"Prezident diplomatik masalarda olduğu kimi, döyüş meydanında da qalibdir" Vüqar Seyidov

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri

Azərbaycan Respublikasının xarici siyasət xəttini, dövlətçilik ənənələrini, ordusunun döyüş qabiliyyətini öncəki illərlə, konkret Azərbaycan torpaqlarının işğalının başladığı 90-cı illərin əvvəlləri ilə müqayisə etdikdə məlum olur ki, Azərbaycan dünyaya verdiyi mütərəqqi töhfələrlə ikili və çoxtərəfli münasibətlər kontekstində ordusunun inkişafı nöqteyi-nəzərindən məqsədyönümlü işlər görmüş və dünya birliyinin dəstəyini almağı bacarmışdır. Bugünkü hərbi qələbələrimiz böyük səylə görülmüş işlərin məntiqi nəticəsidir. Cənab Prezident, Ali Baş Komandan möhtrəm İlham Əliyevin söylədiyi kimi bizə yarımçıq həll lazım deyil. Əminəm ki, şanlı Azərbaycan ordusu böyük zəfərlərlə işğal altında olan son qarış torpağımızı düşmən tapdağından azad edənə qədər mübarizəyə davam edəcəkdir. Biz bugünkü mövqeyimizlə, zəfərlərimizlə, ordumuzla və dövlət başçımızla qürur duyuruq, duymalıyıq!

Əslində, Tovuz təxribatı zamanı ciddi zərbə alan Ermənistan ötən üç ay müddətində bir dəfə də konstruktiv, sülhsevər mövqe tutmamış, əksinə edilmiş bütün xəbərdarlıqlara rəğmən təxribatlarına davam etmişdir. 27 sentyabr 2020-ci il tarixdə səhər saat 06:00-dan başlayaraq Azərbaycan ordusunun mövqelərini və mülki əhalini hədəf alan Ermənistan silahlı birləşmələri sülh danışıqlarını və bütün beynəlxalq sövdələşmələri pozmuşdur.

27 sentyabr 2020-ci il tarixdə növbəti dəfə Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarına hücum əməliyyatı həyata keçirmək cəhdi etmişdir. Öz xislətinə uyğun olaraq ordumuzun qüdrətindən çəkinərək mülki əhaliyə fiziki və maddi xəsarət yetirmişdir. Lakin bu dəfəki hücüm əməliyyatı da uğursuz nəticələnərək, uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli-Cəbrayıl rayonları istiqamətində Qərvənd, Kənd Horadiz, Qaraxanbəyli, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri və Ağdərə-Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilərək, hakim yüksəklilər nəzarətə götürülmüşdür.

Bu qələbə münasibəti ilə mən başda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, bütün zəfərlərimizin sözsüz memarı İlham Heydər oğlu Əliyev olmaqla bütün ordumuzu, zabit, gizir, əsgər heyətini və əlbəttə, qəhraman Azərbaycan xalqını təbrik edirəm. Böyük zəfərin səbəbkarları hümanist və peşakar olduqlarını bir daha sübut edərək, Ağdarə istiqamətində düşmən tərəfə təslim olmaq və Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etmək barədə xəbərdarlıq ediblər. Bu da Azərbaycan ordusunun qüdrətinin bariz təzahürüdür. Halbüki, Azərbaycan torpaqları işğal olunduğu zaman əliyalın, dinc əhaliyə qarşı erməni qəsbkarları bu cür mərhəmətli davranmamış və tarixə Xocalı soyqırımı kimi qara bir səhifə yazılmışdır.

Son zamanlar Tovuz istiqamətində Ermənistan hakimiyyətinin həyata keçirtdiyi təxribat hadisələri olmasaydı, Azərbaycanın təklifi ilə baş tutacaq BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının iclasında Azərbaycan koronavirusla mübarizə çərçivəsində dünya ölkələrinin əməkdaşlıq imkanlarını ciddi müzakirə edəcəkdi. Bugün də, virus bütün dünyada var və hələ də aktualdır. Lakin Ermənistanın kriminal hakimiyyəti bir daha dünya birliyinə heç bir töhfə vermədiyi kimi işğalçı siyasəti ilə virusdan daha təhlükəli faktor olduğunu və dünyanın birliyini pozduğunu açıq şəkildə nümayiş etdirdi.

Son üç aydır bütün möhtəbər tribunalardan Azərbaycan Respublikasının rəsmi şəxsləri və şəxsən cənab Prezident İlham Əliyev dəfələrlə dünya birliyinə, xüsusəndə Ermənistanın cinayətkar, dövlət çevirilişi hesabına hakimiyyətə gəlmiş, etnik təmizləmə siyasəti həyata keçirən rəhbərliyinə dəstək verən ölkələrə səslənir, xəbərdarlıq edir. Ermənistanın qarşısının alınmalı olduğunu vurğulayan cənab Prezident kəskin şəkildə belə davam edəcəyi təqdirdə nəyinki cənubi Qafqaz regionunda, bütün bölgədə sülhdən, inkişafdan və sabitlikdən söz açmağın mənasız olduğunu vurğulamışdır. Dünyanın müxtəlif regionlarından əliqanlı terrorçuların Azərbaycanın işğal altındakı torpaqlarına gətirən Ermənistan böyük müharibəyə hazırlaşır və onun qarşısının qətiyyətlə alınmalı olduğunu dəfələrlə bildirilmişdir.

BMT-nin Baş Assambleyasının xüsusi toplantılarında, o cümlədən 75-ci sessiyasının iclasında lidərlərin yüksək kürsüdən ifadə etdikləri fikirlər bütün dünya miqyasında maraq doğurur və müzakirə olunur. Dünya liderləri adətən onları narahat edən məsələləri məhz Birləşmiş Millətlər Təşkilatının kürsüsündən səsləndirir, dünya xalqlarını onlar üçün aktual olan məsələlərlə tanış edirlər. Müstəqil Azərbaycan Respublikasının yarandığı ilk illərində ölkəmizin dünya miqyasında belə möhtəbər kürsülərdə özünü ifadə imkanlarının olmaması son nəticədə dövlətimizin haqlı mövqeyinin dünya birliyinə çatdırılmasında ciddi çatışmazlıqlar yaradırdı. Bu gün isə Azərbaycan və onun liderinin dünya miqyasında siyasi çəkisi belə möhtəbər toplantıların nəinki iştirakçısı, hətta təşəbbüskarı olmağımıza səbəbdir.

Azərbaycan Respublikası və onun Prezidenti üçün bütün kürsülər və platformalar Azərbaycan xalqının və dövlətinin maraqlarının qorunması, ərazi bütövlüyünün təmin edilməsi, qaçqın və köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün bir vasitə hesab oluna bilər. Azərbaycanın dünyaya verdiyi töhfələr, yaratdığı əməkdaşlıq mühiti, sülh, qarşılıqlı uğur əldə etməyə hesablanmış əlaqələr müstəvisi Azərbaycanı etibarlı tərəfdaşa çevirməklə yanaşı, onun dünyanın diqqət mərkəzində qalmağına da imkan verir.

Bu dəfə də Ermənistanın təxribatçı siyasət yürütdüyünü, sülh prossesinə ciddi zərbə vurduğunu, cəbhə zonasında deyil, konkret olaraq dövlət sərhədlərini pozmağa yönəlmiş addımlar atdığını cənab Prezident BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında açıq şəkildə ifadə edərək Ermənistanı və onun havadarlarını cəsarətlə tənqid etdi. Ermənistanın nəinki min tona yaxın silah alacaq iqtisadi gücü yoxdur, hətta onun minumum həyat üçün lazımi vəsaiti yoxdur ki, əhalisini təmin etsin.

Son hadisələrin kontekstində sual ortaya çıxır, iyul ayında keçirilmiş hərbi əməliyyatlardan dərhal sonra Ermənistana gətirilən silahlar nəyə, kimə və hansı amala xidmət edir? Belə çıxır ki, 30 ildən artıq bir müddətdə torpaqlarımızda işğalçı siyasət yürüdən, ərazilərimizdə kriminal-terrorçu qrupları saxlayan, narkotika trafikasını məhz işğal altında olan torpaqlarımızda həyata keçirən, qondarma rejim Azərbaycana qarşı ciddi təxribat işi apararaq hələ bir utanmdan dırnaqarası seçkilər keçirir və “and içməni” də Şuşa şəhərində edir. Bəs Ermənistana dur deyən olmayacaqmı? Əlbəttə əgər dünyanın buna “gücü çatmırsa”, Azərbaycan öz torpaqlarını, milli maraqlarını, öz milli qürurunu qoruyacaq qədər ali dövlətçiliyə və qüdrətli orduya malikdir.

BMT-nin son iclasında cənab Prezident əslində son üç ayda baş verən və hələ də davam edən erməni təxribatlarına qarşı ifşaedici çıxışlar edərək, Birləşmiş Millətlər Təşkilatının özünü də vəzifələrini yerinə yetirməyə, məsuliyyətini dərk etməyə çağırarkən sanki son iki gündə baş verən hadisələri qabaqlayıb. BMT-nin qərarları hər hansı vəziyyətə uyğun, ikili standartlı və subyektiv xarakterli olmamalıdır. Hər bir üzv dövlətə ədalət prinsipləri daxilində yanaşılmalıdır. Bəzi hallarda BMT, Avropa Birliyi, Avropa Parlamenti və digər qurumların qərar və qətnamələri dərhal, vəziyyətə adekvat qəbul edilir və vaxt itirmədən operativ şəkildə həyata keçirilir. Azərbaycanla bağlı BMT-nin qəbul etmiş olduğu dört qətnaməsi var. Hansı ki, onlarda Azərbaycan torpaqlarının dərhal erməni işğalçıları tərəfindən boşaldılmalı olduğu qeyd olunub. Lakin qətnamələr hələ də tədbiq olunmur. Halbuki, BMT Təhlükəsizlik Şurasının qərarları tövsiyyə xarakterli deyil və dərhal yerinə yetirilir. Doğurdan da əgər beynəlxalq təşkilatlar öz sülh yaratma və sülhü mühafizə etmə məsuliyyətlərini dərk etsələr və vəzifələrini yerinə yetirsələr, silahlı münaqişələrə ehtiyac qalmazdı. Cənab Prezident bu məsələni düzgün təhlil edərək hər zaman bildirir ki, davamlı və dayanaqlı inkişaf dünyada sülhsüz mümkün deyil. Münaqişə ocaqlarının olduğu regionlarda, insan həyatnın təhlükə altında, aclıq və səfalətin mövcud olduğu ərazilərdə hansı dayanıqlı və davamlı inkişafdan danışmaq olar?

Cənab Prezident əslində hamının yaxşı bildiyi lakin ifadə etməkdən çəkindiyi fikirləri cəsarətlə dilə gətirir. Hər dəfə Azərbaycanın öz haqlı mövqeyindən geriyə çəkilməyəcəyini bildirən cənab Prezident cəsarətli xarici siyasətdə və ikili debatlarda Ermənistanın işğalçı dövlət siyasətini qabardaraq ifşa edir. Əlbəttə bütün sferalarda Azərbaycanla müqayisə apara bilməyən Ermənistanın gücü yalnız təkrar-təkrar təxribatlardan başqa heç nəyə çatmır. Ermənistan və onun təlxək baş naziri anlamır ki, Azərbaycan Prezidenti diplomatik masaların qalibi olduğu kimi döyüş meydanlarının da sərdarıdır.

Uduzan pəhləvanın güləşdən doymadığı kimi Paşinyanın da hər dəfə daha biabırçı bir formada cənab Prezidentə uduzmaqdan doymaması hesab edirəm ki, hörmətli Əli Əhmədovun da öz təhlilində qeyd etdiyi kimi onda bir lider olaraq natamamlıq kompleksi formalaşdırır. Sanki, keçən debat, yaxud görüşdə, və ya hərbi təxribat zamanı səhvlərini təkrarlamamaq üçün çalışdıqca o daha böyük səhvərə imza atır. Fakt faktlığında qalır ki, cənab Prezindentə ikili mübarizədə təkbətək uduzan Paşinyan bu məğlubiyyətin sanki əvəzini çıxmaq və əlbəttə sadə erməniləri susdurmaq üçün təxribatlara əl atması, natamamlıq kompleksi deyildirsə bəs nədir?!

İyul ayından başlayaraq yenidən müxtəlif zamanlarda, müxtəlif forma, məzmun və istiqamətlərdə Azərbaycan torpaqlarına, mədəni-mənəvi irsimizə, mülki əhaliyə, mal-qaraya qarşı göstərdiyi aqressiya sübut edir ki, Paşinyan sərhəd və döyüş bölgəsində təxribatlar yaradaraq diplomatik, iqtisadi və siyasi məğlubiyyətlərin əvəzini çıxmaq istəyir. 27 sentyabr tarixindən başlayaraq BMT-nin Baş Assambleyasının 75-ci sessiyasından dərhal sonra təxribatların yenidən intensivləşməsi cənab Prezindentin Ermənistanın hərbi-kriminal rejiminin ifşasının ermənilərdə yaratdığı narahatçılığa bariz sübutdur. Lakin müzəffər Azərbaycan ordusu yenə və yenidən qalibdir!

Allah şanlı ordumuzu və qəhrəman əsgərlərimizi qorusun!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...