"Prezidentin haqlı, strateji və məntiqli siyasəti region xalqlarına sülh və əmin-amanlıq gətirəcək" Əhliman Əmiraslanov

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində də qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevi Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılandan iki həftə sonra Qarabağda problemlər başladı. Hələ 1977-ci ildə Sovet İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etmişdi. Respublikanı komissiyada təmsil edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, 1985-ci ildə Sov.İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. “M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılması məhz bu cəhdlərin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Artıq 1988-ci ildən ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Münaqişənin coğrafiyası isə gündən-günə genişləndi və 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki olaraq Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və Azərbaycanda isə siyasi hakimiyyətin zəifliyi və kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində olmadı. Beləliklə, 1988-1991 və 1991-1993-cü illərdə Azərbaycanda siyasi hakimiyyətin zəifliyi, hakimiyyət uğrunda mübarizələr nəticəsində ölkə daxilində yaranan xaosdan bəhrələnən Ermənistan havadarları vasitəsilə BMT tərəfindən ərazi bütövlüyü de-yure tanınan ölkəmizin ərazisinin 20 faizini işğal etdi. Artıq 30 ilə yaxındır ərazi bütövlüyümüzün təmin olunması üçün siyasi və diplomatik danışıqların aparılmasına baxmayaraq heç bir nəticə olmadı, Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq təşkilatların qərar və qətnamələri kağız üzərində qalmışdı”, - deyən deputat bildirib ki, indi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev beynəlxalq hüququn kağız üzərində qalan ədalətini təmin edir.

Komitə sədri söyləyib ki, Azərbaycanın suverenliyini, ölkəmizə və xalqımıza güc tətbiqi ilə sərhədlərimizi pozan, ərazi bütövlüyümüzü tanımadığını beynəlxalq tədbirlərdə dəfələrlə bildirərək təcavüzkar əməlləri ilə bunu təsdiqləyən, bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayan, millətlərin bərabərliyi anlayışına hörmət qoymayan, azərbaycanlıları, eyni zamanda, bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirən, erməni xalqının ikinci dəfə öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verən, beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirməyən, beləliklə də beynəlxalq hüquq normalarını ayaq altına atan Ermənistana dövlətimizin başçısı hərb və diplomatiya dərsi keçərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə həm də beynəlxalq hüququn tələblərini, beynəlxalq təşkilatların qərarlarını təkbaşına icra edir. Prezident İlham Əliyevin haqlı, strateji və məntiqli siyasəti həm də region xalqlarına sülh və əmin-amanlıq gətirəcək. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə