Gürcü tarixçi Mart soyqrımından danışdı MÜSAHİBƏ

Qafqaz tarixini tədqiq edən məşhur tarixçi Georgi Mamulia Quramoviç 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Vesti Kavkaza"ya müsahibə verib. SİA xəbər verir ki, müsahibədə 1918-ci ilin mart ayında baş verən soyqırımı bolşevik və Daşnaqsutyun Partiyası yaraqlıları tərəfindən kiçik bir bəhanə ilə Bakıda və Azərbaycanın digər şəhər və kəndlərində təşkil olunan müsəlmanların kütləvi qətlləri Azərbaycan xalqının tarixində ən faciəli hadisələrdən biri kimi qiymətləndirilib.

31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu deyən tarixçi politoloq vurğulayıb ki, etnik və dini zəmində baş verən qətllər təxminən bir həftə davam edib və o dövrdə bolşeviklərin siyasi mübarizə apardığı Müsavat Partiyasını öz ultimatumlarını qəbul etməyə, yəni mahiyyət etibarilə hakimiyyətdən getməyə məcbur edib.

Beləliklə, Qafqaz tarixini tədqiq edən Georgi Quramoviç 1918-ci il mart hadisələrinin səbəbləri və nəticələri haqqında müsahibəsini təqdim edirik:

- Georgi Quramoviç, ilk növbədə, 1918-ci ilin mart ayında Azərbaycan əhalisinin kütləvi qətllərinin səbəbləri haqqında nə deyə bilərsiz?

- Bu səbəblər haqqında da, hadisələrin özü haqqında da az şey məlum deyil. Çünki, nəinki Azərbaycanda, həm də xarici arxivlərdə müəyyən miqdarda sübut qorunub saxlanılıb. Xronoloji baxımdan tanış olduğum ilk sənədlərdən biri may ayının əvvəlində yəni, bu hadisələrin bitməsindən düz bir ay sonra gizli missiya ilə Bakıya səfər edən Avstriya-Macarıstan zabiti, leytenant Desiderius Brandtnerin məruzəsidir. O, bu hadisələri bir qədər ətraflı təsvir edir və məlumatları əsasən Azərbaycan mənbələrinin məlumatları ilə uzlaşır. Qurbanların sayı obyektiv göstərilib (12 min nəfər). Brandtner vurğulayır ki, qətllərə dair əsas bəhanə Bakı Sovetinin, o vaxt Bakıda idarə olunan bolşevik və daşnakların koalisiyası tərəfindən ortaya atılan Vəhşi Diviziyanın keçmiş zabitlərinin kiçik bir dəstəsinin tərksilah olması məsələsi idi. Hansı ki, Vəhşi Diviziyanın ləğvindən sonra Bakıya gələn həmin azərbaycanlı zabitlər Azərbaycan ordusu yaratmalı idilər.

Əlbəttə ki, keçmiş Vəhşi Diviziyanın bir qrup zabitinin tərksilah olması yalnız bir bəhanə idi, çünki Baksovetin əsl məqsədi Bakıda və müvafiq olaraq bütün Azərbaycanda hakimiyyəti ələ keçirmək idi. Martın 3-də Brest-Litovsk müqaviləsinin bağlandığını bilirik. Türk qoşunları sürətlə Qafqaza yaxınlaşırdılar. Alman komandanlığı da bölgəyə daha az maraq göstərmirdi. Türklərin müstəqil dövlət yaratmaq istəyən azərbaycanlıların köməyinə gəlməsi mümkün idi. Bunun qarşısını almaq üçün bolşeviklər daşnaklarla birbaşa ittifaqa girdilər və sözün həqiqi mənasında Bakıda Brest-Litovsk müqaviləsindən sonra qırğınlar təşkil edildi.

Bu zaman ərzində bolşeviklərlə və daşnaklar arasında antiazərbaycan və antimüsəlman əsaslarla müvəqqəti bir əlaqə mövcud idi. Bu və başqa səbəblərdən dolayı Qafqazın və onun sənaye mərkəzi Bakının bolşevik hakimiyyətinin nəzarətindən getməsinə icazə vermək istəmirdilər. Xatırladaq ki, o zaman keçmiş Rusiya İmperiyası ərazilərindəki neftin 90 faizdən çoxu Bakının neft istehsal edən müəssisələri tərəfindən tədarük edilirdi və bolşeviklər bu şəhərə nəzarəti əldən vermək istəmirdi. Baksovetin mərkəzi bolşevik hakimiyyəti ilə yazışmaları da bunun birbaşa sübutudur. Bolşevik sənədlərində də daşnak kimi qeyd edilən erməni hərbi birləşmələri bu səbəbdən Qırmızı Orduya qəbul edildi.

Ümumiyyətlə, bolşeviklərin daşnaklarla ittifaqı üç əsas amilə qarşı yönəlmişdi:

1. Bakıda azərbaycanlı əhalinin olması;

2. Azərbaycanın müstəqilliyinə;

3. Bütün Qafqaza.

Xatırladım ki, o dövrdə vahid müstəqil Cənubi Qafqaz dövlətinin yaradılması üçün real imkan var idi. Birinci Dünya Müharibəsindəki məğlubiyyətdən sonra Rusiya İmperiyası artıq parçalandı. Dördlər İttifaqı ölkələrinin orduları, xüsusilə, Almaniya və Türkiyə Qafqaza girdilər. Aralarındakı ciddi fikir ayrılıqlarına baxmayaraq Cənubi Qafqaz xalqlarının müstəqilliyinə töhfə verməyə çalışırdılar və xüsusilə də bölgənin ən zəngin təbii ehtiyatlarından yaralanmaq istəyirdilər. Bu səbəbdən bolşeviklər Bakının neft yataqlarının itirilməsinə yol verə bilməzdi.

- Qırğınlar necə dayandırıldı?

- Əvvəlcə azərbaycanlılar müqavimət göstərirdilər, amma qüvvələr bərabər deyildi. Vəhşi Diviziyanın yalnız bir neçə keçmiş zabit və hərbçiləri, Birinci Dünya Müharibəsinin döyüş təcrübəsinə malik hərbiçiləri, habelə döyüş təcrübəsi olmayan (çar dövründə azərbaycanlılar hərbi xidmətə cəlb edilmirdi) və çox pis silahlanmış Müsavat Partiyası könüllüləri mübarizə aparırdılar.

Kütləvi qırğınlardan sonra müqavimətin davam etməsinin mənasızlığını dərk edən Müsavat Partiyası millət vəkillərini göndərərək silahlı qarşıdurmaların dayandırılacağını bildirdi. Qırğınlar tərəflərin silahlarını yerə qoyması ilə nəticələndi. Beləliklə, bolşeviklər və daşnaklar müvəqqəti olaraq məqsədlərinə çatdılar və Bakıda hakimiyyəti inhisara aldılar.

- Bu qətllərin təşkilatçıları və günahkarları məsuliyyətə cəlb edildilər?

- Hamısı yox. Bu cinayətlərdə günahkarların bir qismi sonradan tutuldu və müvafiq cəzalar aldı, ancaq daşnak rəhbərlərinin əksəriyyəti qaça bildi. Çoxları ingilislərlə birlikdə 15 sentyabr 1918-ci ildə Bakının azad edilməsindən sonra Xəzər dənizinin İran sahillərindən Anzeli limanına təxliyə oldu.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə