Müharibə və Ermənistan iqtisadiyyatı

Ermənistan iqtisadiyyatı koronavirus səbəbindən onsuz da çətinliklər yaşayarkən Dağlıq Qarabağdakı münaqişənin yenidən alovlanması ilə daha da çətin bir duruma düşüb. SİA-nın verdiyi məlumata görə, Fitch beynəlxalq kredit reytinq agentliyinin ölkənin kredit reytinqini aşağı salması bunun ən böyük sübutudur.

Fitch Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB-" dən "B+" səviyyəsinə endirildiyini, reytinq proqnozunun "sabit" səviyyədə olduğunu açıqlayıb. Bu, ilin ilk yarısında Ermənistanda iqtisadi geriləmə proqnozlaşdırıldığından daha kəskin olub. Bunun da dövlət borcunun artmasına səbəb olduğu bildirilir. Dağlıq Qarabağda Azərbaycanla münaqişənin yenidən alovlanması isə onsuz da ağır durumda olan Ermənistan iqtisadiyyatını daha da çətin duruma salıb.

İrəvandakı Qafqaz İnstitutunun əməkdaşı, iqtisadçı Hrant Mikaelyanın bildirdiyinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşüb. İqtisadçı Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına iki cəhətdən təsir etdiyini bildirib: "Xidmət sektoru çətin vəziyyətə düşüb. Müharibə ilə birlikdə ermənilərin gündəlik ictimai fəallığı azalıb və bunun iqtisadi artıma mənfi təsir göstərəcəyi qaçılmazdır. Müharibə maliyyə sisteminə də mənfi təsir göstərib. Dövlətin müharibə, qaçqınlar və infrastruktur problemləri ilə əlaqədar öncədən hesaba alınmamış əlavə xərclər əmələ gəlib".

"BBC Türkçe"-yə açıqlamasında Türk Erməni Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyakın sözlərinə görə, toqquşmalar başlandıqdan sonra Ermənistanda bizneslər və banklar dayanma nöqtəsinə yaxlnlaşdı. Müharibənin davam etdiyi zamanda malların daşınmasında çətinliklər dərinləşdi və iflaslar baş verdi. K.Soyak Dağlıq Qarabağdakı qarşıdurmaların birbaşa Ermənistanın paytaxtı Yerevanda özünü göstərdiyini bildirib: "İşlər dayanıb, pandemiya ilə iqtisadiyyata onsuz da ciddi ziyan dəyib və Dağlıq Qarabağdakı döyüşlər ticarət sektorunun dayanmasına və malların daşınmasına səbəb olub".

Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağdakı döyüşlərdən əvvəl də koronavirusa görə geriləmişdi. Bu ilin əvvəlinə qədər inamlı artım göstərən Ermənistan iqtisadiyyatına koronavirus ciddi təsir göstərdi. May ayında ölkə iqtisadiyyatı əvvəlki ilə nisbətən 12,8 faiz gerilədi. Ermənistan Mərkəzi Bankı bu il koronavirusa görə ölkə iqtisadiyyatının 6,2 faiz azalacağını təxmin edirdi. Qurum 2021-ci ildə isə iqtisadi artımın yenidən 5 faizə yüksələcəyini proqnozlaşdırırdı. Amma gözləntilər müharibə səbəbindən fiaskoya uğradı. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da bu il Ermənistan iqtisadiyyatının kifayət qədər azalacağını proqnozlaşdırır.

Erməni ekspertlərin rəqəmlərinə inansaq ölkə iqtisadiyyatında 2019-cu ildə 7,6 faiz artım olub. Bu, 2008-ci ildən bəri ən sürətli artım idi. İqtisadçı Hrant Mikaeliana görə, artımı təmin edən əsas sektorlar turizm, informatika, mədənçilik və qumar sahələri idi. Norveçdə yerləşən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü qurumunun rəyinə görə, Ermənistanda mədən sənayesi 2015-ci ildə 50 faiz həcmində artıb. Bu, Ermənistanın ümumi sənaye istehsalının 17 faizi deməkdir. Mədənçıxarma şirkətlərinin Ermənistan büdcəsinə verdiyi pay 2017-ci ildə 61 faiz artaraq, ümumilikdə 7,1 faiz təşkil edib. Təbii ki, bütün bunlar Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğalından sonra Zod qızıl mədəninin istismarı nəticəsində baş verib. Amma Azərbaycanın Şanlı Ordusu Ermənistanın və bütün ermənilərin arzusunu gözündə qoydu. Ərazilərimizi işğaldan azad etməklə yanaşı Azərbaycan Ordusu həm də Ermənistanın iqtisadiyyatına ağır zərbə vurdu, yataqda çalışan minlərlə erməni işsizlər ordusuna qoşuldu, İrəvanın cibinə axan tonlarla qızıl ünvanını dəyişdi. Haqq-ədalət yerini tutdu.

Ermənistanda gənclər arasında işsizlik göstəricisi 35 faizdir. Bu, ölkədəki işçi qüvvəsinin digər ölkələrə köç etməsinə səbəb olur. Ermənistan əhalisi 3 milyona yaxın olduğu halda, 7 milyon erməni xaricdə yaşayır. Ermənistan XİN-dən verilən açıqlamada bildirilir ki, xaricdə yaşayan erməniləri ölkəyə qayıtmağa və məşğulluğa qatılmağa təşviq edən siyasət yoxdur, amma cəhd edilir: "Korrupsiyanı ortadan qaldıraraq, ədaləti bərqərar edərək sistemə inamı qaytaracağıq, bu onların geri dönməsini təmin edəcək ən əsas elementdir".

İqtisadçı Sam Bhutinin Eurasianet xəbər saytında yazdığına görə, Ermənistan iqtisadiyyatının daha bir problemi ondan ibarətdir ki, o, Rusiyadan asılıdır. Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı və immiqrasiyanın ən çox istiqamətləndiyi ölkə olması, Ermənistan iqtisadiyyatını Rusiyada baş verən siyasi və iqtisadi hadisələrə qarşı kövrək vəziyyətə salır.

2018-ci ildə Ermənistan ixracının 28 faizi Rusiyanın payına düşüb, onun idxalının dörddə biri isə Rusiyadan təmin olunub. Ermənistan iqtisadiyyatının daha bir böyük problemi ondan ibarətdir ki, onun iki sərhədi bağlıdır. Dağlıq Qarabağ münaqişəsi uzun illər həll olunmadığına görə Türkiyə və Azərbaycanın Ermənistanla sərhədləri bağlıdır. İqtisadçı məqaləsində yazır ki, bu sərhədlərin bağlanması Ermənistanı regionda hazırlanan nəhəng infrastruktur layihələrindən uzaq qalmasına səbəb olub.

İqtisadçı Hrant Mikaelyan vurğulayır ki, Ermənistanın İran və Gürcüstan ilə sərhədləri həm iqlim, həm də siyasi amillərə görə etibarlı deyil: "Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olduğuna görə, ölkədə ticarətin ən böyük hissəsi Gürcüstandan keçən bir avtomagistral vasitəsilə həyata keçirilir. Qış düşəndə yağan qara görə ticarət bir-iki aylıq dayana bilər. Digər tərəfədən, bu marşrut Rusiya ilə Gürcüstan arasında münasibətlərə görə də siyasi cəhətdən kövrəkdir. İranla ticarət yolu da İranın bəzi qonşuları və ABŞ-la münasibətləri baxımından siyasi cəhətdən həssasdır. Türkiyə ilə sərhəd açıq olsaydı, Ermənistan həm Türkiyəyə, həm də Avropaya daha çox ixrac edə bilərdi, öz iqtisadiyyatını çeşidləndirə bilərdi".

Fitch beynəlxalq kredit reytinq agentliyi Ermənistandakı siyasi və iqtisadi sabitliyin davam edəcəyini və Dağlıq Qarabağdakı döyüşlərin Ermənistanın iqtisadi və maddi cəhətdən zərər görəcəyi nöqtəyə gətirməyəcəyini proqnozlaşdırmışdı, amma Türkiyə-Ermənistan Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyak bununla razılaşmır: "Qışın gəlməsi ilə enerji xətlərindəki hər hansı bir problem, nəqliyyat daşımalarının Rusiyanın əlində olması səbəbindən yaranan hər hansı bir problem iqtisadi cəhətdən əhalini daha çətin duruma salacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə