Səfir Ramin Həsənov Berlində mətbuat konfransı keçirib

Federal hökumətin brifinqlərinin keçirildiyi Federal Mətbuat Konfransının zalında səfir Ramin Həsənovun “Ermənistan və Azərbaycan arasındakı münaqişəyə baxış“ adlı mətbuat konfransı keçirilib (https://www.pscp.tv/w/1jMJgXmjmojxL).

SİA xəbər verir ki, konfransda səfir Həsənovla yanaşı həmçinin, səfirliyimizlə sıx əməkdaşlıq edən, Rur Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse də iştirak edib. Nəzərinizə çatdırırıq ki, Federal Mətbuat Konfransının binasında demək olar ki, Almaniyada fəaliyyət göstərən bütün əsas xəbər agentliklərinin və KİV-lərin büroları yerləşir. 900-ə yaxın jurnalist Federal Mətbuat Konfransında qeydiyyatdan keçib. Koronavirusla bağlı Almaniyadakı vəziyyətlə əlaqədar jurnalistlərin məhdud sayda iştirakı tələb olunduğuna görə sözügedən mətbuat konfransında fiziki olaraq azsaylı jurnalistlər iştirak edib. Lakin jurnalistlərin bir çoxu konfransa onlayn olaraq qoşularaq suallarını ünvanlamaq imkanına malik olub (mətbuat konfransı onlayn canlı yayımlanıb).

Səfir Ramin Həsənov konfransın əvvəlində giriş nitqi ilə çıxış edib. Səfir nitqində Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı məlumat verərək, 30 ildən artıq müddət ərzində Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığını, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirdiyini, azərbaycanlı əhalini öz yurd-yuvalarından didərgin saldığını diqqətə çatdırıb. Qeyd edib ki, işğal faktı bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT TŞ tərəfindən qınanılıb. Xüsusilə BMT TŞ tərəfindən qəbul olunan 4 qətnamədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub. Əlavə edilib ki, Ermənistan imperativ xarakter daşıyan BMT TŞ qətnamələrinə və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara məhəl qoymayıb. Təəssüflə bildirilib ki, beynəlxalq ictimaiyyət də bu məsələdə Ermənistana lazımi təzyiq göstərməyib və Azərbaycan torpaqlarının işğalının sülh danışıqları yolu ilə azad olunması uğurla nəticələnməyib. Səfir həmçinin 2 il əvvəl, Ermənistanın hazırkı baş nazirinin hakimiyyətə gəlməsindən sonra münaqişənin sülh yolu ilə həllinə ümid yarandığını, lakin Ermənistan rəhbərliyinin öz təxribatçı hərəkətləri ilə bu ümidləri alt-üst etdiyini və danışıqlar prosesini heçə endirdiyini vurğulayıb. Qeyd olunub ki, Paşinyan Dağlıq Qarabağa (DQ) tez-tez təxribat xarakterli səfərlər edib, orada “DQ Ermənistandır və nöqtə” adlı bəyanat verib. Bundan əlavə o, öz oğlunu DQ-yə hərbi xidmətə yola salıb, onun xanımı işğal olunmuş ərazilərə səfər edərək əlində kalaşnikov avtomatı ilə şəkil çəkdirərək mətbuatda və sosial şəbəkələrdə nümayişkəranə qaydada paylaşıb. Erməni tərəfi həmçinin DQ-nin inzibati binalarının Azərbaycan üçün mühüm mədəni və mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərinə köçürəcəklərini bildirib, eləcə də “yeni ərazilər uğrunda yeni müharibələr” strategiyasını elan edib. Bildirilib ki, Erməni silahlı qüvvələri cari ilin iyul ayında münaqişə regionundan uzaq Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz bölgəsində yeni ərazilər əldə etmək məqsədilə hərbi təxribata cəhd göstərib və Azərbaycan silahlı qüvvələrinin layiqli cavabı qarşısında bu cəhd uğursuzluqla nəticələnib. Bütün bu təxribatçı hərəkətlər mütəmadi şəkildə davam edib. 27 sentyabr tarixində edilən yeni hərbi təcavüz aktlarına cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə edib və Azərbaycan Ordusu Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib. Səfir bildirib ki, 3 həftədən artıqdır ki, münaqişə bölgəsində gərginlik davam edir. Bu müddət ərzində döyüş bölgəsində məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanda mülki şəxslər yaşayan əraziləri hədəfə alıb. Edilən raket hücumları nəticəsində 63 mülki şəxs həyatını itirib, çoxsaylı insanlar yaralanıb, yaşayış binaları dağıdılıb. Ramin Həsənov Gəncəyə edilmiş raket hücumlarını, mülki şəxslərin yatarkən hücuma məruz qaldıqlarını, qətlə yetirildiklərini və bunun insanlığa qarşı müharibə cinayəti olduğunu xüsusilə vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç bir mülki obyekti hədəfə almayıb.

Professor Hans-Yoaxim Hayntse giriş nitqində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqi aspektlərindən söhbət açıb. O qeyd edib ki, BMT TŞ sözügedən münaqişə ilə bağlı imperativ xarakter daşıyan qətnamələr qəbul edib. Bu qətnamələrdə işğalçı qüvvələrin işğal olunmuş torpaqlardan çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz yurd-yuvalarına qaytarılması tələb olunub. Hans-Yoaxim Hayntse vurğulayıb ki, BMT TŞ qətnamələri məcburi xarakter daşımasına baxmayaraq icra olunmayıb, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı sanksiyalar tətbiq olunmayıb. Daha sonra bu münaqişənin həlli məcburetmə mexanizmləri olmayan ATƏT-ə həvalə edilib. Əldə olunan atəşkəsdən sonra münaqişə “dondurulmuş münaqişə” olaraq bir kənara atılıb və həlli üçün əhəmiyyətli səylər göstərilməyib. Münaqişənin konkret olaraq hansı hüquqi prinsiplər əsasında həlli müəyyən olunmayıb. Münaqişənin həllində səsləndiriliən beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipi burada tətbiq oluna bilməz, çünki DQ-də yaşayanlar xalq deyil, erməni milli azlığıdır.

Hans-Yoaxim Hayntse dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərindən söhbət açıb, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsiplərinin beynəlxalq praktikada ziddiyyəti ortaya çıxdığı zaman ərazi bütövlüyünə üstünlük verildiyini qeyd edib. Bildirilib ki, əgər etnik əsasda öz müqəddəratını təyinetmə prinsipi əsasında dövlətlərin yaranmasına icazə verilsə, bu, dayandırılması mümkün olmayan, sonsuz bir prosesə çevrilə bilər. Buna görə, xüsusi bir hal olan Kosovo istisna olmaqla, həmişə dövlətlərin ərazi bütövlüyünün saxlanılmasına üstünlük verilib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...