Xocalı sakini dəhşət saçan anlardan danışdı İNANILMAZ FAKTLAR

“Xocalı soyqırımı hər birimizin sağalmayan və qaysaq bağlamayan bir yarasıdır. Bununla belə həmin soyqırım hər bir xocalının heç vaxt yaddan çıxarmayacağı faciədir. Çünki hər birimiz Xocalıda itki vermişik və ev-eşiyimizdən, yurdumuzdan didərgin düşmüşük”. Bunu SİA-ya açıqlamasında Xocalı sakini Səriyyə Cəfərova deyib.

Onun sözlərinə görə, bu gün faciədə ölən xocalıların çoxunun ağlamağa məzarları belə yoxdur: “Soyuq məzar daşından təssəlli tapa bilməyənlər də var. Aradan 29 il keçməsinə baxmayaraq hələ də bu mövzu yetəri qədər işıqlandırılmayıb. Düzdür, “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər xeyli sayda ölkələrdə - Meksikada, Peruda, Latviyada, Çexiyada, 52 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Bosniya-Hersoqovinada və. s yayımlanıb və tanıdılıb. Lakin biz bunda sonra da Xocalıda törədilən cinayətlərin təbliğatı ilə bağlı daha çox işlər görməliyik.

Xatırladım ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayı erməni birləşmələri ilə birgə Xocalıda görülməmiş vəhşiliklər törətdilər. Xocalı soyqırımı dünyada tanınmalıdır, eyni zamanda da biz bu məsələni beynəlxalq məhkəmələrdə qaldırmalıyıq. Hələ də bu məsələ aktuallığını qoruyub saxlıyır. Qeyd edim ki, 1995-ci ildə serblərin Bosniyada törətdikləri soyqırımı o zamanlar bosniyalılar tanıda bildilər və serblərə cəza da verildi. Amma böyük dövlətlər Xocalı soyqırımını öz maraqlarına görə tanımaq istəmirlər. Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə kimi dövlətlər maraqlarına görə çıxış edirlər. Bilirsiniz ki, Fransada erməni lobbisi güclüdür və onlar senatlara, parlamentə daha çox təzyiq göstərirlər. Fransada erməniləri təmsil edən senatlar da çoxdur. Mən bir çox ölkələrdə Xocalını tanıtmağa çalışmışam. Beynəlxalq konfranslara qatılmışam, müxtəlif aksiyalar təşkil etmişəm və məqsədim “Xocalıya Ədalət” beynəlxalq təşviqat kampaniyasına dəstək olmaqdır”.

“Biz xocalı soyqırımını dünyada tanıtmalı və ermənilərə təzminat ödətməliyik. Necə ki, ermənilər bu günlərdə Türkiyədən təzminat istəyir. Xocalıda bir gecənin içində dinc əhalinin viran qoyulması təsdiq olunsun və ermənilərdən təzminat tələb edilsin. Bunlar yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməlidir.

Xocalı soyqırımını törədəndə məqsədləri yalnız bu olub ki, insanların gözünü qorxutsunlar. Amma mən onların içində yaşamışam, onlar elə də güclü deyillər. Onlara nə xalq, nə də millət demək olar. Sadəcə toplumdurlar. Ermənilərin özləri də bilirlər ki, vətənləri yoxdur. Türkmənçay sülh müqaviləsindən sonra ermənilər Xankəndində gəlib yerləşdilər. Orada erməni yox idi, sonradan ermənilərin axını başladı. Beləcə 1923-cü ildə də qondarma rejim yaratdılar. Xocalı yeddi min türkün yaşadığı bir məkan idi. Təssüflər olsun ki, Xocalıya rayon statusu vermədilər əksinə az sayda əhalisi olan Əsgərana verdilər. Bizim əsas bəlamız məhz Əsgərana rayon statusu verilməsi ilə başladı. Əgər Xocalıya rayon statusu verilsəydi, biz bəlkə də soyqırıma məruz qalmazdıq”-deyə, S.Cəfərova bildirib.

Xocalı sakini deyib ki, bu gün sevindirici haldır ki, 2020-ci ilin 27 sentyabrında Ermənistanın təxribatçı əməllərinə qarşı Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində 44 günlük müharibədə torpaqlarımız işğaldan azad olundu: “Ermənilər rusiya sülhməramlılarının köməyi ilə qondarma rejimin yaranmasının 33 illiyini keçirməyə nail oldular. Amma bu erməniləri ruhlandırmasın. 44 günlük savaşda Ali Baş Komandan və müzəffər ordumuz işğalçılara gücünü göstərdi. Yağı düşmən anlamalıdır ki, Azərbaycan dövlətinin və xalqının əzmini qırmaq olmaz”.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə