"MEDİA-nın qurulması vaxtında atılmış addımdır" ÖZƏL-ŞƏRH

Əlbəttə ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi media sahəsində də köklü islahatlara ehtiyac var. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi vurğulayıb ki, biz hətta son illərdə bununla bağlı, şəxsən mən də daxil olmaqla, həmkarlarımızla birlikdə ciddi çağırışlar eləmişik.

“Konkret olaraq, bu siyasətin yeni dövrə uyğunlaşdırılmasını uyğun bilmişik, onunla bağlı çağırışlarımız olub. Özəlliklə də yeni mediaya üstünlük verilməsi, yeni medianın inkişafı üçün dövlət dəstəyinin genişləndirilməsi çağırışları etmişik. Azərbaycan Prezidenti də bilirsiniz ki, biz jurnalistlərin dostu, eyni zamanda da media səhəsini çox gözəl bilən bir şəxsdir və o da əlbəttə, bizdən də yaxşı bilirdi ki, belə ehtiyaclar var. Ona görə də indi KİVDF-nin, hansı ki, mövcudluğu dönəmində daha çox ictimai narazılıqlara səbəb olurdu, ləğv edilməsi, əvəzində də Medianın İnkişafı Agentliyinin (MEDİA) qurulması yerinə düşən, vaxtında atılmış addımdır.
Əlbəttə ki, mən Cənab Prezidentin fərmanını da, qurumun nizamnaməsini də oxudum, media səhəsində çox geniş spektrı əhatə edir. Ümid eləmək və inanmaq istərdim ki, biz hamımız əl-ələ verib qoyulan vəzifələrin öhdəsindən gələ biləcəyik. Söhbət təkcə media, yaxud da Medianın İnkişafı Agentliyinin özünün fəaliyyətindən getmir. Burada hər bir jurnalistin, hər bir media təmsilçisinin öz tövhəsini verməsi vacibdir. Çünki, o qədər geniş, əhatəli bir fəaliyyətdən söhbət gedir ki, burada, sadəcə o qurumun özünün təkbaşına işləri görüb başa çatdırması əlbəttə çətin olardı. O baxımdan da mən düşünürəm ki, yeni dönəm üçün, yeni media siyasəti vacibdir və Cənab Prezident bunun zərurətini başa düşdüyü üçün, anladığı üçün bu dəyişikliyə gedilməsini gerçəkləşdirir. Biz də öz növbəmizdə üzərimizə düşən vəzifəni təbii ki, layiqincə yerinə yetirəcəyik, müvafiq şəkildə Azərbaycan mediasının çağdaş çağırışlara cavab verməsi üçün tövhələrimizi əsirgəməyəcəyik”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə