"BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi..." Sevinc Hüseynova

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifinin dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi beynəlxalq aləmdə ölkəmizə olan böyük etimadın daha bir göstəricisidir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki,koronovirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi: “Eyni zamanda cənab Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən və BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər”.

S.Hüseynova bildirib ki, dünya ölkələri bu təşəbbüsü vaxtında və çox ehtiyac duyulan bir təşəbbüs kimi dəyərləndirirlər: “Çünki cənab Prezidentin bu təşəbbüsü irəli sürməsinə qədər BMT səviyyəsində dünya ölkələrinin bu bəladan xilas olması üçün hər hansı birgə addımların atılması, müzakirələrin aparılması ilə bağlı addımlar atılmayıb. Cənab Prezident İlham Əliyevin təşəbbüsünün dünya ölkələri tərəfindən dəstəklənməsi isə beynəlxalq səviyyədə Azərbaycana olan yüksək etimadın və hörmətin növbəti bir göstəricisidir. Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə ən nüfuzlu ölkələrdən biri kimi qəbul edilir və Prezident İlham Əliyev qlobal düşüncəyə, qlobal baxışa və qlobal liderliyə malik olan bir dövlət başçısıdır. Bu təşəbbüsün dəstəklənməsi Prezident İlham Əliyevin dünya miqyasında liderliyinin göstəricisidir”.

Millət vəkili deyib ki, COVİD-19 pandemiyası II Dünya Müharibəsindən sonra bəşəriyyətə ən böyük faciə yaşadan bir bəladır və bu qlobal bəlaya da qlobal səviyyədə qiymət verilməli və bu bəladan çıxış yolları qlobal səviyyədə axtarılmalıdır. Pandemiyanın ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə çoxşaxəli fəaliyyət göstərib. Azərbaycan tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iş aparıb, o cümlədən 30-dan artıq ölkəyə yardımar göstərib, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib.

Deputat əlavə edib ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüs bütün dünyadan dəstək aldığı halda buna qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu: “Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi və bir daha özünün iç üzünü nümayiş etdirdi. Əslində, belə bir təşəbbüsün Azərbaycanın Prezidenti tərəfindən irəli sürülməsi işğalçı Ermənistanda qıcıq yaradır. Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu Dağlıq Qarabağ probleminin ədalətli həlli prosesində bizi hədəfimizə daha da yaxınlaşdırır”.

S.Hüseynova bildirib ki, Azərbaycan bu təşəbbüslə beynəlxalq aləmdə bir çox ilklərə imza atıb: “Cənab Prezidentin bu təşəbbüsü də həmin ilklərdən biridir ki, beynəlxalq aləm tərəfindən böyük dəstək qazandı”. Onun sözlərinə görə, bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşin telefon söhbətində də bu təşəbbüsün əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Bildiyiniz kimi, artıq BMT-nin 31-ci xüsusi sessiyasının ilkin gündəliyi də açıqlanıb. Bütün bunlar, cənab Prezidentin təşəbbüsünün bəşəriyyət üçün əhəmiyyətini bir daha ifadə edir. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə