Atropatena: zərdüştlük və xristianlıq kimin tarixi irsidir? - ANALİZ

Ermənilərin saxtakar tarixçiləri daim iddia edirlər ki, guya ermənilər qədimdən Qafqazda məskunlaşıb və bu torpaqlarda olan qədim mədəniyyət, tarixi abidələr, dini məbədlər onlara məxsusdur. Halbuki, tarix elmi bunun tam əksini göstərir. Əvvəlki yazılarımızda, Albaniyasının tarixi, mədəniyyəti. Etnik və dini ətrkibi haqda ətraflı məlumat vermişik. Daha bir qədim dövlətimiz olan Atropatena ilə bağlı 1-ci yazımızda isə Atropatenanın qədim tarixi, mədəniyyəti, etnik tərkibi haqda ümumi məlumat vermişik. Bu yazıda isə, hazırda adını daşıdığımız bu qədim dövlətimizdə həmin dövrdə bərqərar olan zərdüştlüklə yanaşı, xristian dininin də yayılması və bu dinlərə mənsub olanların kimlər olduğu haqda məlumat verəcəyik.

Atropatena-Azərbaycan haqda antik tarixçilər nə yazır?

Atropatena tarixi haqqında Sasani hökmdarı I Şapur (240-270) tərəfindən Kəbeyi Zərdüştdə yazılmış kitabədə ən qədim yazılı hesab olunur. Yunan və latın dilində olan antik dövr mənbələri Atropatena, onun əhalisi və sairə ilə bağlı nisbətən ətraflı məlumat var. O cümlədən Herodot, Miletli Hekatey, Strabon, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində Atropatena haqqında məlumatlara təsadüf edilir.

Atropatena haqqında ilk dəfə ətraflı məlumat verən Amasiyalı Strabon (e.ə. I əsr– b.e. I əsri) olmuşdur. Strabon Atropatenanın ərazisi, əhalisi, təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qoşunları, adət və ənənələri barədə maraqlı məlumatlar məlumat verib.

Xeyli sayda İran tarixçisi, tədqiqatçısı və əbədiyyatçısı da öz əsərlərində Atropatenanın sərhədləri, faydalı qazıntıları, şəhərləri, tarixi coğrafiyası, sakinlərinin etnik tərkibi, dili, dini görüşü, maddi mədəniyyəti, habelə siyasi tarixi haqqında məlumat veriblər.

Məhəmmədhəsən xan Marağayi yazır: "Azərbaycan xüsusi müstəqil şahlığa malik idi. Belə ki, Böyük İskəndərin dövründən burda şahlar hökmdarlıq edib və müstəqil olmuşlar. Azərbaycan şahları eramızın 30-cu ilinə qədər öz istiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. Parfiya şahı Azərbaycan şahının Mark Antoniyə kömək göstərdiyini bəhanə edərək Azərbaycan ərazisinə hücum edib qələbə çalmışdır".

Məşhur İran şərqşünası Səid Nəfisi yazır: "Parfların dövründə Atropaten ölkəsi bir müddət daxili müstəqilliyə sahib olmaqla bərabər parfiyalılardan asılı idi. Beləliklə, eramızın II əsrinin yarısına qədər öz istiqlaliyyətini qoruyub saxlaya bilmişdir. Eramızın II əsrindən etibarən bu ölkə Azərbaykan adlanıb".

Müəllif fikrini belə ifadə edir: "Ehtimal ki, eramızın 227-ci ilndən etibarən bu ərazi Sasanilərin nüfuz dairəsinə daxil edildikdən sonra İranın Şimal-Qərb hissəsinə bütövlükdə Azərbaycan adı verilmişdir. Belə ki, ora VI əsrdən Nəsturilərin dini mərkəzi olmuş və Suriya mənbələrində də bu ərazi Azərbaycan kimi adlandırılmışdır. Abbasi xəlifələrinin dövründə də bu əyalət Azərbaycan adlanırdı".

Atropatena- ilk təktanrılı dinlərdən birinin vətəni

Dünyanın ən qədim təktanrılı dinlərindən birini təbliğ edən Zərdüşt peyğəmbərin Urmiya ətrafında yaşadığı və onun müqəddəs kitabı olan Avestanın da burada bərqərar olduğunu antik mənbələr təsdiq edir.

Miletli Hekatey (e.ə. VI-V əsrlər) "Yerin təsviri" adlı əsərində Atropatena ərazisində yaşayan tayfalar (xüsusilə, maqlar) haqqında maraqlı məlumatlar verib. Maqların, zərdüşti kahinləri olduğu və həm Atropatenada, həm də Albaniyada zərdüştlüyün hakim din olduğunu antik tarixçilər qeyd edir.

Səid Nəfisi bu haqda yazır: "Çox ehtimal ki, Sasanilər dövründə bir neçə ən mühüm atəşgahın bu əyalətdə olması ilə əlqədar olaraq Azərbaycan Zərdüştün vətəni kimi tanınmışdır".

Sasanilər dövründə Azərbaycanın istər dini mərkəz olması, istərsə də təbii-coğrafi mövqeyi onun daha da şöhrətlənməsinə səbəb olmuşdur. Bu haqda A.Kristensen yazır: "Burada olan atəşgah Ərdəşir tərəfindən təmir edilərək əsas ziyarətgaha çevrildi".

Sasani şahlarının tacqoyma mərasimi zamanı paytaxt Mədaindən Azərbaycanın paytaxtı Qazakaya piyada gəlmələri də o dövrdə Azərbaycanın dini mərkəz olmasını sübut edir. Zərdüştlük dini, Avesta təlimi buradan bütün şərqə yayıldı. Ərəb Xilafıətinin bu əraziləri işğalı nəticəsində islamın yerli əhaliyə zorla qəbul etdirilməsindən sonra zərdüştülər Hindistana köç etsələr də, bu gün də qədim Atropatena ərazisində (müasir İranın şimalında) kiçik zərdüştü icmaları öz qədim dinlərini qoruyub saxlayır. Azərbaycanın həm şimalında, həm cənubunda bu dinin məbədləri və ya qalıqları hələ də qalır. Bakıdakı Atəşgah məbədi də onlardan biridir.

Atropatenada xristianlıq necə yayıldı?

Adurbadaqanda (Atropatenada) xristianlıq haqqında ilk yazılı qeyd 420-ci ildə katolikos Yabalahın dövründə (415-419) çağırılmış sinodun aktlarında qorunub saxlanıb. Lakin bu faktın özü xristianlığın burada mövcud olan çoxdankı ənənələri haqqında ehtimal yürütmək imkanını verir; belə ki, yeni dinin yayılması üçün zəmin olmayan yerdə yepiskopluq yarana bilməzdi.

Albaniyada olduğu kimi, Adurbadaqanda da xristian kilsəsi feodal münasibətlərinin yarandığı dövrdə meydana çıxıb. Mənbələrdə "ilk Şərq" həvarisi adlanan Müqəddəs Fomanın artıq eramızın ilk əsrində midiyalılar və farslar arasında dini təbliğat aparması haqqında faktlar az deyil. İsanın meracının 2-ci ilində, o, Hindistana gedərkən, yolüstü parfiyalılar, midiyalılar, farslar, baktriyalılar, markianlar arasında təbliğat aparmışdı. Siryani mənbələrinin yazdığına görə, Gilan əhalisi xristianlığı həvari Addaydan qəbul etmişdi, Deyləmdə isə artıq 224-cü ildə yepiskopluq vardı.

Ən əvvəl xristianlıq Suriyada, Kiçik Asiyada və Yunanıstanda, sonra isə parfiyalılar arasında yayılmağa başladı. Daha sonra xristian təbliğatı Persiyaya, Midiyaya, Baktriyaya doğru hərəkət edərək, Hindistana qədər gedib çatdı.

İsa peyğəmbərin digər şagirdi, İncilin müəlliflərindən biri hesab edilən həvari Müqəddəs Matfey Ekbatan (qədim Həmədan), Rey və Damağanda təbliğat aparmışdı. Ktesifon şəhərində yepiskop kafedrası öz əhəmiyyətinə görə o dövrün xristian dünyasında mühüm yer tutur, onun yepiskopları isə Roma, Antakiya, İsgəndəriyyə və Karfagen yepiskopları ilə bir səviyyədə sayılırdı.

Parfiya və Sasani dövlətlərində (o cümlədən Adurbadaqanda) xristian icmaları təkcə İncil təliminin yayılması hesabına deyil, bu ərazidə çoxdan bəri yaşayan xristian-suriyalılara görə yayıldı.

Katolikosun oturduğu Ktesifon şəhərinin yerləşdiyi Bet Arameye (Qədim Babilistan) imperiyanın əsas vilayəti idi. Bundan sonra iyerarxiya sırası ilə arxiyepiskopluqlar gəlirdi. Mənbələr Ərbil, Həzz, Aşur və Mosul arxiyepiskopuna tabe olanlar sırasında Azərbaycan yepiskopunun da adını çəkirlər. Bu arxiyepiskop katolikosun seçilməsi və təyin edilməsində iştirak edən arxiyepiskoplar sırasında idi. Siryani mənbələrin məlumatına görə, Arran (Albaniya) yepiskopluğu belə hüquqa malik deyildi.

Mənbələrin məlumatına görə, Albaniyanın da daxil olduğu Adurbadaqan kustunun (canişinliyinin) tarixi Azərbaycana aid ərazisində Şərqi Suriya kilsəsinin aşağıdakı yepiskopluqları vardı: Partav – V əsrdən, Paytakaran – VI əsrdən, Adurbadaqan – V əsrdən, Qanzak – V əsrdən, Urmiya – IV əsrdən, Salmas – XIII əsrdən, Marağa – XIII əsrdən, Təbriz – XIII əsrdən, Uşnu – XIII əsrdən, Muğan – VIII əsrdən, IX əsrdən isə mitropoliya.

Azərbaycanda xristianlıq haqda antik mənbələr nə deyir?

Azərbaycanda xristianlıq haqqında ən erkən məlumat verən V əsrin əvvəllərinə dair, yuxarıda adını çəkdiyimiz, sinod sənədlərində katolikos Mar Yabalaha dini cəhətdən tabe olan vilayətlər sırasında Arran, Azərbaycan, İberiya və Ermənistan (Şərqi Anadolu) da vardır.

Mənbələr V-VII əsrlərdə Adurbadaqanda yepiskopluq etmiş bir neçə kilsə xadiminin adlarını çəkir. Bunlardan "Qanzakın və Adurbadaqanın" yepiskopu Osiy (Yelisey) 486-cı ildə patriarx Akak tərəfindən çağırılmış kilsə məclisində iştirak etmişdi. Məclisdə qəbul edilmiş aktı imzalayanlar arasında onun da imzası var: "Mən Adurbadaqanda olan Qanzakın yepiskopu Osiy, burada yazılanlarla həmrəyliyimi bildirir, öz imzamı və möhürümü qoyuram".

Osiydən sonrakı yepiskoplardan İohannın imzasını katolikos I Mar Abanın (536-552) 544-cü ilə aid məktublarında görmək olur. O zaman I Mar Aba Adurbadaqan rustaqlarından olan Peraxravarın (Burxuvarın) bir kəndində sürgündə idi. 549-550-ci ilin qışında obu kəndi tərk edərək, I Xosrovun hüzuruna yollanmışdı. Onu Adurbadaqan yepiskopu İohann müşayiət edirdi. İohanndan sonra Melxisidək Adurbadaqan yepiskopu olmuşdu. 544-cü ildə Mar İosifin (552-567) patriarxlığı dövründə çağırılan sinodun qərarlarını imzalayanlar arasında onun da adı var.

Adurbadaqan yepiskopu Xenanişo 605-ci ildə Qriqorinin katolikos seçkisində iştirak etmişdir. Yerli də olsa, görünür, sonralar yaranmış ənənəyə görə Urmiya şəhəri ərazisində hələ apostolların vaxtında xristianlıq meydana gəlmişdi.

Nestori təliminin ardıcılı olan katolikos I Timofeyin (780-825) cəhdi ilə VIII əsrin lap sonlarında Muğanda da yepiskopluq təsis edildi. Rahib İliya yepiskop seçildi. İliyanın cəhdləri ilə Muğan əhalisi xristianlığı qəbul etdi. Mənbənin yazdığına görə, "...onlar cah-calallı kilsə binasının tikintisinə başladılar, sər-sahman işlərinə Mar İliyanın özü başçılıq edirdi. O, çoxlarını xaç suyuna çəkdi, onlar üçün keşiş və dyakonlar təyin etdi, zəbur surəsini yazdı. Getdikcə onlar (xristianlar)... çoxaldılar".

Göründüyü kimi, Cənubi Qafqazda və Şimali İranda, yəni Azərbaycan xalqının min illərdir yaşadığı ərazilərdəki xrsitianlıq irsi, İsa məbədləri ermənilərə yox. azərbaycanlılara məxsusdur. Azərbaycan xalqının ulu babaları dünyanın ilk xristianlarından olmuşlar. Bu səbəbdən, Qafqazda, xüsusən də Azərbaycan və Ermənistan ərazisindəki bütün qədim dini məbədlər, mədəni abidələr Azərbaycan xalqının tarixi irsi kimi qorunub saxlanmalıdır.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...