Azərbaycançılıq: əsas prinsiplər və strateji proqramlar - ANALİZ

Qloballaşan dünyada milli-mənəvi dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır- Heydər Əliyev

Azərbaycan tarixən müxtəlif millətlərin, fərqli din mənsublarının dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və dinin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayıblar. Bu tarixi ənənə bu torpaqlarda böyük və zəngin mədəniyyətin yaranmasına, vahid dəyərlərin formalaşmasına səbəb olub. Azərbaycanda yaşayan bütün insanlar belə görüb, belə tərbiyə olunub, belə yaşayıb. Məhz buna göər də, bu gün Azərbaycan öz multikultural cəmiyyət sistemi, vahid ümumi dili, ümumi mədəniyyəti, ümumi mənəvi-psixoloji dəyərləri ilə dünyaya nümunədir.

II YAZI

(əvvəli burada)
https://sia.az/az/news/social/839231.html

Vətəndaşlıq azərbaycançılığın əsas elementi kimi

1-ci yazıda da qeyd etdiyimiz kimi, Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ insanın ölkədə hüquqi statusunu müəyyən edən norma kimi başa düşülür. Konstitusiyanın 52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu onun aktiv və passiv seçki hüququ vasitəsi ilə həyata keçirilə bilər. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət insanların sosial rifahı asılıdır.
Vətəndaşlığın əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti, dövlət hakimiyyətinə münasibəti, cəmiyyət və dövlət qarşısında məsuliyyəti və ən əsası öz vəzifələrini yerinə yetirmək bacarığını aid etmək olar. Qısa desək, vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır.

Vətənpərvərlik bütün ideoloji prinsiplərin fövqündədir

İdeologiya olaraq Azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və ölkənin mənəvi, sosial və hüquqi inkişafına, bütün vətəndaşların azad və əmin-aman yaşamasını təmin etməyə xidmət edir. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik, sosial-iqtisadi formasına görə sərbəst işgüzar fəaliyyət məkanı və sosial dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəlir.
Azərbaycançılığın fundamentində dayanan əsas prinsiplərdən biri olan Vətənpərvərlik hər bir vətəndaşı öz dövləti, öz xalqı ilə sıx bağlayır. Bu hiss etnik, dini, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq eyni torpaqlarda yaşayan hər bir insanı öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Yeri gələndə isə, ümumi vətən uğrunda düşünmədən canını qurban verir. Biz bunu 2-ci Qarabağ müharibəsində də əyani şəkildə gördük. Vətənpərvərlik vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Qeyd etməliyik ki, bu 2 məfhumun fərqi var. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirirsə, vətənpərvərlik insanın öz ailəsinə, xalqına, vətəninə hərtərəfli bağlığının göstəricisidir. Bütün bunlar isə bütün xalqın ümumi dəyərləri əsasında mümkün olur.
Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının və dövlətin siyasətinin ideya təməlini təşkil edir. Azərbaycançılıq ideyasını dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edən Prezident İlham Əliyev deyir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli-mənəvi dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

İlham Əliyev: Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidır

Heydər Əliyevin yenidən bərqərar etdiyi Azərbaycançılıq ideyasının rəhbər tutduğu əsas prinsiplər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Xüsusən də, dünya azərbaycanlılarının vahid ideoloji kontekstdə birləşməsi və Azərbaycanın dünyada təbliğində xüsusi rol oynamaları əsas vəzifələrdən biri kimi götürülüb.
2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu.
Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək həmin qurultayda çıxışında bildirib: “İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdır. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”.
Eyni zamanda, dövlət başçısı bildirdi ki, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Bu, əlbəttə, bizim torpaqlarımızı işğal edən, vətəndaşlarımıza terror və soyqırım aktları həyata keçirmiş bir düşmənə qarşı informasiya və təbliğat müharibəsində çox vacibdir.

2-ci Qarabağ müharibəsində qalib gələn ideologiya

Qeyd etməliyik ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xarici dairələrin maraq və mənafelərini müdafiə edən, ölkəmizin siyasətinə kölgə salmağa, daxili qarşıdurmalar yaratmağa çalışan şəxslər var. Adətən xarici qüvvələrin Azərbaycanla bağlı hər hansı bir planını onların ölkəmizdəki əlaltıları qloballaşma, inteqrasiya pərdəsi altında maskalamağa cəhd edirlər. Bu pərdə altında yad dəyərləri, yad ideologiyaları cəmiyyətimizə yeritmək istəyirlər.
Azərbaycançılıq ideologiyası belə qüvvələrin qarşısında keçilməz bir sədd kimi dayanmağa qadir olan yeganə ideologiyadır. Qloballaşma adı altında milli-mənəvi dəyərlərimizi məhv etməyə çalışan qüvvələr xalqımızın sarsılmaz birliyi və dövlətin apardığı ədalətli siyasət sayəsində buna nail ola bilmirlər.
Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafına həsr olunmuş sonuncu konfransda qloballaşmanın pərdəarxasını açıq şəkildə göstərdi və Azərbaycanın öz milli, mədəni, mənəvi dəyərləri əsasında, başqa sözlə Azərbaycançılıq ideologiyası əsasında inkişaf edəcəyini bildirdi. Xalqımız da son dövrlərin təcrübəsindən göründüyü kimi, öz dəyərlərini qoruyub saxlamaqda əzmlidir. Bir sözlə dövlətin və cəmiyyətin bu məsələdə fikri yekdildir.
Bu milli birlik, vətəndaş həmrəyliyi 2-ci Qarabağ müharibəsində öz nəticəsini verdi. Bütün xalqımız dövlətimizin yanında birləşərək düşmənə qarşı həm öz, həm arxa cəbhədə mübarizə apardı. Diasporamız isə dünya ölkələrində informasiya və təbliğat müharibəsi apardı. Nəticədə bu birlik və həmrəylik qalib gəldi və Azərbaycan öz işğal olunmuş torpaqlarını geri qaytardı. Bundan sonra Azərbaycançılıq ideologiyasının qarşısında başqa vəzifələr var- Azərbaycanı dünyanın ən inkişaf etmiş abad, gözəl, güclü ölkəyə çevirmək, Azərbaycan xalqını daha yüksək intellkektli, daha yüksək mədəniyyətli, daha sosial təminatlı cəmiyyətə çevirmək. Buna da milli liderimiz İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda nail olacağıq.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə