz ali məqsədinə – düşmənin torpaqlarımızdan qovulması hədəfinə çatdı. Artıq Azərbaycan qalib ölkədir. Artıq işğaldan azad olunmuş rayonlarda dövlətin vacib idarəetmə strukturlarının fəaliyyətinin bərpa edilməsi, Suqovuşandakı turizm və hidroehtiyatların istifadəyə cəlb olunması, bu ərazilərdə başladılan yol-infrastruktur çalışmaları, Xudafərin ərazisindəki su anbarlarının hidroenerji və meliorasiya məqsədilə istifadəsi məsələləri kimi sırf iqtisadi mahiyyətli tədbirlər kimi gündəmə gəlməkdədir. Həmçinin, Qarabağ iqtisadiyyatında turizmin yeri buranın təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə əlaqədardır. Buna görə də Qarabağın zəngin təbii ehtiyatlarının və xalqımıza məxsus milli-mədəni mirasının turizm dövriyyəsinə cəlb edilməsi qarşıdakı dövrdə görüləcək mühüm işlərdən biri olacaq. İşğal sonrası Qarabağda turizmin inkişafı, hər şeydən əvvəl, bu bölgənin iqtisadiyyatının dirçəldilməsi və ölkəmizin digər yerlərində məskunlaşmış yerli insanların öz torpaqlarına qayıdışı üçün mühüm faktorlardan biri olacaq. Bu gün artıq Şuşa şəhərinin və Xudafərin körpüsünün UNESCO-nun mədəni irs siyahısına salınması üçün işlərə başlanılıb. Bir sözlə, Qarabağın azadlığa qovuşması XXI əsrin ilk mühüm hadisəsi kimi tarixə keçdisə, bu torpaqda turizmin inkişafı da bu bölgədə hamının arzu etdiyi humanitar inkişaf üçün mühüm töhfə olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir. Yeni və müasir hotellər, dünya standartlarına uyğun yollar, bir sözlə, yaradılan infrastruktur Azərbaycanı daha da cəlbedici edib və edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...