“Ermənizm” xəstəliyi Qafqaz regionuna hansı faciələr bəxş edib? - ANALİZ

Son 100 ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım və deportasiya aktlarında 1,5 milyon nəfər öz tarixi yurdlarından qovulub, 500 min nəfər öldürülüb

Bu ilin noybarında Azərbaycanlıların Ermənistandan tam deportasiya edilməsinin 22-ci ili tamam olur. 1988-ci il noyabrın sonu- dekabrın birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182 000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınındır), 18 000 kürd və 1 000 nəfər rus (rəqəmlər Azərbaycan Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb. Ümumilikdə 200 mindən artıq insan öz tarixi torpaqlarından vəhşicəsinə qovulub.

Dünyanın ən vəhşi deportasiya aktları

XX əsrdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər 4 mərhələyə bölünür.

Stastistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, təkcə 20-ci əsrdə indiki Ermənistan ərazisində yaşayan 1 milyon 500 yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.

Sonuncu deportasiya əməliyyatı ilə Ermənistan dövləti 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlı sakinlərini tarixi torpaqlarından qovub.

Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin yarımçıq qalmış istintaq materiallarından göründüyü kimi, Ermənistan hökuməti həyata keçirilən deportasiya əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilib, o cümlədən 2 nəfərin dir-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər isə öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər özünü öldürüb, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır.

Hazırda Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı yaşamır və Ermənistan dünyada ən monoetnik dövlətə çevrilib. Ölkə əhalisinin 99 faizi ermənilərdən ibarətdir.

Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişidirilərək erməni adları ilə əvəz olunub.

Ad dəyişmə əməliyyatı azərbaycanlılar tam deportasiya edildikdən sonra da davam edib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Ermənistan hökuməti azərbaycanlıların bu ölkənin ərazisindən tam deportasiyasından sonra Azərbaycanın Qarabağ bölgəsində yaşayan 700 minə yaxın azərbaycanlını da zorla öz ev-eşiyindən didərgin salıb və soyqırıma məruz qoyub.

Azərbaycanlıların deportasiyası dünya mətbuatında və sənədlərdə

Azərbaycanlıların deportasiyası nəinki Azərbaycanda, eləcə də Ermənistanda və başqa ölkələrdə çap olunmuş kitablarda kifayət qədər öz əksini tapıb.

Erməni alimi Zaren Karkadyan "Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə" kitabında yazır: "1820-ci ilədək indiki Ermənistan ərazisindəki 2 300 yaşayış məntəqəsindən 2 080-də azərbaycanlılar yaşayıb".

Azərbaycanın parçalanması ilə nəticələnən 1828-ci il İran və Rusiya arasında bağlanmış "Gülüstan" müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı deportasiyaya məruz qalıb.

1986-cı ildə Yerevanda dərc olunmuş "Ermənistan və ətraf rayonların toponimləri lüğəti" adlı kitabda yazıldığı kimi, "indiki Ermənistan ərazisində yaşayan ermənilərin 70 faizi 1828-1830-cu illərdə Türkiyə və İrandan gəlmiş mühacirlərdir".

1911-ci ildə Peterburqda nəşr olunmuş məşhur tədqiqatçı Y.Şavrovun "Zaqafqaziyada rus işinə təhlükə" kitabından: "1928-1930-cu illərdə Zaqafqaziyaya İrandan 40 000, Türkiyədən isə 84 600 erməni köçüb, erməni millətinin cüzi olduğu İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşib".

ABŞ alimi Castin Makkarti isə "Soyqırım olmuşdurmu?" kitabında yazır: "1820-1920-ci illərdə 600 000 erməni Rusiya ərazisinə köçüb, 2 milyon müsəlman isə bu ərazini tərk edib".

Tiflisdə nəşr olunan "Revolyussinnıy Vostok" jurnalı 1923-cü il aprel sayında yazırdı: "Daşnak hökuməti öz hakimiyyəti dövründə Ermənistandakı azərbaycanlıların 60 faizini qırıb".

Həmin jurnal 1936-cı ildə yazır: "Təkcə 1914-1918-ci illərdə İrəvan quberniyasında 88 azərbaycanlı kəndi dağıdılıb, 1 920 ev yandırılıb, 131 970 nəfər öldürülüb".

Yenə Gürcüstanda nəşr olunan "Qruziya" qəzetinin 1918-ci il noyabr tarixli nömrəsindən oxuyuruq: "1918-ci ilin noyabrınadək Sisyan rayonunun 15 azərbaycanlı kəndində 625 nəfər ermənilər tərəfində öldürülüb və bu kəndlərə 51 390 000 manat ziyan dəyib".

"Ermənistan azərbaycanlıları və onların acı taleləri" adlı kitabda deyildiyi kimi, ermənlərin həyata keçirdiyi bütün soyqırımlarda 500 minədək azərbaycanlı qətlə yetirilib.

Ermənistanın deportasiya siyasəti dünya ictimiayyətinə çatdırılmalıdır

Bütün bunlara baxmayaraq, Ermənistandan deportasiya olunmuş azərbaycanlılarla bağlı məsələ bir beynəlxalq təşkilatın belə ciddi müzakirə mövzusu olmayıb. Yalnız BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2004-cü ilin aprelində deportasiya və məcburi köçkün məsələlərinə həsr olunmuş konfransında Ermənistandan deportasiya olunmuş insanların taleyi gündəlikdə olub. Konfransda vurğulanıb ki, təkcə beynəlxalq təşkilatların ədalətli qərarları Ermənistandan olan azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasına səbəb ola bilər.

Ancaq o vaxtdan sonra beynəlxalq təşkilatlar bu problemə diqqət ayırmayıb. Halbuki, deportasiyanı özündə əks etdirən dövlətlər səviyyəsində qəbul edilmiş minlərlə sənəd arxivlərdə öz araşdırıcılarını gözləyir.

Soydaşlarımızın Ermənistandan tam deportasiya olunmasının 22-cu ildönümünün yaxınlaşması ilə bağlı dünya ictimiayyətinə bu həqiqətlərin çatdırılması işləri aparılmalıdır. Hazırki müharibədə və danışıqlarda ermənilərin Qarabağda yaşamaları tələbləri qarşısına, “o halda azərbaycanlılar da Ermənistandakı tarixi torpaqlarına qayıdacaq və yaşayacaq” tələbi qoyulmalıdır. Əgər Qarabağda 100 min erməni yaşayırdısa, Ermənistanda 200 min azərbaycanlı yaşayırdı.

Bu gün dünyanı uydurma soyqırım iddiaları ilə boğaza yığmış ermənilərə qarşı bizim əlimizdə dəqiq və təkzibedilməz tarixi sənədlərlə sübut olunmuş faktlar var. Son vaxtlar bu sahədə beynəlxalq təbliğat və məlumatlandırma işinin təşkilində irəliləyiş hiss olunur. Azərbaycan dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə erməni təbliğatını puça çıxarır və Azərbaycan xalqına qarşı törədilmiş vəhşilikləri dünya ictimaiyyətinə çatdırır.

Bu işdə vətəndaşlarımız da fəalllığı artırıblar. Son vaxtlar yüz minlərlə vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız Azərbaycan, Qarabağ həqiqətlərini, Ermənistanın işğalçı və terrorçu mahiyyətini qlobal informasiya məkanında gedən müzakirələrdə faktlarla ortaya qoyur.

“Ermənizm” xəstəliyi ən böyük zərəri ermənilərə vurub

Ermənistanın işğalçı siyasəti təkcə özündə deyil, bütün Qafqazda demoqrafik problem yaradıb. Belə ki, Qafqazda xalqların məcburi demoqrafik yerdəyişməsi baş verib, bundan başqa, erməni xalqının özü də ölkədəki sosial-iqtisadi böhrana dözməyərək başqa ölkələrə miqrasiyaya məcbur qalıb.

Karnegi Fondunun böyük elmi işçisi Tomas de Vaalın ABŞ-da çıxan “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində qeyd ounur ki, sonuncu siyahıyaalmanın nəticələrinə görə, Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir: 1989-1992-ci illərdə ölkəyə 400 min erməni gəldiyinə baxmayaraq, əhalinin sayı azalıb. Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət ermənilərin kütləvi olaraq keçmiş Sovet məkanına və Avropaya miqyasiyasını sürətləndirib. Sovet İttifaqı dağılandan bəri ölkəni tərk etmiş insanların sayı 1 milyona yaxındır”.

Miqrasiya edənlərin çoxu Rusiyaya və Ukraynaya üz tutub və orada iş tapıb yaşamağa çalışıblar. Amerika və Avropa ölkələrinə də xeyli erməni köçüb. Bunların azı 90 faizi ölkələrini birdəfəlik tərk edənlərdir.

İş tapmaq ümidi ilə Gürcüstana axın edən ermənilər orada da problemlər törədir, yerli əhali ilə qarşıdurmalar yaranır. Bundan əlavə, Gürcüstanın Cavaxetiya regionunda ermənilərin kompakt məskunlaşması və tez-tez seperatçılıq meyillərinin ortaya çıxması rəsmi Tbilisinin Qafqazda yeni “Qarabağ”ın yaranacağı təhlükəsini nəzərə almasına və müəyyən tədbirlər görməsinə səbəb olur.

Onu da nəzərə almaq lazımdır ki, Türkiyədə də azı 100 min erməni miqrant yaşayır və işləyir. Türkiyəyə ərazi iddialarının kəsilmədiyi bir şəraitdə onların orada qalması çətin olacaq.

Göründüyü kimi, Ermənistanın işğalçı və terrorçu siyasəti, qonşu xalqa qarşı soyqırım həyata keçirməsi özünün ağır nəticələrin erməni xalqının da üzərində göstərib. Bir qrup ermənizm ideoloqu və Qərb dövlətlərinin seperatçı agentləri bütün bir xalqı müsibətə, faciəyə düçar edib. Ermənilər bunu artıq başa düşürlər və görürlər, lakin artıq gecdir. İndi son 2 əsrdə törədilmiş sayslz-hesabsız vəhşiliklərə, işğala, terrora, soyrıqıma görə Azərbaycan xalqı qarşısında cavab vermək vaxtı gəlib çatıb.

Tarixin məhkəməsi ağır olur...

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...