Müəmmalar və havada qalan Ermənistan TƏHLİL

Qondarma rejimin Müdafiə Ordusu deyilən əldəqayırma qurum Ermənistandan olan çağırışçılarla təchiz ediləcəyi qənaətində olmasına baxmayaraq, bu cəfəngiyyatın reallıqla əlaqəsi olmadığı hər məqamda öz təsdiqini tapır. İndi erməni cəmiyyəti bu məsələni qeyri-müəyyən, yaxud müəmmalı adlandırır, amma, ilk növbədə nəzərə alsaq ki, nə Ermənistanda yetərincə hərbi personal qalıb, nə də çağırışçılar Qarabağa getmək fikrində deyil, deməli, ermənilər bu məsələni sonadək müəmma olaraq qəbul etməyə, təskinlik tapmağa çalışacaqlar və bundan başqa yolları da yoxdur.

Ermənistana məxsus mətbuat səhifələri, eləcə də sosial şəbəkələrin erməni seqmenti yazır ki, çağırışçılarla təmin olunma məsələsi sual olaraq havada qalıb. Təbii ki, qalmalıdır və necə sual olaraq qalmaya bilər axı? Hansı səlahiyyət sahibidir Ermənistan hakimiyyəti və kim Nikol Paşinyanın kitabını oxuyur, kim onun rəhbərlik etdiyi hakimiyyətin fikirlərinə, qərarlarına məhəl qoyur? Məhz bu səbəbdən də bu günə qədər İrəvandakı hərbi-siyasi rəhbərlik buna aydın cavab vermir və heç vermək imkanına da sahib deyil. Səbəb budur ki, hazırkı Ermənistan hökuməti, əslində, artıq heç bir məsələnin, hansısa problemin həllində iştirak etmir və boynunu burub hansısa məsələ ilə bağlı Moskvanın qərarlarını gözləyir. Heç şübhəsiz ki, Kreml də hansı havanı çalsa, ona oynanılır və rəsmi İrəvanın buna qarşı çıxacaq həddi belə yoxdur.

Böyük qardaş saydıqları rusların, Rusiya hökumətinin bir qədər əvvəl əleyhinə mövqe sərgiləyən ermənilər indi onların əlinə baxmaq məcburiyyətindədirlər. Çünki, Ermənistanın bir dövlət olaraq uçurumun kənarında olduğunu son vətəndaşına qədər hər bir erməni başa düşür və tarix boyu olduğu kimi, dizləri yerə dəyən ermənilərin ayağa qalxmasının bilavasitə ruslardan, Rusiya hökumətindən asılı olmasına alternativ fikir belə cəfəngiyyat olaraq qəbul edilir.

Nəzərə alsaq ki, ermənilərin probleminin durmadan artması bu ölkə hakimiyyətinin gözünün belə açılmasına imkan vermir. Onsuz da yığılıb qalan sosial problemlər, yoxsulluq problemi, səfalət yetərincədir bu ölkədə və kimliyindən asılı olmayaraq, Ermənistanı bu vəziyyətdən dərhal çıxaracaq sehirli qüvvə yoxdur. Nə Paşinyanın sehrli çubuğu yoxdur, nə də ona müxalifətdə olan qüvvələrin baş nazir postuna irəli sürdüyü Vazgen Manukyanın. İşğalçı ölkənin vəziyyətdən çıxması üçün iqtisadi islahatlar istiqamətində köklü dəyişikliklər və ən əsası da zaman tələb olunur. Çünki, qeyd olunduğu kimi ermənilərin yaşadığı problemlərdən dərhal azad olunması bir anın işi deyil.

Bu qədər açınacaqlı durumda olan bir ölkənin qondarma rejim üçün hərbi qüvvələr, barədə düşünməsi, iddilı olması özü də bir problemdir bu cəmiyyət üçün. Bu barədə ziddiyyətlərin olması isə öz növbəsində yeni problemlər deməkdir. Nəzərə alsaq ki, ermənilərin hətta öz aralarında belə ziddiyyətləri yetərincədir və üstəlik bu ziddiyyətlər də əlavə olunursa, deməli, problem üstünə problem əlavə olunur.

İzah edilməsi, daha doğrusu, çıxış yolu tələb olunan bir çıxılmaz vəziyyət yaranıb Ermənistanda. Bir qrup iddia edir ki, Moskva razılaşarsa, qısa müddətdə qondarma Qarabağ ordusunu sıfırdan qurmalıdırlar. Hətta qeyd olunur ki, ən azından bir qrup yığılmalı, təchiz edilməlidir və guya bütün müdafiə sistemi yenidən nəzərdən keçirilməlidir. Dərhal suallar yaranır və bu sualların cavablandırılmasına da ehtiyac duyulur. Əvvəla, hansı vəsaitlərlə, hansı hərbi texnika, hansı silah-sursatla və ən azından hansı personalla bütün bunlar qurulur? Çünki, bu işlər böyük xərclər və ən əsası hərbi və siyasi risklərlə əlaqəlidir. Amma, Ermənistan bir dövlət olaraq sürünür və tamamilə tükənmiş durumdadır və bu durumda hansı imkanlara malik ola bilər? Bir sözlə, bu ölkənin imkanları qeyd olunan məqamlarla əlaqədar hərhansı bir addım atmağa belə imkan vermir.

Digər bir məqam da ondan ibarətdir ki, Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinin Ermənistandan çağırılanların Qarabağda xidmət etməsini istəməyən cəmiyyətin əhəmiyyətli hissəsinin güclü təzyiqinə məruz qaldığı da heç kimə sirr deyil. Artıq erməni cəmiyyəti etiraz aksiyaları keçirir və açıq-aşkar bəyan edir ki, övladlarını Dağlıq Qarabağa nəinki döyüşməyə, heç hərbi xidmətə belə cəlb olunmasına etiraz edir və razı deyillər. Erməni çağırışçıların valideyinləri çəkinmədən bəyan edirlər ki, öz övladlarını Qarabağa xidmətə buraxmayacaqlar. Yaxşı, belə olan halda, Ermənistan qondarma rejimin hərbi potensialını hansı şəkildə təmin edə bilər? Hər halda, ən azından əsgərlə təmin etmək kimi bir iş qarşıda durur ki, buna belə Ermənistanın imkanı yoxdur.

Üstəlik, 9 Noyabr razılaşmasının nəticələrinə görə, Ermənistan-Azərbaycan sərhədinin uzunluğu yüzlərlə kilometr artıb və Ermənistanın Qarabağdakı qoşunlarının mövcudluğu, yaxud əlavə insan resursları ilə, yaxud hərbi texnika ilə "təchiz edilməsi" ermənilərin öz aləmində belə elə problem olaraq qalır. Vəziyyət, gördüyü kimi, kifayət qədər qarışıqdır və göz önündə olan qeyri-müəyyənliyə görə, bölgədəki yeni reallıqlar nəticəsində yaranan bir çox problemin həll olunması özü reallıqdan uzaqdır. İroniya bundan ibarətdir ki, rəsmi İrəvan faydaları olub-olmamasından asılı olmayaraq bu məsələlərdə səssizcə başqalarının qərarlarını vermək məcburiyyətindədir və subyektivliyi əhəmiyyətli dərəcədə itirilmişdir. Belə olan halda isə hansısa cəfəng fikirlər, iddialar, planlar haqqında danışılması çox gülünc səslənir.

Bu gedişlə, bu iddialarla Ermənistan üçün perspektivdə yaxşı heç nə vəd oluna bilməz. Ermənistan öz işğalçılıq siyasəti, ələlxüsus son illərdə müharibə, quldurluq və terrordan başqa bir şey etmədiyi göz önündədir və bu da həmin ölkənin digər ölkələrlə qonşuluqda yaşamasını belə çətin durumda qoyur. Heç bir qonşu dövlətlə, bir növ yola gəlməyən Ermənistan sanki havada qalıb və boşluq içərisindədir. Yəni, işğalçı ölkə tamamilə asılı vəziyyətdədir, özü də boşluqdan asılıb. Bu boşluğun isə heç şübhəsiz ki, bəzi qüvvələrin beyinlərinə təsir etdiyi qənaətinə gəlməkdə hər kəs haqlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə