Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

2021-ci ilin 13 aprel tarixində nazir Ceyhun Bayramov Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan Yancunun diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra hərtərəfli əməkdaşlığın uğurla davam etdiriləcəyindən əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniya ilə əlaqələrin inkişafının ölkəmiz üçün prioritet təşkil edən məsələlərdən biri olduğunu vurğulayıb.

Səfir Dan Yancu diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə baş verən bir sıra tarixi hadisələri xatırlayan səfir, hazırda Azərbaycan üçün yeni tarixi dönəmin başlandığını və bu xüsusda bütün bölgə üçün yeni imkanların açıldığını qeyd edib.

Nazir həyata keçirdiyi uğurlu fəaliyyətə görə səfirə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...