"Qarabağın dirçəlişi və Şuşaya yeni həyatın bəxş edilməsi..."

Əli Hüseynli,

Milli Məclisin deputatı

Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrundakı Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən sonra dövlətimiz qarşısında duran ən ümdə məsələlərdən biri bu əraziləri tez bir zamanda hərtərəfli bərpa etmək və məcburi köçkünlərin öz dogma yurd-yuvalarına təhlükəsiz qayıdışını təmin etməkdən ibarətdir. Azad edilmiş ərazilərin ölkənin sabit inkişaf edən sosial-iqtisadi sisteminə inteqrasiyası da əsas hədəflərimizdən biridir.

Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cəlbedici bir məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir.

Bu il yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzalalanmış Prezident fərmanında qeyd edilir ki, Azərbaycan xalqı Qarabağdakı ərazilərini böyük Zəfərlə 30 illik işğaldan azad edərək, öz tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. Təxminən bir qərinəlik dövr ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi ölkənin siyasi-iqtisadi qüdrətinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Bu günlərdə dövlətimizin başçısı cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfərləri, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi artıq burada yeni həyatın başlandığının müjdəsidir.

Noyabrın 10-dan üzübəri həmin bölgələrdə Azərbaycan dövləti adından suveren hakimiyyətin bütün funksiyalarını həyata keçirən orqan və strukturların yaradılması, Qarabağın bərpası ilə bağlı 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 2,2 mlrd. manat məqsədli vəsaitlin ayrılması və bir çox digər məsələlər bu qəbildəndir. Şuşaya bu il istifadəyə verilməsi nəzərdə tutulan müasir standartlara uyğun yeni yolun çəkilişi, Füzuli rayonu ərazisində yeni beynəlxalq aeroportun tikintisi ilə bağlı qərar gələcəkdə bu bölgədə, xüsusilə Şuşada turizm üçün geniş imkanların açılması baxımından çox önəmlidir.

İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2021-ci il tarixli Fərmanı isə ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin və siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Şuşa şəhərinin Azərbaycan üçün tarixi, siyasi strateji və mənəvi əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.

Qarabağa və xüsusilə onun incisi sayılan Şuşa şəhərinə belə dogma münasibət ilk növbədə bu torpaqların tarixən azərbaycan xalqının qeyrət və qürur rəmzi kimi qan yaddaşına həkk olunması ilə bağlıdır. Saxtakar erməni tarixçilərinin və ideoloqlarının iddialarını puça çıxaran tarixi faktlar bu ərazinin əzəli Azərbaycanın torpaqları olduğunu sübut edir. Məlum olduğu kimi, dövlətçilik tariximizdə özünəməxsus yeri olan Qarabağ xanlığının əsası 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan tərəfindən qoyulmuş və cəmi 4 il sonra möhtəşəm, alınmaz Şuşa qalası inşa edilmişdir. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən xanlığın sərhədləri o dövrdə Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə xanlığın Rusiya imperiyasının tərkibinə keçməsinə baxmayaraq bu torpaqlar Azərbaycan xalqınin milli-mənəvi dəyərləri baxımından öz əhəmiyyətini hər zaman saxlamışdır. Sonralar, Sovetlər Birliyi dönəminin müxtəlif mərhələlərində ərazilərin itirilməsi və Ermənistan tərəfindən bu torpaqların işğalı Azərbaycan tarixinin qara səhifələri kimi yadda qalmışdır.

1923-cü ildə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına münasibətini bildirərkən Ulu öndər Heydər Əliyev böyük cəsarət nümunəsi göstərərək bunu Azərbaycan dövlətinin ərazi bütövlüyü üçün böyük təhlükə adlandırmışdı. Ona görə də o, respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu ötən əsrin 60-cı illərində və Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərində ermənilərin dəfələrlə qaldırdıqları ərazi iddialarının qarşısının alınmasına ciddi və aşılmaz sədd çəkməyə nail olmuşdu.

Ölkəmizə rəhbərlik etdiyi o dönəmdə Heydər Əliyev Qarabağın siyasi və strateji əhəmiyyətinə xüsusi önəm verdiyi üçün bu bölgəyə çox böyük diqqət göstərmiş və onun Azərbaycana daha möhkəm bağlılığını təmin etmək üçün misilsiz işlər görmüşdür. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın tarixi keçmişini yaxşı bilən ümummilli lider onun inkişafına çox böyük qayğı göstərirdi. O, Şuşanın kurort şəhərinə çevrilməsi üçün qərarlar qəbul etmiş, genişmiqyaslı quruculuq işlərinə təkan vermişdi. 1982-ci il yanvarın 14-də ümummilli liderin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılması respublika rəhbərinin milli ədəbiyyata,tarixə, etnik mənsubiyyətə böyük marağının təzahürü idi. Ulu öndərin 29 iyul 1982-ci il tarixdə yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat xadimlərini, ailəsini ilə bərabər hər bir şuşalının yaddaşına əziz xatirə kimi yazılmış poeziya bayramına qatılması, Xurşudbanu Natəvanın abidəsinin açılışında iştirak etməsi, onun Qarabağa olan xüsusi diqqətinin təzahürü idi.

Bu baxımdan dahi azərbaycan şairi Vaqifin məqbərəsinin bərpası, artıq bu il onun poeziya günlərinin keçirilməsi, “Xarı bulbul” festivalının təşkil edilməsi ilə bağlı ölkə Prezidentinin göstərişləri Heydər Əliyevin qoyduğu həmin ənənələrin yeni keyfiyyətdə davamı kimi dəyərləndirilməlidir.

Ərazilərin bərpası ilə bağlı bu gün həyata keçirilən fəaliyyət dağlıq və düzən Qarabağ bölgələrinə yönəlik dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə irəli sürülən taleyüklü tarixi təşəbbüslər təsdiqləyir ki, dövlətimiz azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursuna malikdir.

Ona görə də, əminəm ki, bu istiqamətdə göstərilən birgə səylərlə Prezidentin bərpa siyasətinin uğurlu nəticələri milli birliyimizin daha bir təcəssümünə çevriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...