Albaniya tarixinə və mədəniyyətinə niyə sahib çıxmırıq? – ANALİZ

Alban abidələrinin, mədəni irsinin ermənilərlə heç bir bağlılığı yoxdur, ola da bilməz, çünki, Albaniyada erməni adlı xalq yox idi

II YAZI

əvvəli burada

https://sia.az/az/news/politics/838652.html

Sovet dövründə Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanıb. 80-ci illərdə Azərbaycan arxeoloqları tərəfindən Qarabağda çoxlu sayda, tarixi tikililər, məbədlər, qalalar, abidələr elmi şəkildə araşdırılıb. Bu tikililər, qalalar, heykəltaraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Üstəlik, Qarabağın (qədim Arsakın) da daxil olduğu Albaniya əhalisinin dünyagörüşünü, dini və etnik fərqlərini əks etdirən zəngin material verir. Bu abidələrin, mədəni tapıntıların, məzar daşlarının ermənilərlə heç bir bağlılığı yoxdur, ola da bilməzdi. Çünki, Albaniyada son əsrlərə qədər erməni adlı xalq yox idi.

Alban xaç daşları kimlərə məxsusdur?

Azərbaycan Respublikası və indiki Ermənistan Respublikasının müxtəlif bölgələrində aşkar olunmuş xatirə daşlarında Qafqaz Albaniyasının erkən və orta əsrləri, xristianlıqdan əvvəlki dini, mədəni dünyagörüşü və simvolik təsəvvürlər əks olunub. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynayıb. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan bərabərtərəfli xaç sonralar xristianlıqda başqa formada (çarmıx) təcəssüm edib.

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olub. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olub.

Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları xristianlığaqədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır. Bu bərabərtərəfli xaçlar 4 cəhət mənasında həm də bütün dünyanı simvolizə edirdi.

Alban xaç daşları müxtəlif bir-birinə aidiyyatı olmayan dini dünyagörüşləri və mədəniyyətləri qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş və məhsuldarlıq simvolu kimi əks olunub.

Mütəxəssislər Cənubi Qafqaz ərazisinə səpələnmiş alban xaç daşlarını əsasən 4 qrupda cəmləşdirirlər ki, onlar da Xaçın, Arsak, Cuğa və Yenivəng xaç daşlarıdır. Xaçın alban knyazlığı dövründən yadigar qalmış xaç daşları əsasən Kəlbəcər rayonu ərazisində tədqiq edilib. Bu tədqiqatı ilk dəfə memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə elmləri namizədi M.D.Axundov aparıblar. Xaçın xaç daşlarının ən maraqlı nümunəsi Xudavəng monastır kompleksində yanaşı olan 2 xaç daşıdır.

Arsak xaç daşlarının ən məşhuru və elmi ədəbiyyatda böyük marağa səbəb olanı xaçvari Arsak daşıdır. Xaçvari şəkilli Arsak xaçdaşı (1633-cü il) olduqca maraqlı və orijinaldır, o Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunub. Bu xaçdaş keçən əsrdə Eçmiədzinə aparılıb və bu gün də dünyaya erməni təfəkkürünün bədii nümunəsi kimi təqdim edilməkdədir.

Cuğa xaç daşları əsasən, İranla sərhəddə, Araz çayı sahilindədir. Onların əksəriyyətində eyni motiv təsvir olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülüb, onların adətən açıq ağızları yana çevrilib. İki əjdaha arasında qanadlı halə, yaxud da haləyəbənzər saçı olan kişi başı təsvir olunub. İkonaqrafik əlamətlərinə görə o, İsanın başına oxşayır. D.A.Axundov qeyd edir ki, bu mürəkkəb təsvirdə bir neçə din və etiqadın (zərdüştlük, mitraizm, xristianlıq, islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilib. Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranıb. Cənubi Qafqazda yeganə belə xalq Qafqaz albanları idi.

Yenivəng xaç daşları əsasən Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Yenivəng alban monastırının ərazisində və Azərbaycan Respublikasının qərb rayonlarında aşkarlanıb. Yenivəng xaçdaşları da kompozisiya cəhətdən Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksərində birinci planda Tanrı fiquru yerləşir.

Yenivəng (ermənilər hazırda bu məbədi Noravəng adı ilə dünyaya qədim erməni məbədi kimi təqdim edirlər) xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki, İsa) sifətinin təsviridir. Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilib, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülüb. Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir Tanrının törəmələridir.

Qarabağ Alban memarlığı hansı mədəniyyəti nümayiş etdirir?

Alban memarlığınn nümunələri Azərbaycan Respublikası, Ermənistan Respublikası və Dağıstan ərazilərində aşkarlanıb və tədqiq edilib. Alban memarlıq nümunələrinin dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və istehkamlar və dini xarakterli tikililər olan kilsə və monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. Alban mədəni irsinə məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və başqalarını göstərmək mümkündür.

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatıb. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Gəncəsər məbədi (XIV əsr), hazırki Ermənistan ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sanain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir.

Bunlar Azərbaycan xalqının babaları olan Albaniya hökmdarları tərəfindən tikilib. Məsələn, Gəncəsər baş kilsəsi 1216-cı ildən 1238-ci ilədək hökmdar Həsən-Cəlalın göstərişi ilə tikilib. Hökmdar özü bu kilsəni "Albaniyanın taxt-tac kilsəsi" adlandırırdı. Kilsədə olan daşüstü yazıda bildirilir ki, bu kilsə albanlar üçün inşa edilib. Bu kilsədə cəmi 84 daşüstü yazı mövcuddur. Hazırda Qarabağda- keçmiş Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastır kompleksi orta çağların alban memarlığının incisidir və erməni memarlığında həmin abidənin bənzəri yoxdur.

Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu üslub yalnız albanlara aiddir. Bunun da öz səbəbi var. Belə ki, Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə bu məbədlər günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Alban dövrünün ən mürəkkəb tikililəri isə bazillikalar və monastırlar hesab olunur. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur.

Ümumiyyətlə, Albaniya dövründən qalmış toponimlərin, memarlıq abidələrinin, mədəni tapıntıların, alban hömkdarlarının ermənilərlə heç bir bağlılığı yoxdur. Eramızdan əvvəlki əsrlərdən bu günədək indiki Ermənistan və Azərbaycan respublikalarının ərazisi tarixi və mədəni baxımdan xalqımızın irsidir. Bu irsə sahib çıxmalıyıq. Biz sahib çıxmadığımıza görə görə ermənilər sahiblənməyə çalışır. Çünki bizim bir çox tarixçilər islam dövründən o yana getməyi xoşlamırlar. Zərdüştlük kimi dünyanın ən qədim dinini, mədəniyyətini babalarımız yaratdığı haqda, biz özümüzü elə aparırırq ki, sanki bizə heç bir dəxli yoxdur. Belə halda farsların, ermənilərin, gürcülərin bu coğrafiyadakı qədim tarix və mədəniyyətə yiyilələnmə cəhdləri təəccüblü deyil.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə