Avropada koronavirusun 2-ci dalğası getdikcə böyüyür TƏHLİL

Dünya üzrə COVID-19-a yoluxanların sayı 19 milyon 287 min 951 nəfərə çatıb. SİA xəbər verir ki, bu günə qədər 718 min 295 nəfər infeksiyadan həyatını itirib, 12 milyon 381 min 635 nəfər virusdan sağalıb.

Bu gün 6 milyon 188 min 21 nəfər aktiv koronavirus xəstəsi infeksiyadan əziyyət çəkir. Onlardan 65 min 247 nəfərin vəziyyəti ağırdır. Statistik rəqəmlər və dinamika onu göstərir ki, ölənlərin və virusa yoluxanların sayı artmağa davam edir.

Son 24 saat ərzində dünya üzrə 41 min 272 nəfər virusa yoluxub. Yoluxma sayının çoxluna görə vəziyyəti ən ağır olan 10 ölkə arasında Meksika - 6 min 590 yoluxma, Rusiya - 5 min 241 yoluxma, Hindistan - 4 min 592 yoluxma, Flippinlər - 3 min 379 yoluxma, Banqladeş - 2 min 851 yoluxma, İndoneziya - 2 min 473 yoluxma, İran - 2 min 450 yoluxma, Ukrayna - 1 453 yoluxma, Romaniya - 1 378 yoluxma, Boliviya - 1 282 yoluxma var.

Qonşu İranda virusun ikinci dalğası özünü göstərir. Ölkədə ümumi 322 min 567 nəfər virusa yoluxub, son 24 saat ərzində 156 nəfər virusdan həyatını itirib. Ümumilikdə isə 18 min 132 nəfər infeksiyadan həlak olub. Koronavirusa qarşı tətbiq edilən tədbirlərlə ilk gündən Avropaya nümunə göstərilən Almaniyada belə yoluxmaların sayı artıb. Araşdırmalara əsasən 82 faiz ikinci dalğanın yaşanacağı gözlənilir. Almaniyadakı Robert Koch İnstitutunun məlumatlarına görə, yoluxma hallarının artması ikinci dalğanın gəldiyini göstərir. May ayından bəri ölkədə ilk dəfə bir gündə virusa yoluxanların sayı min nəfəri ötüb. Almaniyanın Həkimlər Birliyinin prezidenti Suzanna Coha bildirib ki, ölkədə virusun ikinci və hələ ki, dayaz dalğasını yaşayır.

İspaniyada və Fransada da eyni vəziyyət hökm sürür. İspaniya Avropada koronavirusun mərkəzinə çevrilib. Epidemiyanın sona çatdığı bir dövrdə ikinci dalğa yaşanır. Ölkə böyük şok içərisindədir. İspaniyada hökumət virusun yayılmasının qarşısını almaq üçün regional tədbirləri gücləndirməyi planlaşdırır.

Avropada koronavirusdan ən çox təsirlənən ölkələrdən biri də Fransadır. Son bir həftə ərzində ölkədə 7 mindən çox nəfər virusa yoluxub. Reanimasiyada olan xəstələrin sayı artmaqdadır. Hər gün 1 200 nəfərdən çox adam virusa yoluxur.

Xüsusilə də mart-iyun aylarında koronavirusa qarşı görülən sərt tədbirlər nəticəsində Almaniya, Fransa, İspaniya, Finlandiya, Yunanıstan, İngiltərə və İtaliya kimi ölkələrdə epidemiyanın yayılma sürəti azalsa da bu ölkələrdə yenidən yoluxma sayının artması dövlətləri səfərbər edib.

Finlandiyada, Yunanıstanda virusa yoluxanların sayı yenidən artıb. Ölkələrdə yenidən sərt tədbirlərin tətbiq edilməsi üzrə müzakirələr aparılır.

Böyük Britaniyada isə orta hesabla hər gün 820 nəfər virusa yoluxur. Ölkənin Səhiyyə Nazirliyi isə bu rəqəmin ötən dövrlə müqayisədə çox olduğunu açıqlayıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...