Ermənistandakı vəziyyətə münasibət bildirildi Avropa Birliyi tərəfindən

Avropa Birliyi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell, Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyanla telefon danışığında, ölkənin üzləşdiyi daxili vəziyyətin ciddiliyini vurğulayıb və eyni zamanda, siyasi böhrana gətirib çıxaran tərəfləri dialoqa çağırıb. SİA xəbər verir ki, bu barədə Avropa Birliyi xarici siyasət xidmətinin çərşənbə günü yayımladığı bəyanatda deyilir.
Sənəddə söhbətin 2 mart tarixində aparıldığı göstərilir.
"Son hadisələr barədə söhbətində Yüksək Nümayəndə, Ermənistanın bu anda qarşılaşdığı problemlərin ciddiliyini qeyd edib, bütün qüvvələrin ortaya çıxan siyasi fikir ayrılıqlarını dialoq yolu ilə və eyni zamanda prinsiplərə tam uyğun şəkildə həll etmələrinin vacibliyini dilə gətirib", deyə bəyanatda bildirilir.
Xatırladaq ki, baş nazir Nikol Paşinyanın Rusiyaya məxsus İskəndər raket kompleksi barədə düşünülməmiş ifadələrindən sonra İrəvanda növbəti siyasi böhran alovlanıb. Mətbuatda yer alan məlumatlara görə, Ermənistanın Baş Qərargah rəis müavini baş naziri onun dediyi sözlərə görə lağa qoyub, ardından baş qərargah rəisinin istefası təklif edilib. Cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə yaradıb, səlahiyyətlilərlə danışıqlar və baş nazirin istefasını tələb edir.
Diqqətə çatdıraq ki, bir qədər əvvəl, Ermənistan Xarici İşlər Nazirliyi, Ermənistan və Avropa Birliyi arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında razılaşmanın 1 mart tarixindən etibarən tam qüvvəyə mindiyini açıqlayıb. Bütün bunlarla yanaşı, göründüyü kimi, Avropa Birliyi də öz növbəsində bu işğalçı ölkənin üzləşdiyi daxili vəziyyətin ciddiliyini vurğulayıb, həmçinin tərəfiləri dialoqa çağırıb. Bu da ondan xəbər verir ki, Ermənistan XİN-in bu ölkə ilə AB arasında tərəfdaşlıq haqqında razılaşmasının 1 mart tarixindən etibarən tam qüvvəyə mindiyi açıqlamasına baxmayaraq, Avropa Birliyi də öz növbəsində tərəflərin razılığa gəlməsini yol olaraq göstərib ki, bu da diplomatik bir mesajdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...