Politoloq:"Gürcüstan tərəfindən qərarın qüvvədən düşməsi Ermənistana müsbət heç nə vəd etmir"

Politoloq:"Gürcüstan tərəfindən qərarın qüvvədən düşməsi Ermənistana müsbət heç nə vəd etmir"

Rusiya ilə məlum hadisədən sonra Gürcüstan parlamentinin Rusiya ilə hərbi yük və heyətin ölkə ərazisindən daşınması ilə bağlı 31 mart 2006-cı ildə bağlanmış müqavilənin qüvvədən düşməsi barədə qərar qəbul etməsi anlaşılandır. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli erməni tərəfinin səsləndirdiyi "Gürcüstan parlamentinin bu barədə qərar qəbul etməsinin mümkün səbəblərindən biri də Azərbaycanla münasibətlərin yaxşılaşması ola bilər" bəyanatına münasibət bildirərkən deyib. O, qeyd edib ki, rəsmi İrəvan həmişə maraqlı olub ki, regionda baş verən hadisələrin başında məhz Azərbaycanı görsün. Bu halda istisna deyil. Politoloq deyir ki, guya Gürcüstanın belə bir addım atması sırf Azərbaycanın Ermənistanla düşman münasibətində olmasından, Gürcüstanın Azərbaycanla enerji sferasında mövcud olan sıx münasibətlərindən irəli gələrək rəsmi Bakının təzyiqi altında belə bir addım atıb. Bu da real deyil. Çünki bu Ermənistanın növbəti dezinformasiyasıdır. Real vəziyyət isə tamam başqadır.

Onun sözlərinə görə, bu gün heç kəsə sirr deyil ki, Gürcüstan və Rusiya münasibətləri artıq çoxdan yaxın qonşuluq statusunu itirib və daha çox düşmənçilik münasibətləri səviyyəsindədir. Çünki 2008-ci ildəki 1 həftəlik müharibə hələ də yaddan çıxmayıb: "Rusiya tərəfi hətta o zaman Saakaşvilini cismani olaraq aradan qaldırmaq məsələsini səsləndirmişdi. İndiki vəziyyətdə Rusiya ilə Gürcüstanın vəziyyəti istənilən an, istənilən vaxt müharibə vəziyyətinə gətirib çıxara bilər. Bəzi rusiyalı ekspertlər hesab edir ki, cari ilin yay ayında yenidən iki dövlət arasında sərhəddə konflikt baş verə bilər. Belə olan təqdirdə bu qərarın qüvvədən düşməsinin səbəbini Azərbaycanla Gürcüstanın arasında sıx əməkdaşlığında yox, Rusiya ilə Gürcüstan arasında mövcud olan soyuq münasibətdə axtarmaq lazımdır. Bu cür bəyanatlarla Ermənistan Azərbaycan və Rusiya arasında olan münasibətləri korlamağa, nifaq toxumu səpməyə çalışır. Çünki Gürcüstan müstəqil bir dövlətdir və daxili, xarici siyasətini özü müəyyənləşdirir. Burada Azərbaycan faktorunun ortaya qoyulması tamamilə yanlışdır".

Gürcüstan tərəfindən qərarın qüvvədən düşməsi Ermənistana müsbət heç nə vəd etmir. E. Nəsirli hesab edir ki, bu kifayət qədər Ermənistanın vəziyyəti çətinləşdirəcək: "Bəzən informasiya yazılmışdı ki, Rusiya Türkiyə ərazisindən keçəməklə bu və ya digər daşımaları həyata keçirir. Belə məlumatların həqiqətə söykənmədiyi barəsində xəbərlər öz təsdiqini tapdı. Ona görə də bu yol bir hava, nəfəs yolu idi. Onun qapanması Ermənistanın özü ucbatından qaldığı blokada vəziyyətini daha da çətinləşdirəcək. Mənə elə gəlir ki, Ermənistan hazırda öz siyasətinin acı nəticələrini dadmaqdadır. Yəni bu gün Ermənistanın Gürcüstan ərazilərinə iddiaları var. Cavaxetiya ərazisində yaşayan ermənilər oranı sanki bir barıt çəlləyinə çeviriblər. İstənilən zaman münbit şərait olan kimi, onlar Gürcüstandan ayrılmaq iddiasını ortaya qoyurlar. Bu dəfələrlə olub. Ermənistan dövləti Cənubi Qafqazda bir şişdir. Elə bir şişdir ki, o kəsilib atıldıqdan sonra Qafqaz dincələcək. Bu zəmində hadisələrin bu cür inkişafı Ermənistanın mövqeyini bir daha zəiflədəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə