Azərbaycan beynəlxalq təşkilatların yaxın tərəfdaşına çevrilib - TƏHLİL

Mövcud reallıq və faktlar ondan ibarətdir ki, ölkəmiz müstəqil dövlət olaraq bir sıra beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinə malikdir. Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində mühüm uğurlar əldə edilməsinin nəticəsi olaraq Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, GUAM-ın üzvüdür. Eyni zamanda, Azərbaycan NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq edir. Azərbaycan dövlətinin ciddi, əsaslı siyasəti, ölkədaxili iqtisadi inkişafı ilə bu nufuzlu təşkilatlarında ən etibarlı, yüksək inam bəslənilən dövlət imici qazanıb. Bu da dünyanın demokratik, aparıcı dövlətləti ilə yeni əməkdaşlıq münasibətləri yaradıb. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın bu quruma üzv seçilməsi ölkəmizin əldə etdiyi ən mühüm nailiyyətlərindən biridir. Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə isə 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi olmuşdur.

Beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan, Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm töhfələr verən qlobal əhəmiyyətli tədbirlər keçirlib. Koronavirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının videokonfrans formatında toplantısı keçirilib. Eyni zamanda, dünya ölkələrinin pandemiya ilə mübarizədə fəaliyyətlərinin artırılması məqsədi ilə bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransı keçirilib.

Türk dünyası ilə əlaqələr yeni mərhələyə qədəm qoyur

Qeyd etmək lazımdır ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyada ən fəal və sərt qabaqlayıcı tədbirlər görən dövlətlərdəndir. Pandemiyaya qarşı ölkədaxili tədbirlərlə yanaşı, Azərbaycan dövləti dünyanın 30-a yaxın dövlətinə maliyyə yardımları göstərib. Ümumdünya Səhiyyə Təşkilatına isə Azərbaycan dövləti 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərib. Məhz bu kimi xeyirxah və hümanist addımlarına görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları ünvanlayıb. Bütün bunlar ölkəmizə çox mühüm diplomatik uğurlar gətirməklə yanaşı, beynəlxalq müstəvidə nüfuzunun və müsbət yöndə imicinin artmasına xüsusi imkanlar yaradır. Təbii ki, səbəbsiz deyil ki, Azərbaycan ordusunun sentyabrın 27-dən erməni terrorçularına qarşı Qarabağda uğurlu hərbi əməliyyatlar apardığı zaman İslam Konfransı Təşkilatının, Qoşulmama Hərəkatının, Türk Şurasının, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin irəli sürdükləri separatçı layihəyə qeyri-daimi üzvlərin sərt münasibət bildirmələri və ayrı-ayrı ölkələrin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etmələri ölkəmizin dünyada böyük nüfuza malik olması ilə bağlıdır. Dövlətimizin uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri, strateji müttəfiqliyi, beynəlxalq təşkilatlarda, diaspor fəaliyyətlərində eyni maraqlardan çıxış edilmələri dünya xalqları və dövlətləri üçün həsəd aparılan, paxıllıq hissi yaradan məsələyə çevrilib. Sentyabrın 27-dən Qarabağda aparılan uğurlu təmizləmə əməliyyatlarında Türkiyə hakimiyyəti və xalqı Azərbaycan dövlətinə, ordusuna ən yüksək səviyyədə mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Bununla yanaşı, Ermənistan üzərində parlaq qələbə münasibəti ilə dekabrın 10-da Bakıda keçirilən Qələbə Paradında Türkiyənin hökumət və dövlət rəhbərləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Türkiyə Silahlı Qüvvələrinin mehmetçiklərinin Qələbə Paradında sıra keçidində iştirak etmələri bütün Türk dünyasına qürurverici anlar yaşatdı. Bu nümunəvi dəstək Ulu Öndər Heydər Əliyevin Türkiyə- Azərbaycan qardaşlığı barədə dediyi "bir millət iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi fikirlərinin ruhuna tam uyğundur. Məhz buna görə də, türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutması uğrunda müasir dövrün türk liderləri olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük xidmət göstərməkdədirlər. Hər iki ölkənin liderləri təkcə Türk Şurasının Zirvə Görüşlərində, Türk PA-da TÜRKSOY-da deyil, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli addımlar atır, qərarlar verirlər. İki dost, qardaş ölkə arasında iqtisadi-ticarət əlaqələri də, hər il artmaqdadır. Hazırda Türkdilli dövlətlər arasında Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard dollar təşkil edir.

Azərbaycan-BMT birgə layihələri icra edilir

Azərbaycan dövləti BMT-nin UNESKO, UNİCEF və digər təşkilatlarla genişmiqyaslı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr çərçivəsində Azərbaycan-BMT birgə layihələri icra edilib və bu layihələrin həyata keçirilməsi demokratik institutlarının inkişafına mühüm töhfələr verib. Azərbaycan ATƏT-lə də geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr daha çox seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr, Azərbaycanın Ermənistanın yumruqla başını əzib Qarabağı azad etdikdən sonra tarixin arxivinə atılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasının həyata keçirilməsi məsələləridir. Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlığı da yüksək səviyyədə, hər iki tərəfin maraqlarına uyğun həyata keçirilir. Dəfələrlə AŞ PA-nın Azərbaycanda toplantıları keçirilib və toplantılarda Avropa ailəsi üçün önəmli olan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Azərbaycan hərbi təşkilat olan NATO ilə əlaqələri də arzuolunan səviyyədədir. Ölkəmizin bu qurumun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulması ilə, Avro-Atlantika Tərəfdaşlıq Şurasında mühüm mövqeyə malik olub.

Bu gün ölkəmizin Avropa İttifaqı ilə münasibətlər, əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Bu mötəbər qurumla Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycanın xüsusi önəm verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”. Birmənalı şəkildə demək olar ki, Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Bunu qurumun rəhbərləri də çıxışlarında vurğulayıblar və Azərbaycanın Avropanın enerji təchizatında önəmli rol oynadığını qeyd ediblər. Uzunluğu 3500 kilometr olan "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması ilə Xəzər regionundan qaz təchizatının Avropa bazarlarına birləşdirməsinə nail olunur. Eyni zamanda, Azərbaycan qurumun 23 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, 14 üzv ölkə ilə isə Hökumətlərarası Komissiyanın yaradılması haqqında saziş imzalanıb.

Bir sözlə, Azərbaycan dövləti düşünülmüş uğurlu siyasət həyata keçirilməklə nüfuzli beynəlxalq təşkilatların və dünya dövlətlərinin maraqlı və yaxın tərəfdaşına çevrilib. Bu isə, ölkəmizə olan inam və etibarı daha da möhkəmləndirir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə