Qarabağdakı qədim Alban məbədlərimizə sahib çıxmalıyıq - TƏKLİF

Erməni işğalından azad olunan qədim xristian kilsələri Alban Apostol Kilsəsinə verilməli- tarixi ədalət bərpa olunmalıdır

I YAZI

Tarix elminə məlum olduğu kimi, Qarabağ bölgəsi bizim eradan əvvəl IV əsrdən bizim eranin VIII əsrinədək Qafqaz Albaniyasının tərkib hissəsi olub. Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər- alban xristian dini abidələri yaradılıb. Sonralar Yaxın Şərqdən bu ərazilərə köçmüş qriqoriyan erməni tayfaları bölgədə islamın yayılması kimi tarixi fürsətdən istifadə edərək əraizidəki alban xristian məbədlərini ələ keçirməyə çalışıb və sonda buna nail olub.

Albaniyada etnik qruplar, onların dili və mədəniyyəti

Albaniya müasir Azərbaycan, hazırkı Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Dağıstan bölgəsinin cənub ərazilərində mövcud olmuş tarixi dövlətdir. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşıb, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilib. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olub. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub.

Görkəmli qafqazşünas tarixçi Yevgeni Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar".

Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar, amardlar, ariaklar, anariaklar, amazonkalar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olublar.

Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi 3 hissədən- qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi.

Mütəxəssislər qeyd edirlər ki, "Alban" adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki hazırda alban adlı türkdilli azsaylı xalq var və hazırda Qazaxıstanda yaşayırlar. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilib.
Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri digərini əvəz etmişsə və müxtəlif xalqalr köç etmişsə də, öz tarixi-etnik torpağına bağlı olan yerli xalq adət-ənənəsini, mədəniyyətini, milli xüsusiyyətini qoruyub saxlayıb. Bu regionun aborigen əhalisi gəlmə ermənilərdən fərqli olaraq, mənşə, dil və mədəniyyət etibarı ilə min illərlə Böyük Qafqaz dağları ilə Araz çayı arasında yaşamış türk mənşəli və Qafqaz dil qrupuna mənsub olan etnik qruplardan ibarət olub.

Albaniyada xristianlığın müsəlmanlıqla əvəz olunduğu zaman Qarabağın dağlıq ərazisində yaşayan və xristianlıq dini ideologiyasına etiqad etməkdə davam edən avtoxton albanların xristian olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülüb. Onlar yerli xristian albanları qriqoryanlaşdıraraq, assimilyasiya etmiş, hayklar adlandırmış, ərazini isə “hayk ölkəsinin bir hissəsi” kimi qələmə vermişlər.

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələr bütün tarixi sübutlara görə, Azərbaycan xalqının mədəni irsinə aiddir.

Albaniyada xristianlıq dini necə yayıldı və ermənilər bundan necə istifadə etdi?

Qafqaz Albaniyasında xristianlıq eramızın 54-57-ci illərində apostol Müqəddəs Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmağa başlayıb. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri də alban kilsəsidir.

Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı.
Xristianlığın Albaniyaya nüfuz etməsi, burada erkən xristian icmasının yaranması, həm həvari Müqəddəs Varfolomeyin, həm də həvari Müqəddəs Faddeyin adları ilə bağlıdır.

VIII əsrdən etibarən Azərbaycanın Şimal hissəsi ərəblərin və İslamın təsir dairəsinə düşdü. Lakin Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər.

Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında Erməni Qriqorian kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar.

Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaradırdılar. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə məktubunda qeyd olunurdu ki, erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı.

Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görülmüşdür. Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər.

İ.P.Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır".

Qarabağdakı alban kilsə və monastrları Alban Apostol Kilsəsinə qaytarılmalıdır

Albaniya ərazisində yaşayan yerli tayfalar IV əsrdə xristianlığı qəbul etmişdi, sonralar ərazidə islam dini yayılanda onların bir hissəsi xristianlıqda qaldı. Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər bu ərazilərə köçməyə başladıqdan sonra burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar.

Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır: "Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi"- Şərqi Ermənistan adlandırırlar".

Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir.

Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, islamın yayıldığı ərazilərdə yerli ərəb hakimlərinin qədim alban, hətta zərdüşti məbədlərinin xristian azlıqlara, o cümlədən ermənilərə verilməsidir.

Daha bir səbəb isə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri xüsusi əhəmiyyət nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü.

Bütün bu çətinliklər və ağır mübarizə şəraitinə rəğmən Alban Həvari Kilsəsi öz varlığını 1836-cı ilə kimi qoruya bilmişdir. Lakin 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. Bununla belə, 2003 -cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban Həvari Kilsəsi yenidən qeydiyyata alınaraq fəaliyyətini bərpa etmişdir. Artıq Qarabağda azad olunmuş alban kilsələrini bu Kilsənin tabeçiliyinə verilməsi vacibdir.

Davamı olacaq

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə