Əli Kərimlinin köhnə adamı "Heç bir təəssüratım yoxdur" dedi... QARA YARA

Azərbaycanın rəşadətli Ordusu Qarabağ cəbhəsində ardıcıl qələbələrini əldə etməsi ilə xalqına hədsiz sevinc və qürur hissləri bəxş etməkdədir. Demək olar ki, hər gün yeni və şad xəbərlər əldə edən Silahlı Qüvvələrimiz düşmənə ağır, sarsıdıcı zərbələr vurur, onu əzəli ərazilərimizdən sözün əsl mənasında iti qovan kimi qovmaqda davam edir.

Lakin maraqlıdır ki, özlərini "kosmopolit" və s. bənzər fərdlər kimi görən bəzi ünsürlər sanki bu ölkənin övladları olduğunu tamamilə unudaraq, daxillərindəki çirkabları gizli saxlaya bilmirlər, hətta bunu dillərinə belə gətirirlər. SİA-ya daxil olan məlumata görə, belə ünsürlərdən biri də, əslən Füzuli rayonundan olan və torpaqları cəsur əsgərlərimizin canları, qanları bahasına düşmən tapdağından azad olunan Seymur Baycandır. Bir zamanlar "Azadlıq" qəzetində yazıb-pozan və Əli Kərimliyə yaxınlığı ilə seçilən, sonradan isə münasibətləri pozulan Seymur Baycan hazırda Gürcüstanda yaşayır və Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün işğaldan azad olunmasına laqeyd münasibətini sərgiləyib.

Belə ki, "Heç bir təəssüratım yoxdur, tam laqeydəm", deyən adıçəkilən ünsür əlavə edib: "Həyəcan keçirmirəm, hadisələrlə maraqlanmıram. Özümə də bu laqeydlik bir az qəribə gəlir. Bilmirəm niyə belədir?"

Çox yəqin ki, dırnaqrarası kosmopolitin bu cür düşünməsinin əsas səbəblərindən biri onun daxilində dövlətçilik sevgisinin olmaması, formalaşmaması, belə bir həssas faktorun mövcudsuzluğudur. Çünki Vətənin uğurlarına, qələbələrinə sevinməmək, ona laqeyd qalmanı etiraf etmək arxasında bir çox qaranlıq və arzuolunmaz məqamlar dayanmaqdadır. Belə məqamlardan biri də, xəyanət deyilən qara yaradır. Məhz həmin qara yara Seymur Baycan və onun kimi düşüncədə olan digərlərinin qanlarına qədər işləyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...