"Azərbaycanın xaricdə lobbi yaratmaq işi nəzərdən qaçmamalıdır" ÖZƏL-MÜNASİBƏT

"Ötən ayın ortalarında Ermənistanın növbəti təxribatı nəticəsində münaqişənin yenidən alovlanması fonunda Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı nəzərə çarpdı. Dünyanın müxtəlif ölkələrində keçirilən dinc aksiyalarda həmvətənlərimiz həqiqiqətləri beynəlxalq aləmə çatdırmaq üçün səmərəli fəaliyyət ortaya qoydular. Erməni diasporunun, terror təşkilatlarının vandal hərəkətlərinə rəğmən, Azərbaycan diasporu geri durmadı, ruhdan düşmədi, haqq səsimizi çatdırmaq istiqamətində uğurlu və təxribatlara uymayan davranış sərgilədi. Və artıq bunun nəticəsi ortadadır". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan öz ölkəsinin diasporla iş üzrə qurumunun ofisində təmizləmə əməliyyatına başlayıb: "Belə ki, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırıb. Bu, son hadisələrdən sonra erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığının bariz nümunəsidir. İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, Paşinyanın belə addımı atmasına səbəb diasporla iş üzrə qurumun fəaliyyətinin qeyri-effektivliyi ilə bağlıdır. Xüsusilə erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması Paşinyanı hiddətləndirib. Qəzetin iddiasına görə, baş nazir həmçinin adışəkilən qurumun rəhbəri Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsindən də bərk qəzəblənib.

Erməni mətbuatının yazdığı kimi, Paşinyan məhz son proseslərdən sonra diasporla iş üzrə qurumda təmizləmə əməliyyatına başlamağa məcbur qalıb. Danılmaz faktdır ki, Azərbaycan diasporası iyulun ortalarında ermənilərin törətdiyi təxribatın ardından Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoymağı bacardı. Səhv etmiriksə, ilk dəfə idi ki, erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz duruma düşdü. Azərbaycan münaqişə və onun ətrafında cərəyan edən hadisələrdə həmişə haqlı tərəf olub. Amma təkcə haqlı olmaq yetərli deyil. Bu, sivil yolla beynəlxalq aləmi dərhal məlumatlandırmaqla tamamlanmalıdır.

Bu dəfə həmvətənlərimiz haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb edən zaman erməni vəhşiliyi ilə üz-üzə qaldılar. Fəqət soyuqqanlı və ağıllı davranış bu vəhşiliyin ermənilərin arzu etdikləri hədəfə çatmalarına imkan vermədi. Bütün dünya ictimaiyyəti erməni vandallığını gördü. Beləliklə, azərbaycanlıların fəallığı, koordinasiya olunmuş uğurlu fəaliyyət erməni lobbisinin mürtəce, vəhşi simasını ifşa etdi. Təbii ki, əldə olunan nəticələrlə kifayətlənmək olmaz. Azərbaycanın xaricdə daha da mükəmməl bir lobbiyə nail olması məsələsi bu gün də öz aktullığını saxlayır. Cünki diasporların təşkilatlanması və güclənməsi haqqında olan müsbət fikirləri fərqli anlayiş olan lobbicilik barəsində hələlik söyləmək mümkün deyil.

Lobbiciliyə gedən yolun əsas qismi qət olunub; diaspor təşkilatlarının mütəşəkkilliyi gerşəkləşib. Bu məsələdə Azərbaycan problemlərin üzərindən coxdan adlayıb-Azərbaycan diasporası dünyanın əksər yerində güçlənib. Bununla belə həqiqət ondan ibarətdir ki, ölkənin ümdə maraqları beynəlxalq müstəvidə gərəyinçə müdafiə olunmur. Buna görə də Azərbaycanın xaricdə lobbi yaratmaq işi nəzərdən qaçmamalıdır.

Başqa bir müsbət məqam. Azərbaycan bir çox məsələlərdə dünyadakı türk diasporası ilə birlikdə cıxış edir. Dağlıq Qarabağ məsələsində, ermənilərin qondarma soyqırım siyasətinin ifşası istiqamətində fəaliyyətdə bir an olsun belə dayanmaq, arxayınlaşmaq olmaz. Çünki, dünyada bu məsələlərlə bağlı ədalət tam mövcud deyil. Türk həmrəyliyi, dini, dili özündən olanların bir-birininin lobbisinə çevrilməsi daha da irəli aparılmalıdır. Çağdaş dünyada türk xalqlarının müdafiəsi, haqlarının qorunması, əsl lobbiçiliyin yaranması ücün möhkəm, etibarlı bazanın yaradılması işi gücləndirilməlidir...".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə