Azərbaycan dünya birliyini necə və nədən xilas etdi? – II Yazı

Dağılmaqda olan dünya birliyi, nüfuzunu itirmiş BMT, ATƏT kimi beynəlxalq təşkilatlar Azərbaycanın sayəsində öz mövqelərini qaytara, dünya sürükləndiyi fəlakətdən qurtula bilər. Necəmi? Bu yazıda izah edəcəyik.

(Əvvəli burada)

https://sia.az/az/news/politics/833362.html

Ermənistanın BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə tüpürərək Azərbaycanda ermənilərin yaşadığı keçmiş muxtar vilayətə heç bir aiddiyyatı olmayan, ermənilər yaşamayan Ağdam və Ağdərə rayonlarını da işğal etməsindən sonra artıq dünya birliyi Ermənistana qarşı daha sərt mövqe qoymalı idilər. Lakin dünya susdu, BMT isə, bu dəfə mətni bir qədər geniş olan növbəti qətnamə qəbul etməkdən başqa heç nə etmədi. Baxaq görək, TŞ-nin 2-ci qətnaməsində nədən söhbət gedirdi. (qətnamələr ixtisarla verilir, yalnız əsas məqamlar olmaqla- E.B).

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi

29 iyul 1993-cü il tarixdə Təhlükəsizlik Şurası 1993-cü il 30 aprel tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək,… (arada keçən qətnamənin girişindəki ümumi sözlər) bölgədəki fövqəladə humanitar vəziyyətlə əlaqədar yenə də ciddi narahatlıq keçirdiyini ifadə edərək:

1. Azərbaycan Respublikasının Ağdam rayonunun və bu yaxınlarda zəbt olunmuş bütün digər rayonlarının işğalını pisləyir;

2. Bölgədə gələcəkdəki bütün düşmənçilik hərəkətlərini, o cümlədən mülki şəxslərə hücumları və yaşayış rayonlarının bombalanmasını və top atəşlərinə tutulmasını pisləyir;

3. Bütün hərbi əməliyyatların təxirə salmmadan dayandırılmasını və münaqişədə iştirak edən işğal qüvvələrinin Azərbaycan Respublikasının Ağdam rayonundan və bu yaxınlarda işğal olunmuş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir;

4. Əlaqədar tərəfləri atəşin dayandırılması haqqında razılığa gəlməyə və bu razılaşmalara əməl etməyə çağırır;

5. Bölgədə iqtisadi, nəqliyyat və energetika əlaqələrini bərpa etməyə dair özünün əvvəlki çağırışlarını yuxarıdakı 3 və 4-cü bəndlər baxımından bir daha təsdiq edir;…

9. Ermənistan hökumətinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 (1993) saylı qətnamənin müddəalarına əməl etməsi və ATƏM-in Minsk qrupunun təkliflərini həmin tərəfın qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır;

10. Dövlətləri münaqişənin güclənməsinə və ya ərazinin işğalınm davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və ləvazimat göndərməkdən çəkinməyə təkidlə çağırır;

11. Mülki əhalinin artmış iztirablarını yüngülləşdirmək üçün bölgədə, xüsusən münaqişənin əhatə etdiyi bütün rayonlarda humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə yenidən çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarma əməl etməyə borcludurlar;…

Göründüyü kimi, qətnamədə müəyyən “irəliləyiş” var- ən azı bəndlərin sayı artıb, lakin Ermənistan üçün bu, sadəcə kağız parçasıdır. BMT isə, İraqa qarşı etdiyini Ermənistana qarşı etmək istəmir. Yəni, işğalçını işğal etdiyi ərazilərdən beynəlxalq hərbi koalisiyanın gücü ilə çıxarmaq barədə heç düşünmür də.

Qafqazda isə, müharibə alovlanır. Buna əvvəlcədən yaxşı hazırlaşmış və böyük dövlətlərdən də silah, texnika, maliyyə almaqda olan Ermənistan hələ öz ordusunu formalaşdırmağa imkan tapmayan Azərbaycanın yeni-yeni ərazilərini işğal etməyə davam edir.

Bu qətnamədən sonra avqust ayında Cəbrayıl, Füzuli və Qubadlı rayonları işğal olundu. Yəni, etikanı zadı kənara qoyub, hər şeyi öz adı ilə çağırsaq, Ermənistan BMT-nin və dünya birlyinin üzünə daha 3 dəfə tüpürdü.

Buna “cavab olaraq” BMT TŞ bir də 3 ay sonra ayılır. Oktyabrda qəbul etdiyi 3-cü qətnamədə keçən qətnamədən sonra işğal edilmiş Azərbaycan rayonlarının adlarını sıralamağa “utanır” və ümumi sözlə ifadə edir. Keçən qətnamənin yerinə yetrilmədiyinə görə işağlçı ölkəyə qarşı sərt tədbirlər həyata keçirilməsi yenə də nəzərdə tutulmur.

Normaldır, dünya ictimaiyyətinə necə desinlər ki, planetimiz boyda BMT hansısa Qafqazda yerləşən, dünya xəritəsində görünməyən cıqqılı bir işğalçı və terrorçu dövlətin əlində aciz qalıb? Necə desinlər ki, bu terrorist dövlətə işğal və soyqırım aktlarını həyata keçirməkdə elə həmin BMT-nin aparıcı dövlətləri kömək edir? Necə desinlər ki, başqa hallarda işləyən beynəlxalq hüquq hansısa möcüzəli səbəbdən Ermənistana gəldikdə işləmir. Necə desinlər ki, BMT və digər beynəlxalq təşkilatlar dünyada ancaq böyük dövlətlərin mənafelərini qorumaqla məşğuldur.

Yalnız səlahiyyətsiz ağsaqqallar məclisi olaraq daha kəsərsiz və daha yumşaq növbəti qətnamə qəbul etməkdən başqa heç nə etmirlər. Ona görə də, növbəti qətnamədəki boşboğazlıq daha maraqsızdır və heç oxumağa da dəyməz, amma biz yenə də oxusaq məsləhətdir.

BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi

14 oktyabr 1993-cü il tarixində Təhlükəsizlik Şurası özünün 1993-cü il 30 aprel tarixli 822 saylı və 1993-cü il 29 iyul tarixli 853 saylı qətnamələrini təsdiq edərək… (arada həmişəki boşboğazlıq) Azərbaycan Respublikasının və regiondakı bütün başqa dövlətlərin suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edərək… Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin köçkün vəziyyətə düşməsi ilə əlaqədar özünün ciddi narahatlığını ifadə edərək:

1. Əlaqədar tərəfləri ATƏM-in Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyası hökumətinin köməyi ilə birbaşa əlaqələr nəticəsində müəyyən olunmuş atəşkəsi səmərəli və daimi etməyə çağırır;

2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini, habelə ATƏM-in Minsk qrupunun daimi səylərini tamamilə dəstəklədiyini bir daha bəyan edir;

3. 1993-cü il sentyabrın 28-də ATƏM-in Minsk qrupunun müşavirəsində hazırlanmış və qrupun sədri tərəfındən əlaqədar tərəflərə təqdim olunmuş və həmin qrupun digər 9 üzvünün hərtərəfli dəstəklədiyi "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli"ni alqışlayır, tərəflərin buna diqqət yetirməsini tövsiyə edir və tərəfləri həmin cədvəli qəbul etməyə çağırır;

4. Əmin olduğunu bildirir ki, münaqişədən doğan və "Yeniləşdirilmiş cədvəl"də bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll edilməmiş məsələləri ATƏM-in Minsk prosesi baxımından tezliklə sülh danışıqları çərçivəsində həll etmək lazımdır;

5. Qüvvələrin bu yaxınlarda işğal edilmiş ərazilərdən çıxarılması, kommunikasiya və nəqliyyat üçün olan bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun "Yeniləşdirilmiş cədvəl"də nəzərdə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirləri dərhal həyata keçirməyə çağırır;…

8. ATƏM-in müşahidə üçün yaratdığı missiyanı dəstəkləyir;…

10. Regiondakı bütün dövlətləri münaqişənin genişlənməsinə, bölgədə sülh və təhlükəsizliyin

pozulmasına səbəb ola biləcək hər hansı düşmənçilik hərəkətlərindən, işə hər hansı şəkildə qarışmaqdan və ya hərbi müdaxilədən çəkinməyə təkidlə çağırır…”

Bax belə… Bu, artıq mənasız tövsiyyələrin təcavüzkarı daha da cəsarətləndirməsinə səbəb olur. Bundan sonra Ermənistan daha da azğınlaşır, yeri ərazilər işğal edir, soyqırım və terror aktlarını davam etdirir, sanki BMT qətnamələrindən ruhlanır, dünyaya meydan oxuyur, artıq Beynəlxalq Səlahiyyətsiz Ağsaqqallar Şurasına çevrilmiş BMT isə bunu seyr edir…

Düzdür, bir müddət sonra daha bir- 4-cü və sonuncu qətnamə qəbul edəcək, lakin artıq dünya ictimaiyyətinə özünün lazımsız, “dişsiz”, heç nəyə yaramayan təşkilat olduğunu qəti və təkzibedilməz şəkildə sübut etmişdir…

Həm də Ermənistan artıq qətnamə zad vecinə almadığını da qətil şəkildə ortyaya qoymuş və bunu dünyanın üzünə çıprmışdır. Problemin həlli üçün BMT TŞ-nin veto hüquqlu daimi üzvlərindən seçilmiş ATƏT-in Miskn Qrupunun hər 3 həmsədri açıq və birbaşa şəkildə Ermənistanı dəstəkləyir, onu maliyyə, silah, texnika ilə təmin edir. Hər dəfə danışıqlarda kritik situasiya yarananda “tərəflər özləri razılığa gəılsin, biz də dəstəkləyərik” kimi axmaq bəyanatlar verməklə özlərini rüsvay eləyirlər.

Vəziyyətdən açıq şəkildə belə məlum olur ki, mövcud olmayan dünya birliyinə güvənmək olmaz, hər ölkənin problemini onun özü həll etməlidir, əgər ölkənin ərazisi işğal olunubsa bunu onun ordusu azad etməlidir. Beləliklə, aydın olur ki, “dünya birliyi”, beynəlxalq birlik” kimi saxta ifadələr mənasızdır.

Beynəlxalq təşkilatlar yalnız kağız-kuğuz düzəltməklə məşğul olur. BMT TŞ formal olaraq bu istiqamətdə fəaliyyətini davam etdirir, yəni qətnaməbazlığından əl çəkmir, lakin artıq dünyaya hər şey aydın olmuşdur- beynəlxalq birlik dağılmış, beynəlxalq hüquq kənara atılmış, dünya ölkələri öz problemlərini özü həll etməyə dəvət olunmuşdur.

Bu sonuncu qətnamə biabırçılıq haqda növbəti yazıda. Burada isə Azərbaycanın BMT qətnamələrini yerində həyata keçirərək dünya birliyini hansı biabırçılıqdan xilas etməsinə daha çox əmin oldunuz. Növbəti yazıda artıq heç kimin şübhəsi qalmayacaq.

Davamı olacaq

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə