Qaçqın və məcburi köçkünlərin hamisi…

Prezident İlham Əliyevin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılması ilə bağlı Sərəncamı bu reallığın sübutudur

Bu gün xalqımız həm qürurlu, həm də zəfərli gününü yaşayır. Belə ki, düz 30 ilə yaxın bir müddətdə torpaqlarımızın 20 faizi təcavüzkar və işğalçı Ermənistan tərəfindən işğal edilib, bir milyondan çox soydaşlarımız öz doğma yurd-yuvalarından qaçqın düşmüşlər. Bu gün artıq 30 illik həll olunmayan işğalçı Ermənistanın yaratdığı qondarma “Dağlıq Qarabağ” probleminin həllinə Azərbaycan prezidenti, Ali Baş Komandan NÖQTƏ qoydu. Azərbaycan Prezidenti bu günə kimi bu problemin ancaq sülh yolu ilə həll olunması tərəfdarı idi. Artıq bu gün bundan o tərəfin olmadığı kimi, bu problemin də həllinin məqamı idi. Ancaq onu da vurğulayaq ki, sentyabrın 27-də təcavüzkar Ermənistanın hərbi hissələri təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribatlar törədiblər. Düşmən bu günə kimi, cavabını almaqdadır.

Və belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” verdiyi Sərəncam bir daha sübut edirk ki, dövlət başçısı həmişə, vəziyyətdən asılı olmayaraq həmişə xalqının yanındadır. Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi məcburi köçkünlərin problemlərinin kompleks həlli üçün geniş imkanlar açır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə dünyadakı iqtisadi və maliyyə böhranı, həmçinin bu ilin mart ayından etibarən davam edən koronavirus pandemiyası ölkəmizdə heç bir sosial layihənin, o cümlədən məcburi köçkünlərlə bağlı layihələrin icrasını dayandırmayıb.

Cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında hazırlanmış “Yol xəritəsinə” uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış məhəllərinin inşası davam etdirilir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu ilin sonunadək respublika ərazisində daha 5 yeni qəsəbə istifadəyə veriləcəkdir. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda, «Ümid» qəsəbəsində 180 ailəlik məhəllə - istifadəyə hazırdır. Sabunçu rayonunun Ramanı qəsəbəsi ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1512 ailəlik, Samux rayonu ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 200 ailəlik, Abşeron rayonunda, “Sumqayıt stansiyası» adlanan ərazidə bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1890 ailəlik, Binəqədi rayonundakı Xocasən qəsəbəsində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 810 ailəlik yeni məhəllələrdə iş davam edir”.

Verilən vədlər, real nəticələr – əsl siyasətin təsdiqidir

Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Bu gün, son 17 il ərzində görülən işlər bir daha onu göstərir ki, verilən vədlər, vəd olaraq qalmır. Faktlar da bunun sübut edir: Son 20 ildə, ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub, artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb.

Yoxsulluq 75 faizdən 12 faizədək azalıb

Bir daha bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, sosial-iqtisadi potensialının göstəricisidir. Görülən fəaliyyətin nəticəsi olaraq, son 17 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.

Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, «Böyük Qayıdış» proqramı tam icra olunsun. Əslində, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə tezliklə həllinə hər bir azərbaycanlı qəti şəkildə əmindir. Çünki kifayət qədər güclənən Azərbaycan dövləti və xalqı əzəli, tarixi torpağının daha düşmən tapdağı altında qalmasına dözmək niyyətində deyil. Azərbaycan bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək imkanları tükənmədiyindən Ermənistanla danışıqlar prosesini davam etdirir. Bu, istənilən nəticəni verməsə, onda ordumuz qısa müddətdə zəbt edilmiş ərazilərdən düşməni süpürüb atacaq. Buna qədər isə dövlət məcburi köçkünlərin problemlərinin həlli istiqamətində zəruri tədbirlər görməkdə davam edir.

Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır. Çünki əhalinin rifahının yüksəldilməsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biri də məhz verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və bu sahənin müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.

Beləliklə, bütün bunlar da Azərbaycanın, ilk növbədə, mahiyyət etibarilə sosial dövlət olduğunu sübuta yetirir, eyni zamanda, cənab Prezidentin ölkənin sosial qayğıya ehtiyacı olan vətəndaşlarına nə dərəcədə diqqət və qayğı ilə yanaşdığını göstərir. Çünki ölkə Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək… Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır”.

Göründüyü kimi, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Məhz buna görə də, qaçqın və məcburi köçkünlər əmindirlər ki, onlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində doğma yurdlarına qayıdacaqlar. Artıq o günə çox az zaman qalıb.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə