Müxalifətin seçki oyunbazlığı TƏHLİL

Mərkəzi Seçki Kamissiyasına məktub, şikayət ünvanlamaq bir növ elə bil tamam başqa bir xarakter alıb. MSK-ya konkret qanun pozuntusu faktları deyil, sadəcə kimin hansı narazılığı varsa ona köklənmiş şəkildə müraciət ünvanlanır. Bir sözlə, şikayətçilərin əksəriyyətini seçki prosesində baş verən pozuntular deyil, şəxsi narazılıqları maraqlandırır və elə bu rakursdan da çıxış edirlər. Nəzərə alsaq ki, 1314 nəfər namizəddən cəmi 125 nəfər deputat mandatına sahib olması bir reallıqdır, bu zaman narazıların sayını təsəvvür etmək çətin deyil. Bu mənzərəyə əlavə olaraq bir sıra qüvvələrin istifadə etmək məqsədi ilə qatılmasını da əlavə etdikdə görürük ki, seçki bəhanəsi ilə tamam başqa bir tamaşa oynanılmaqdadır.

Azərbaycanda keçirilmiş seçkini ləkələmək, pozuntuları reallıqda olduğundan qat-qat artıq göstərmək üçün şikayətləri süni şəkildə çoxaltmaq kampaniyası aparılır. Bu kampaniya təkcə ənənəvi mediada, sosial mediada deyil, həm də real həyatdadır. Seçkidən sonra namizədlər öz həqiqətini, daha dəqiq desək həqiqət bildiyini, doğru bildiyini diqtə etməyə çalışır. Hərhansı bir seçki məntəqəsində baş tutan seçkinin kimlərsə qanuni, həm də seçki pozuntuları olmadan keçirildiyi fikrində olduqları halda, bunun əksini düşünən və fərz edənlər də var. Sual oluna bilər ki, belə olan halda niyə məhz narazıların fikirləri, iddiaları dövriyyəyə buraxılır və seçki prosesindən razı qalanların fikirləri niyə nəzərə alınmır? Elə gəlmirmi ki, seçki prosesindən sui istifadə edib narazılıq dalğası yaratmaq, hansısa qarışıqlıq törətmək niyyətində, ən azından arzusunda olanlar var? Bu niyyət və arzular hansısa ssenaridən, kimlərinsə, hansısa qüvvələrin oyunundan, səhnələşdirdikləri tamaşadan xəbər vermirmi?

Parlament seçkiləri ərəfəsində müxalifətin ənənəvi taktikası yenə də gündəmə gəldi və bir az fərqli formada təkrarlandı. Müxalifət düşərgəsinin bir hissəsi “boykot” yolunu tutdu, digəri isə seçkilərə qatılıb faydalanmağa cəhd etdi. “Boykot” qərarına gələnlər əvvəlcədən də öz məğlubiyyətlərini qəbul etmişdilər və bir növ “boykot” sözü məğlubiyyət etirafı kimi cəmiyyətimiz tərəfindən qəbul olunmaqdadır. Eyni zamanda Azərbaycan cəmiyyəti sanki bu “boykot”çuların acizliyinə növbəti dəfə də şahid oldu və siyasi proseslərdə necə cılız, çarəsiz, bacarıqsız olduqlarına, uğursuzluqlarına da əminliyi artdı, onların mahiyyətinin bir heç olduğunu bir daha seyr etdi. Bu “boykot” məsələsində bir sual da ortaya çıxır ki, görəsən hər dəfə bu sözü təkrar edənlər indiyədək nə qazanıblar? Ümumiyyətlə, “boykot” hansı qazanc verir axı müxalifətçilərə? Rəqib hesab etdikləri partiyanın qələbəsinə, özlərinin isə məğlubiyyətlərinə kənardan tamaşa etmək müxalifətçilikdir? Bəlkə öz məğlubiyyətlərini müşahidə etməyi qələbə hesab edirlər? Halbuki, istənilən bir partiyanın qələbəsi, ən azından hədəfi seçkiləri qazanmaq və hakimiyyətə gəlməkdir. Məhz bu baxımdan da onların seçki prosesində müxtəlif oyunlara qoşulması, seçkidən sonra narazılıq etmək, etiraz aksiyası keçirmək adı altında oyunbazlıqları sadəcə bir tamaşanı xatırladır.

“Boykot” qərarına gələnlərin yeganə təsəllisinin seçici fəallığının az olması barədə dedi-qoduları olması da diqqətdən yayınan deyil. Bu o deməkdir ki, başqa heç bir arqumentləri olmadığına görə onlar yalnız bununla, bu narazılıqla kifayətlənməli oldular. Əslində isə, bu fakt özü-özlüyündə seçkilərin qanuni şəkildə keçirildiyini və müxalifət düşərgəsinin bu reallıqla hardasa barışdığını təsdiq edir. Sadəcə, hansısa qüvvələrin təhriki ilə, onların ssenariləşdirdikləri tamaşalarda rol oynamaq üçün MSK qarşısında toplaşmaqları da uğursuzluqla nəticələndi və belə olacağı elə əvvəlcədən də bəlli idi. Çünki, Azərbaycan seçicisi öz iradəsini ifadə etmişdi və seçim məhz xalqımızın seçimi idi ki, onlar buna qarşı gəlmək iqtidarında ola bilməzdilər, heç bilmədilər də.
Diqqət etdikdə görürük ki, müxalifət düşərgəsi seçkinin nəticlərinə qarşı etiraz da təşkil edə bilmədi və uğursuzluqlarının hətta özləri də şahidi oldular. Kütləvi aksiya, meydan təcrübəsi olanlar belə fiaskoya uğradısa, bu heç də təsadüfi deyildi. Yəni, ötən əsrin 90-cı illərindən bu vaxta qədər meydanlarda təcrübə qazanan, hətta bu ənənədən xaricə çıxa bilməyən, sivil mübarizə üsulunu dərk və tətbiq edə bilməyənlərin uğursuzluqları təsdiq edir ki, bu, onların arzuladıqları sosial sifariş deyildi. Bir sözlə, özləri də dərk etmək məcburiyyətində qaldılar ki, onların narazılıqları və etirazları yalnız özlərinə məxsusdur və bu ümumilikdə cəmiyyətin narazılığı deyil. Məhz bu baxımdan da əmin oldular ki, onlar bundan artıq nəticəyə güman edə də bilməzdilər. Əbəs yerə deyildi ki, MSK-nın qarşısına narazı qismində 100 nəfərdən artıq olmayan tərəfdar çıxara bildilər. Bu isə o deməkdir ki, etiraz etmək qərarında olan narazıların sayı maksimum elə o qədər ola bilər. Hətta bəziləri narazı da yox, sadəcə onların iddialarına inanan, eyni zamanda öz tərəfdarları idi ki, bu da saylarının göründüyündən də daha az olduğudan xəbər verir.

Etirazçıların sayının 100-dən yuxarı olmaması, yəni etiraz edənlərin çox az sayda olması əslinə bir çox məqamları üzə çıxarır və təsdiq edir ki, bu etiraz deyil, hansısa maraqlara xidmət edən bir ssenarinin səhnələşdirilməsidir. Əgər MSK seçkilərlə bağlı bütün pozuntulara qarşı tədbir görürsə, pozuntu qeydə alınan bir neçə seçki məntəqəsinin nəticələrini ləğv edirsə, bir sözlə, bütün qanuni tələblər yerinə yetirilirsə, radikalların dırnaqarası canfəşanlığı nəyə lazımdır? Bu dırnaqarası canfəşanlıq demokratiya, yaxud azad seçki hüquqları naminə deyil və sadəcə müxalifətin seçki oyunbazlığı, və ya çıxardığı tamaşadan başqa bir şey hesab oluna bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə