Bütöv şəxsiyyət və dünya səviyyəli lider Əliyev-miskin və yarımçıq jurnalist Paşinyan - ŞƏRH ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan RİA Novosti agentliyinə müsahibə veriblər. Müsahibə zamanı hər iki ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanları yaradılsa da, nəticə isə tamamilə fərqli, əslində, uçurum qədər dərin olub. Belə ki, dünya ictimiyyəti yenidən bir tərəfdə müasir və güclü Azərbaycanı quran qalib lider, siyasətin nəzəriyyəsinə və praktikasına hakim olan bir diplomat və siyasətçi gördüsə, digər tərəfdə öz ölkəsini fəlakətə sürükləyən yalançı, avantürist, siyasətə təsadüf nəticəsində gəlmiş bir insanın şahidi oldu. Müsahibənin digər tərəfində isə Azərbaycanın Ali Baş Komandanının təmkini, savadı, qətiyyəti qarşısında özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, zəif mövqe və məhdud potensial səbəbindən həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, hələ də yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən, cılız və miskin Paşinyan görür". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, sualların birində tərəflərə oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmada baza prinsipləri xatırladılır və prinsipləri açmaq xahiş olunur: "Prezident İlham Əliyev qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də onun mahiyyəti barədə məlumat verir. Aydın şəkildə göstərir ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb. Paşinyan hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyuldu, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərildi və bütövlükdə, danışıqlar prosesinə kökündən zərbə vuruldu. Bundan başqa, Ermənistanın yeni hakimiyyəti aqressiv ritorika ilə heç bir güzəşt olmayacağını bəyan etdi və açıq şəkildə yeni işğal planlarını reallaşdırmağa başladı. Azərbaycan Prezidentinin fikirlərini aydın, dəlillərlə əsaslandırmaq bacarığı, natiqlik məharəti, diplomat təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur. O zaman belə bir sual ortaya çıxa bilər ki, nəyə görə prezident İlham Əliyev baza prinsiplərinin detalları barədə danışa bilir, atılacaq addımları göstərir, amma Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır? Ermənistanın baş naziri "məsələ ondadır ki, bu prinsipləri tərəflər necə interpretasiya edir" deməklə cavabdan qaçır və heç bir detal barədə məlumat vermir. Çünki bu detallar münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın statusu məsələnin həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və buna görə də sualdan ümumi cavablarla yayınır. Kompromislər haqqında danışılarkən, hansı kompromisə hazır olunduğu ya da hər hansı bir xəttin keçilməyəcəyi məsələsi sual olunur. Bu dəfə də Prezident İlham Əliyev aydın və müfəssəl şəkildə izah edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə, eyni zamanda, məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan birmənalı olaraq heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Eyni zamanda, cənab Prezident onu da diqqətə çatdırır ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir. İlham Əliyev Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada, Gürcüstanda bu kimi nümunələrin olduğunu göstərir və nəyə görə eyni vəziyyətə Dağlıq Qarabağda nail olmağın mümkün olmadığını sual edir. Mahiyyət etibarilə, İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Eyni sual isə Paşinyana üç dəfə verilir. Yenə də çox gülməli bir mənzərə əmələ gəlir. Ermənistanın baş naziri ya sualı başa düşmür, ya da özünü eşitməzliyə vuraraq sualdan yayınmağa çalışır. Birinci dəfə o, kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı "qırmızı xətt" kimi göstərir. Aydın görünür ki, Paşinyan kompromis və "qırmızı xətt" anlayışlarını qarışdırır. Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan bu dəfə də kompromis barədə sualı cavabsız qoyur. Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir deyir ki, "biz Azərbaycanın hazır olduğu proporsional kompromisslərə hazırıq". Politoloq bildirib ki, kompromis barədə sualın üç dəfə təkrarlandığı və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, onda Prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır: "Bu təqdirdə haqlı olaraq sual meydana çıxır: inkarçılıq mövqeyi tutaraq irəli addım atmaq istəməyən qarşı tərəflə hansı danışıqlar aparmaq olar? Bütün suallarda olduğu kimi dövlət başçılarının bu suala cavabları da İlham Əliyevlə Nikol Paşinyan arasında dərin uçurum olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev Rusiya auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəkilik barədə lakonik, lakin müfəssəl məlumat verir. Həmçinin, hazırkı dövrdə Azərbaycanın Rusiyaya münasibəti və Azərbaycan-Rusiya əlaqələrinin mahiyyətini çatdırır. Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur. Prezident İlham Əliyevin bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir". Ş.Həsənova vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan isə bu imkanı öz avantürasını davam etdirmək üçün fürsət kimi istifadə edir: "Onun Türkiyənin Cənubi Qafqaza ekspansiyası və Rusiyanın maraqlarına təhdid olması barədə iddiaları münaqişənin ərazisini genişləndirmək, daha çox Rusiyanı münaqişəyə cəlb etmək və onun hesabına hər hansı üstünlük qazanmaq məqsədi güdür. Lakin Paşinyan unudur ki, Rusiyanın siyasi rəhbərliyi mövcud reallığı onun qurduğu fantastk ssenarilər əsasında deyil, müvafiq orqanların vəziyyəti öyrənməsi və dərindən təhlil etməsi əsasında qurur. Üstəlik, bir gün öncə Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışıqları və Prezident İlham Əliyevin müsahibəsində Rusiyanın ünvanına dəqiq mesajları bu tipli uydurmaları mənasız edir. Ümumilikdə dəyərləndirəndə isə siyasətdə bədən dili hər zaman önəmli amildir. Bu da təsadüfən yaranmır. Bir liderin hərəkətləri, jestləri, mimikasında olan əminlik onun haqlı mövqeyindən, siyasi tarixə bələd olmasından və ən əsası da bir şəxsiyyət kimi bütövlüyündən xəbər verir. Bu günə kimi reallaşan müsahibələrdə istər Rusiya auditoriyasında, istərsə də bütün dünyada İlham Əliyevin hərəkətlərində, mimikasında olan əminlik bir tərəfdə onun münaqişənin tarixinə, mahiyyətində bələd olmasından xəbər verirsə, digər tərəfdə isə onun simasında haqlı olaraq özünə güvənən, təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran, izah edən və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə