"COVID-19 peyvənd və müalicə üsulları tapılana qədər bizimlə olacaq" Rəşad Mahmudov

“Etiraf etmək lazımdır ki, bu gün koronavirusla əlaqədar olan suallara konkret cavablar yoxdur. Statistikaya gəldikdə isə təzadlı mənzərə görünür: yoluxma sayı az olanda sərt karantin rejimi, yoluxma sayı çox olanda yumşaltma tətbiq olunur. Məsələyə bir az fərqli prizmadan yanaşaq. Bir vaxtlar ölkəmizdə koronavirusa yoluxmuş 50 xəstə olanda gün ərzində daha 10 xəstənin aşkar edilməsi 20 faiz artım demək idi. Bu gün ay yarım-iki ay əvvəl ilə müqayisədə ölkədə xəstəlikdən ümumən sağalanların sayını da nəzərə almalıyıq. Ona görə də nisbi olaraq rəqəmlərin yüksəlməsi normal haldır. Əslində bunu normal olaraq qəbul etmək doğru deyil, gərək bu səhv anlaşılmasın. Lakin bu, heç də məsələnin nəzarətdən çıxması demək deyil”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, pandemiyanın ilk günlərində söhbət dalğanın böyüklüyü və ona qarşı göstərilən müqavimətdən gedirdi. İki ay əvvəl istər dünyada, istərsə də ölkəmizdə bu hadisəyə qarşı hazırlıqsız idik. Həmin dalğanın qarşısını hazırlıqsız almamaq üçün ciddi karantin tədbirləri həyata keçirildi və bunun nəticəsində həm vətəndaşların təhlükəsizliyi təmin olundu, həm də aidiyyəti qurumlar öz hazırlıq işlərini görə bildilər. Elə bunun nəticəsində bu gün Azərbaycan səhiyyəsinin hansı səviyyədə baş verə biləcək dalğanın qarşısını ala biləcəyi və bunu hansı şəkildə edə biləcəyi ilə əlaqədar xüsusi planı var. Buraya yeni müalicə müəssisələrinin, qısa müddətdə bir neçə modul tipli xəstəxananın açılmasını aid etmək olar. Bu gün dövlət tərəfindən sadəcə tibbi nöqteyi-nəzərdən deyil, iqtisadi, sosial, psixoloji və bir çox məsələlərə görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara uyğun olaraq karantin şərtlərinin yumşaldılması və məhdudiyyətlərin ləğv olunması həm hökumət, həm də cəmiyyət üçün arzuedilən yoldur və bu yol məharətlə keçilib.

Millət vəkili deyib ki, bu cür xəstəliklər bundan əvvəl də olub və bundan sonra da olacaq: “Lakin COVID-19 yəqin ki, peyvənd və müalicə üsulları tapılana qədər hələ uzun müddət bizimlə birlikdə olacaq. Ataların gözəl bir sözü var: “Dərin olan quyu deyil, qısa olan ipdir”. Bəzən suallara cavab tapa bilməyəndə quyunun dərinliyindən şikayətlənirik. Amma bu gün dünya elminin əlində olan bilgilər yetərsizdir. Ona görə quyunun dərinliyini bəhanə etmədən ən səmərəli müalicə forması sosial izolyasiyadır, ən səmərəli yol - verilən tövsiyələrə əməl etməkdir. Ən başlıcası isə bütün bunları həyat tərzi halına gətirməkdir. Düşünməyək ki, iki il bundan sonra bəzi qaydalar dəyişiləcək. Əlbəttə, gələcək nəslin nümayəndələri görüş və ünsiyyət formasında indiyədək o qədər də fərqində olmadığımız bəzi formalardan imtina etsələr, daha çox təhlükəsizliyi təmin etmiş olarlar. Təkcə COVID-19 deyil, ümumən xəstəxana infeksiyaları dünyada həmişə problem olub və mütəxəssislərin illərlə ən çox mübarizə apardığı bir məsələdir. Əlli il bundan əvvəl də belə olub və yüz il də bundan sonra üçün aktual olan bir həqiqət var. İnfeksiyaların yoluxma və artmasının, xəstəxana içərisində təhlükələrin azaldılması üçün ən səmərəli yol əllərin yuyulması, gigiyenaya əməl edilməsi, təmizliyin və əl təmasının qorunmasıdır. Ona görə də biz hansısa əmr və cəzalandırma yolu ilə deyil, stressə girmədən bu qaydalarla yaşamağı öyrənməliyik”.

R.Mahmudov söyləyib ki, son günlər bütün dünyada bir məsələ gündəmi zəbt edib və müzakirə olunur: “İtaliya mütəxəssislərinin fikrincə, COVID-19 virus deyil, sadəcə bakteriyadır. Bunu müzakirə edərkən hadisənin mənbəyini araşdıraraq onun haradan gəldiyinə fikir vermək lazımdır. Əgər onların söylədiyi versiya həqiqət olsaydı, onda bu elmi jurnallarda dərs edilər və sübut edilmiş tibbi dəlil kimi dünya mütəxəssisləri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə olunardı. Bakterial pnevmoniya və infeksiyalar həmişə olub və virusla əlaqədar olaraq ikinci pnevmoniyaların əmələ gəlməsi tibbə məlum olan məsələlərdir. Bunlar qəbul edilən ehtimallar deyil. Təəssüf ki, bəzən cəmiyyət içərisində bu cür məlumat və ehtimallara inanmaq, bizə sərf edən fikri qəbul etmək marağı olur. Bizə sərf etməyən məlumatlara inanmır, deyilənlərin hamısının yalan olmasını istəyirik. Biz ən qısa zamanda bu problemlərdən uzaq və rahat bir həyata qayıda bilərik. Elm də, məntiq də, ağıl da, hökumətlər də, Ümumdünya Səhiyyə Təşkilatı da böyük iqtisadi və psixoloji təsirlərə, düşdükləri ziyana baxmayaraq, koronavirusla mübarizədə uğur qazanmaq üçün hər şeyi edirlər və şübhəsiz ki, uğur da qazanılacaq”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə