"Ermənistan nəinki danışıqlar, heç müharibə qanunlarını da nəzərə almır" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan həm 30 illik danışıqlar prosesində, həm də son bir ayda aparılan əməliyyatlar dövründə Ermənistandan fərqli olaraq dünyada qəbul olunmuş prinsiplərə və qanunlara uyğun hərəkət etmişdir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Prezidentin interfaks agentliyinə son müsahibəsinə nəzər salsaq, orada İlham Əliyev qeyd etmişdir ki, Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində müəyyən nəticələr əldə olunmuşdur və tərəflər münaqişənin həllinə yaxınlaşmışdılar: “Nizamlanma prosesinə yaxın hakimiyyətə yeni gəlmiş Paşinyan bütün əldə olunanların üstündən xətt çəkərək prosesi elə bir çıxılmaz vəziyyətə gətirdi ki, Azərbaycanın hərbi yoldan başqa çıxış yolu qalmamışdır. Ermənistanın əvvəlki rəhbərlərindən heç kim Qarabağı Ermənistan adlandırmamış, oranın müstəqilliyinin tanınması məsələsini ortalığa atmamış və Azərbaycana müdafiə naziri timsalında yeni ərazi iddiaları ilə çıxış etməmişdir. Bu azmış kimi, hələ Paşinyan guya yeni formula icad edərək qondarma Dağlıq Qarabağı danışıqlara üçüncü tərəf kimi cəlb etmək istəyirdi. Hesab edirəm ki, Ermənistanın hazırki rəhbərliyinin nizamlanma ilə bağlı bu kimi qeyri-adekvat addımlarını görən ATƏT-in Minsk qrupu artıq bu dövlətə sanksiya tətbiq etməli idilər ki, vəziyyət bu həddə gəlib çatmasın və Ermənistan qansız-qadasız qoşunlarını Qarabağdan çəksin. Bu sanksiyalar üçün yetərincə hüquq baza mövcud idi. Azərbaycan torpaqlarının işğalı ilə bağlı dünyanın ən aparıcı beynəlxalq təşkilatlarının qətnamələri mövcuddur.

Lakin biz indi görürük ki, Ermənistan nəinki danışıqlar, heç müharibə qanunlarını da nəzərə almır və kobudcasına pozur. Hərbi əməliyyatlara Ermənistan tərəfdən yaşı tamam olmamış uşaqların cəlb edilməsi, hərbi əməliyyatlardan qat-qat uzaq olan Azərbaycan ərazilərinin və dinc əhalinin qadağan olunmuş silahlardan atəşə tutulması ən böyük müharibə cinayəti, beynəlxalq konvensiyaların pozulması və terror aktıdır. Bütün bunlara baxmayaraq Azərbaycan ATƏT-in təşəbbüsü ilə keçirilən son görüşlərin heç birindən imtina etməməklə, eyni zamanda hərbi əməliyyatlarda dinc insanları hədəfə almamaqla və erməni təxribatına uymamaqla böyük təmkin nümayiş etdirir, tutduğu yolda haqlı olduğunu bir daha sübut edir. Həmsədr ölkələr, beynəlxalq təşkilatlar bölgədə yaranan son vəziyyəti qiymətləndirərkən və bəyənatlar verərkən mütləq bu məqamları nəzərə almalı və nəhayət, işğalçı ilə işğala məruz qalan arasında fərqə soy qoymalıdırlar. Bunu etməklə onlar həm də Ermənistanı sülhə məcbur edə bilərlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...