"Münaqişədə Azərbaycan haqlı tərəf idi" ÖZƏL-MÜNASİBƏT

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş 10 noyabr Birgə Bəyanatın imzalanmasından düz iki ay sonra baş tutdu. Görüşün nəticəsi olaraq da yeni bir sənəd imzalandı". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputatın sözlərinə görə, sənədin imzalanmasına kimi olan reallıqlara diqqət yetirsək görərik ki, Azərbaycan öz siyasi qələbələrini davamlı etdi: "Xatırlatmaq istərdim ki, 2020-ci ilin yekunlarına dair müşavirədə cənab Prezident bir sıra vacib məqamlara toxundu. O, artıq post-münaqişə vəziyyətində cərəyan edən proseslərə də diqqət çəkdi və sülhməramlılarla bağlı bəzi narahatedici məqamları səsləndirdi. Qeyd etdi ki, bir çox hallarda sülhməramlılar imzalanmış Birgə Bəyanatda ifadə olunmayan formada da fəaliyyət göstərirlər. Bu, görüş öncəsi səsləndirilən fikirlər idi və təsadüfi xarakter daşımırdı. Hesab edirəm ki, dövlət başçısı bununla müəyyən bir mesajlar da ötürmüş oldu. Cənab Prezident həmçinin vurğuladı ki, Azərbaycan bu fəaliyyət növlərinə də imkan verir ona görə ki, hümanizm prinsiplərinə söykənir. Təbii ki, Azərbaycanın başlıca məqsədi ondan ibarətdir ki, Birgə Bəyanatın şərtlərinə dəqiqliklə əməl olunsun. Ona görə ki, bu Bəyanatın şərtləri Azərbaycanın diqtəsi ilə ifadə olunub. Çünki 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan hərbi qüdrətini nümayiş etdirdi və özünün güc mövqeyini formalaşdırdı. Təbii ki, dövlətin güc mövqeyi formalaşdıqdan sonra danışıqlar masası arxasında da o öz şərtlərini diqtə edəcək.

Münaqişə vəziyyətində Azərbaycan haqlı tərəf idi. Dünya ictimaiyyəti də artıq bunu qəbul etməkdədir. Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi və Azərbaycana qarşı təcavüzkar addımlara getdi. Son dövrlərdə isə hərbi təxribatlarını daha da intensivləşdirdi. Bizim sona qədər nail olmaq istədiyimiz başlıca hədəf ondan ibarət idi ki, ən azından beynəlxalq səviyyədə münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgilənsin. ATƏT-in Minsk Qrupunun münaqişənin tənzimlənməsi istiqamətində fəaliyyətinin səmərəsizliyini şərtləndirən əsas məqam məhz ondan ibarət oldu ki, bu qurum münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgiləmədi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə