Ermənistanda hərbi, siyasi, iqtisadi, sosial böhran güclənir – ANALİZ

"İzvestiya" qəzeti müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın baş naziri Paşinyanın təslimçi sazişə imza atmasından sonra ölkədaxili qarşıdurmaların güclənməsi fonunda onun hakimiyyətdə qalıb-qalımayacağını nəzərdən keçirib

Azərbaycan Ordusunun Ermənistan ordusu tərəfindən işğal edilmiş Qarabağı azad etmək üçün apardığı zəfər müharibəsindən və cəbhədə ordusu darmadağın edilən Ermənistanın təslim olaraq kapitulyasiya aktı kimi qiymətləndirilən, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunların çıxarılması ilə bağlı razılaşma bəyanatına imza atandan sonra Ermənistanda siyasi, iqtisadi, sosial böhran kulminasiyaya çatıb. İşğalçı ölkənin ordusu darmadağın edilib, bütün iqtisadi potensialı və onsuz da minimum olan maliyyə ehtiyatı məhv olub, sosial problemlər daha da kəskinləşib. Ölkə borc içində boğulur, büdcə defisiti maksimuma çatıb, ÜDM istehsalı azalıb, xarici ticarətdə mənfi saldo 2 dəfə artıb, sosial müdafiə minimuma düşüb. Müharibədə 10 mindən artıq erməni hərbçisi həlak olub, on minlərləsi yaralanıb, ordunun texniki bazası məhv olub. Ölkəyə Qarabağdan on minlərlə qaçqın gəlib- onları təmin etmək üçün böyük vəsaitlər lazımdır. Ekspertlərin fikrincə, Ermənistan belə sarsıdıcı məğlubiyyətdən sonra uzun onilliklər boyu özünə gələ bilməyəcək. Bunu başa düşən erməni siyasi qüvvələri artıq İrəvanda etiraz aksiyalarına başlayıb və hakimiyyətin istefasını tələb edir. Bununla bağlı, Rusiyanın nüfuzlu qəzeti olan "İzvestiya" qəzetində məqalə dərc edilib. Məqalədə ekspertlərin köməyi ilə, Ermənistanda hazırki vəziyyətdə Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı nəzərdən keçirilib. Məqaləni oxucularımıza təqdim edirik.

Çətinliklə vəzifəyə gələn baş nazir hakimiyyətdə qala biləcəkmi?

Qarabağdakı müharibə Ermənistanda siyasi böhrana səbəb oldu. Müxalifət noyabr ayının əvvəlindən bəri baş nazir Nikol Paşinyanın istefasını istəyir. Artıq tələb Respublika Prezidenti Armen Sarkisyan tərəfindən də dəstəklənir. "Böyük bir faciənin yaşandığı hər bir ölkədə bir həll yolu var- buna səbəb olan hökumət getməlidir"- prezident deyib.

"Ermənistan başqa cür oldu"

Ermənistan prezidenti Armen Sarkissian siyasi böhrandan ətraflı danışıb. Onun sözlərinə görə, baş nazir Paşinyan başda olmaqla ölkənin hazırkı hökuməti istefaya getməlidir, erkən parlament seçkilərinə və yeni bir hökumətə ehtiyac var. Sarkisyan Moskvada erməni icmasının nümayəndələri ilə görüşdə “Son seçkilər 2.5 il əvvəl, ölkə tamamilə fərqli olduqda baş vermişdi”- deyib.

Siyasətçi əlavə etdi ki, müvəqqəti milli birlik hökuməti yeni seçkilərə qədər- 5 ay və ya 1 il işləməlidir. “Bu o demək deyil ki, hər partiyanın bir naziri olacaq. Ancaq hörmət edilən biri hökuməti quracaq. Bu hökumətin texnokratik olması fikri üstünlük təşkil edir”- Sarkisyan bildirib.

Ermənistan prezidenti həmçinin ölkənin dərin bir böhrandan keçdiyini bildirib. “Bu, bir ölkənin və ya bir dövlətin deyil, bir millətin- insan hüquqları, psixoloji, maliyyə, iqtisadi və humanitar bir böhranıdır. Sakinlərin hamısı Qarabağa qayıtmayacaq, bəziləri Ermənistanda qalacaq. Onlara kim baxacaq? Ermənistan fərqli bir ölkəyə çevrildiyi üçün əvvəlki kimi davam edə bilmərik”- o deyib.

Ermənistan prezidenti həmçinin, parlament, hökumət və prezident institutu arasındakı tarazlığın dəyişdirilməsinə çağırıb. Onun sözlərinə görə, bunun üçün Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələb olunur. “İnanıram ki, parlament ölkəsi olsaq da, prezident xalq tərəfindən seçilməlidir. Ölkəmizdə bütün vəzifələr parlament tərəfindən təyin edilir. Balans haradadır?"- Sarkisyan soruşur.

Müharibə və sülh

Ermənistandakı siyasi böhran noyabrın 10-da, Moskva, Bakı və İrəvanın Qarabağda müharibənin dayandırılması ilə bağlı üçtərəfli atəşkəs razılaşmasını imzalaması ilə başladı. Ermənistan cəbhədəki məğlubiyyətlərdən sonra əhəmiyyətli əraziləri geri vermək məcburiyyətində qaldı. Müxalifət, hökuməti Nikol Paşinyanın məğlubiyyətində günahlandırdı.

Xüsusilə, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinə rəhbərlik edən general-polkovnik Movses Akopyan baş nazirin rolundan danışıb. Akopyana görə, müharibənin 3-cü günü- 30 sentyabrda Paşinyan könüllülərə güvənərək Silahlı Qüvvələrin ehtiyatda olanlarla doldurulmasını dayandırmağı əmr etdi. O vaxta qədər "DQR"-də səfərbərlik planı 78%, Ermənistanda isə 52% yerinə yetirmişdi. Akopyan, müharibə günlərində Paşinyanın həyat yoldaşı Anna erməni hərbi komandanlığının zabitlərinə müdaxilə etdiyini də bildirib.

Üçtərəfli müqavilənin imzalanmasından dərhal sonra 17 müxalifət partiyası hökumətin istefasını tələb etdi. Müəlliflər arasında keçmiş prezident Serj Sarkisyanın Respublikaçılar Partiyasından və parlamentdəki 2-ci ən böyük partiyadan (24 yer), Çiçəklənən Ermənistan Partiyasından olan deputatlar var idi. Qəzəbli izdiham hökumət və parlament binalarını dağıtdı, parlamentin sədri Ararat Mirzoyanı döydü.

Ancaq müxaliflər məqsədinə çata bilmədilər. Ermənistan qanunvericiliyinə görə, yalnız parlament hökuməti istefaya göndərə bilər. Ancaq qanunverici məclisdə mandatların üçdə ikisi (132-dən 88-i) Paşinyanın "Mənim addımım" bloku tərəfindən idarə olunur. Son günlərdə 4 deputat bloku tərk edib. Ancaq başqaları hələ də liderlərini dəstəklədiklərini açıq şəkildə göstərirlər.

Paşinyan özü isə könüllü olaraq istefa etmək fikrində deyil. “Ermənistanda və xaricdə anarxiya təəssüratı yaratmağa çalışan, ölkəmizə xaos səpməyə çalışan insanlar və qruplar var. Sadəcə, pulemyotların və cinayətkar qrupların köməyi ilə ölkəni sərbəst çökmə vəziyyətinə gətirmək üçün müharibəni Ermənistana köçürmək istəyirlər ki, sonradan xilaskar kimi qayıtsınlar”- baş nazir deyib.

Eyni zamanda, Ermənistanda hərbi vəziyyət hələ də qüvvədədir, bu, xüsusən də mitinqlərin keçirilməsini qadağan edən və söz azadlığını məhdudlaşdıran bir vəziyyətdir. Səlahiyyətlilər yenidən müharibə təhlükəsi qaldığını və rejimin ləğv edilməsinin hələ tez olduğunu söyləyirlər.
Müxalifət isə, məmurların etiraz aksiyalarından qorxduğuna əmindir. 26 noyabrda deputatların əksəriyyəti ciddi məhdudiyyətlər rejiminin qorunmasının lehinə danışıb. Buna baxmayaraq, müxalifətçilər sakitləşməyiblər. 27 noyabrda “Daşnaksütyun” partiyasının üzvü, keçmiş iqtisadiyyat naziri Artsvik Minasyan sosial şəbəkədə İnzibati Məhkəmənin hərbi vəziyyət zamanı mitinqlərə icazə verdiyini bildirib.

Lider axtarışında

Mütəxəssislər Ermənistan müxalifətinin əsas problemlərini belə təsnifatlaşdırırlar- bir tərəfdən, üçtərəfli razılaşma hələ də həyata keçirilməlidir, digər tərəfdən, hazırkı prezidentin rəqiblərinin müxalifət qüvvələrini birləşdirəcək və ciddi seçki dəstəyinə sahib lideri yoxdur. Paşinyanın keçmiş müttəfiqi Artur Vanetsyan 2019-cu ildə müxalifətə keçən digərlərindən daha çox fərqlənir. Noyabr ayında siyasətçi etiraz aksiyalarına qatıldığı üçün bir neçə dəfə tutulub və kütləvi mitinqlər təşkil etdiyinə görə ona qarşı cinayət işi açılıb.

IMEMO Post-Sovet Araşdırmaları Mərkəzinin baş tədqiqatçısı Stanislav Pritçin, Paşinyanın ən çətin dövrünün- razılaşma bağlandıqdan sonrakı ilk günləri keçdiyini düşünür. “Baş nazir siyasi və hərbi məğlubiyyətdən məsuldur. İlk günlərdə hətta harada olduğu bilinmirdi. Ancaq indi onun gedəcəyini təsəvvür etmək çətindir. Paşinyanın kifayət qədər ustalıqla manevr etdiyini görürük- yeni müttəfiqlər axtarır, vaxt qazanır, gündəmi yenidən formatlayır. Səlahiyyətli orqanların daha da genişləndirilə biləcəyi hərbi vəziyyət də onun əlindədir”- Pritçin“ İzvestiya ”ya verdiyi müsahibədə bildirib.

Politoloq Artur Atayev Paşinyanın hakimiyyəti əlində saxlaya bilməyəcəyinə inanır. “Partiyasının sıraları azalır, yaxın ətrafında fikir ayrılığı güclənir, iqtisadiyyat çökür. Ölənlərin və itkin düşənlərin yaxınları itkilərdə hazırkı hakimiyyəti günahlandırırlar. Diaspor nümayəndələrin narazılıqları artır. Yeganə sual istefanın nə vaxt baş tutacağıdır. Yəqin ki, Ermənistandakı etiraz hərəkatı regionda yeni bir status-kvo qurulduqdan sonra- ərazilərin Azərbaycana verilməsi və Rusiya sülhməramlı kontingentinin gücləndirilməsindən sonra canlanacaq. Daxili siyasi böhranın dekabr ayında daha da kəskinləşəcəyini düşünürəm”-deyə ekspert vurğulayır.

Müəllif: İqor Karmazin
Tərcümə: Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə