"Yolxucu xəstəliklər üzərində qələbə çalmağın ən doğru yolu sosial təcriddir" MÖVQE-ÖZƏL

"Təəssüf ki, bizim mövcudluğumuz bəşəriyyətin bir virus qarşısında hələlik aciz qaldığı dövrə təsadüf edir. Hesab edirəm ki, qısa zamanda bütün dünyanı ağuşuna almış koronavirus bəlası İkinci Dünya müharibəsindən sonra bəşəriyyətə ən ciddi çağırışlardan biridir. Bütün dünya kimi, Azərbaycan xalqı da çətin bir sınaq qarşısındadır. Bu sınaqdan üzüağ çıxmaq, özümüzü, ailəmizi, sevdiklərimizi, bir sözlə, xalqımızı bu bəşəri təhdiddən hifz etmək bizim öz əlimizdədir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, artıq yanvar ayından ölkəmizdə hələ bir yoluxma halının qeydə alınmadığı halda belə, dövlətimiz məsələyə olducda ciddi yanaşaraq, bütün zəruri addımların atılmasına start verilib: "Koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılmış Operativ Qərargahın kifayət qədər çevik və səmərəli fəaliyyəti göz önündədir".

Deputat söyləyib ki, lakin biz vətəndaşlar da bu qlobal təhlükənin dəf edilməsi üçün öz məsuliyyətimizi dərk etməliyik: "Tarixi təcrübələr dəqiqliklə sübut edir ki, xüsusi təhlükəli yolxucu xəstəliklər üzərində qələbə çalmağın ən doğru yolu sosial təcriddir. Bu baxımdan, dövlətimizin çağırışlarına böyük həssaslıqla yanaşaraq, evdə qalaq! Həyati vacib zərurət olmadığı təqdirdə evlərimizi tərk etməyək. Anlayıram, bütün günü evdə keçirmək elə də asan deyil. Anlayıram, bəzilərimiz müəyyən obyektiv səbəblərə görə evdən çıxmaq məcburiyyətində qala bilərik. Amma inanın, həyatda yaşamaqdan, can sağlığından ötə bir nemət yoxdur. Özümüz, valideynlərimiz, övladlarımız, əzizlərimiz sağlamdırsa, deməli, xoşbətlik üçün ən böyük səbəb də var. Bu səbəbi heç vaxt nəyəsə görə güzəştə getməyək".

E. Mirbəşiroğlu qeyd edib ki, cəmiyyəti fərdlər formalaşdırır: "Cəmiyyətin təhlükəsizliyi də fərdlərin təhlükəsizliyi ilə şərtlənir. Öz təhlükəsizliyimizə biganə qalmamaqla milli təhlükəsizliyimizə töhfə vermiş olarıq. Gəlin, evdə qalmaqla özümüzü və yaxınlarımızı xilas edək, dövlətimizin bizi qorumasına dəstək olaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə