Beynəlxalq QHT-lər Ermənistandakı despotik rejimin zorakı əməllərinə göz yumurlar - ŞƏRH ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya çatdırılması baxımından beynəlxalq platformalardan hər zaman məharətlə istifadə edir, Ermənistanın işğalçı mahiyyətini siyasi soyuqqanlılıq və tutarlı faktlarla beynəlxalq ictimaiyyətin gözü qarşısında ifşa edir. Bu dəfə də ölkə başçımız BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında geniş, əhatəli və sistemli çıxış etmiş, bir sıra mühüm məqamlara toxunmuşdur". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, hər şeydən öncə Ermənistan və Azərbaycan arasında olan fərqi anlamaq üçün qısa bir təhlilə ehtiyac vardır: "Belə ki, modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərə adekvat davranaraq, yeni çağırışlarla da ayaqlaşaraq demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yürütdüyü balanslaşdırılmış daxili və xarici siyasət konsepsiyası ilə Azərbaycan da müasir dünyamızın yeni çağırışları ilə bərabər hizada irəliləyir, beynəlxaq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır. Bu gün Azərbaycan beynəlxalq aləmin etibarlı tərəfdaşı kimi qəbul olunur. Eyni zamanda ölkə başçımız Prezident İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisi də getdikcə artır. Bundan əlavə, ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platforması təqdim olunur. Bunun əyani sübutudur ki, bir neçə ay öncə Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başlatmışdır. Elə bu səbəbdən də bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləmişdir. Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev müxtəlif siyasi partiyaların sədrləri və nümayəndələri ilə mütəmadi görüşlər keçirir, bu istiqamətdə əməli adımlar atılır. Elə bu səbəbdən də son dövrlər ölkədə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə davam edir. Xüsusən çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesi, ölkə başçısının əlamətdar günlərdə partiya liderlərini təbrik etməsi, ümummilli problem olan Qarabağ məsələsində 43 siyasi partiyanın bəyanat verərək orduya və Ali Baş komandana dəstək verməsi ictimaiyyət tərəfindən də təqdirlə qarşılanır. Hakimiyyətlə müxalif siyasi qüvvələr arasında dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılıq əldə olunur, partiyaların dini, etnik, irqi ayrı-seçkiliyə yol verməməsinin vacibliyininin əhəmiyyəti vurğulanır".

Politoloq bildirib ki, bütün bunların əksinə olaraq son dərəcə aqressiv, terroru dövlət siyasəti həddinə çatdıran, işğalçı siyasət yürüdən Ermənistanda faktiki olaraq diktatura rejimi qurulub: "Azərbaycan Prezidentinin ölkədə yaratdığı əlverişli mühit fonunda Ermənistanda demokratiya, söz azadlığı, mətbuat azadlığı, insanların şikayət etmək hüquqları əllərindən alınır. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən təqib və həbs edilir. Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üz-üzədir. Baxmayaraq ki, iki il bundan əvvəl Ermənistanda rejim dəyişikliyi baş vermişdir, buna baxmayaraq bu uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalir. Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Baxmayaraq ki, parlament deputatları toxunulmazlığa malikdirlər onlar saxlanılırlar. Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdür. Buna baxmayaraq əsas vəzifələri demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan beynəlxalq təşkilatlar buna heç bir reaksiya vermədilər. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Səbəb isə dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər".

Ekspertin fikrincə, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər: "Hal-hazırda ölkədə siyasi münasibətlər böhran həddinə çatmışdır. 20 ildən artıq bir zamandır ki, Ermənistan səhra komandirləri tərəfindən idarə olunurdu. Hal-hazırki rejim də əvvəlki rejimlərin təcrübəsini davam etdirir. Paşinyan qısa zaman kəsiyində ölkədə hər şeyi daha da pisləşdirdi. Ermənistanın iqtisadiyyatı çökdü, ölkə pandemiyaya məruz qaldı və uçuruma düşdü. Bu gün Ermənistan beynəlxalq maliyyə qurumlarından vəsait dilənməklə məşğuldur. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır. Bu məqsədlə Ermənistan işğal siyasətinə son verməyincə Azərbaycan Ermənistanın iştirakını bütün regional layihələrdən məhrum edəcək. Məhz bu faktların özü də Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə çox mənfi təsir göstərir. Ermənistanın cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Təəssüf ki, Ermənistanın hal-hazırki rəhbərliyi də bu məsuliyyəti dərk etmir. Bu cür addımların nəticəsini də düzgün təhlil edə bilmirlər. Buna baxmayaraq Ermənistanda rasional düşüncəli insanlar və siyasətçilər var. Bu cür insanlar artıq bu məsələni qaldırırlar və Ermənistanın bugünkü rəhbərliyinin Ermənistanı uçuruma apardığını dilə gətirirlər. Heç şübhəsiz ki, Ermənistanın bu cür siyasəti beynəlxalq aləm tərəfindən də mənfi qarşılanır. Məsələn, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Təkcə bu faktı demək kifayətdir ki, bu ölkənin nə qədər aqressiv, bəşəri dəyərlərə zidd siyasət yürütdüyü məlum olsun".

Ş.Həsənova vurğulayıb ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil” tezisləri çərçivəsində cənab Prezident bildirmişdir ki, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır: "Eyni zamanda, ölkə başçımız beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin edilməsinin vacibliyini vurğulamışdır. Azərbaycan ərazisinin təqribən 20 faizinin 30 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasını, Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etməsini, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal faktını və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bir daha geniş auditoriyadan səsləndirmişdir. Cənab Prezident bildirmişdir ki, Xocalı soyqırımını törətməklə Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməklə kifayətlənməmiş, Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır. Bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulduğu faktını, azərbaycanlıların regionda bütün izlərini silmək məqsədilə xalqımıza məxsus mədəni miras dağıdılmasını növbəti dəfə səsləndirmişdir. Cənab Prezidentin çıxışı zamanı ən diqqət çəkən məqamlardan biri isə Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatlıq keçirdiyimizi ifadə etməsi idi. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətində olduğumuzu bildirməsi düşünürəm ki, Azərbaycanın heç kimdən asılı olmadan və qorxmadan mövcud reallıqlardan xəbərdar olub bunu dilə gətirmək üçün siyasi cəsarətin mövcudluğundan xəbər verir. Təqdirəlayiq məqam odur ki, BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır” sərlövhəli informasiyada dövlətimizin başçısının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, həmçinin Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət kimi inkişafı ilə bağlı fikirlərini xüsusi xəbər kimi yayıb. Heç şübhəsiz ki, bu faktın özü də dövlətimizin başçısının çıxışının əhəmiyyətinin, aktuallığının və Prezident İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisinin əyani göstəricisidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə