Berlində 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Evində 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə Azərbaycan himni səsləndikdən sonra çıxış edən Almaniya-Azərbaycan Evinin rəhbəri Rövşən Qrosman, idarə heyətinin üzvü Yusif Təhməzov və digər natiqlər 102 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycanın tarixindən söz açıblar.

Natiqlər qeyd ediblər ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Vurğulayıblar ki, XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində regionda və dünyada nüfuzlu dövlətə çevrilib. Vətəndən kənarda olmalarına baxmayaraq, hər zaman ürəklərinin vətən eşqi ilə döyündüyünü bildirən natiqlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə bundan sonra da görəcəkləri işlər barədə danışıblar. “Bizlər Azərbaycanımızın dünyaya səpilmiş könüllü elçiləriyik”, - deyən tədbir iştirakçıları bu baxımdan Azərbaycanla digər ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə atacaqları hər bir müsbət addımın bundan sonra da qiymətli töhfə kimi öz bəhrəsini verəcəyini bildiriblər.

Tədbirin sonunda “Şərqdə ilk demokratik respublika” adlı film izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə