Münhen konfransı Paşinyanın iflasını sürətləndirəcək

Prezident İlham Əliyev Dağlıq Qarabağa dair Azərbaycanın mövqeyini bir daha dünya ictimaiyyətinin gözü qarşısında Ermənistanın baş nazirinə və Ermənistan hökumətinə bəyan etdi

1962-ci ildən fəaliyyət göstərən Münhen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu platformalarından biri sayılmaqla iştirakçıların statusuna və sayına görə, eləcə də konfransın gündəliyinə çıxarılan problemlərin miqyasına və aktuallığına görə çox mühim əhəmiyyət kəsb edir. Konfransın builki 56-cı müzakirələrində 150 dövlət və hökumət başçısının, hökumət üzvünün iştirak etməsi konfransın nə qədər önəm kəsb etdiyini deməyə əsas verir. Belə bir mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, konfransın müzakirələrində çıxışları, istər ölkəmiz üçün, istərsə də region üçün mühim əhəmiyyət kəsb edirdi. Konfransda bizim üçün ən mühim məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələrin keçirilməsi və bu müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı idi. 32 illik bir tarixi olan Dağlıq Qarabağ münaqişəsinin belə bir yüksək platformada, kifayət qədər nüfuzlu KİV və ekspertlərin, eləcə də nüfuzlu siyasətçilərin iştirakı ilə dünya ictimaiyyətinin gözü qarşısında müzakirəyə çıxarılması birinci dəfə idi və qənaətimcə bizim üçün daha vacib əhəmiyyət kəsb edirdi. Məhz elə bu səbəbdən də Prezident İlham Əliyevin hələ müzakirənin əvvəlində “Mən elə indicə cənab İşengerə (tədbirin təşkilatçısı R.G) dedim ki, bir neçə il əvvəl Davosda Ermənistan və Azərbaycan rəhbərliyi tərəfindən mesajlar ötürülməsi üçün imkanlar var idi. Cənab Paşinyanın sələfi də iştirak etməli idi, lakin son anda o iştirakı təxirə saldı. Beləliklə, mən şadam ki, nəhayət həmin an gəldi və mesajlar çatdıra biləcəyik" ifadəsini işlətməklə bəyan etdi ki, həm dünya ictimaiyyətinə həm də erməni tərəfinə bu münaqişəyə dair həqiqətləri çatdırmaq vacib idi. Elə bu ifadələrdən o da aydın oldu ki, Ermənistan tərəfi bu mesajları çatdırmaqdan hər vəchlə yayınır. Münhen görüşündən nə nəticələr hasil oldu? Bu gün istər Azərbaycan, istər Ermənistan, istərsə də digər ölkələrin kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ekspertlərin, politoloqların, siyasətçilərin rəylərindən, belə bir qənaət hasil olur ki, bu debatda Ermənistanın baş naziri Nikol Paşinyan məğlub, Azərbaycan Prezidenti İlham Əliyev qalib durumda idi. İstər təcrübə, istər intellektual səviyyə, istər informasiya, istər tarixi bilgilər, istər siyasət, istər diplomatik, istər dil, istər bədən hərəkətləri, istər mənəvi-psixoloji baxımdan Paşinyan Prezident İlham Əliyevdən çox geridə idi. Münaqişənin həlli yolları, bu yollar barədə konkret mövqe, dəqiq həll planı barədə Cənab İlham Əliyev aydın və hamı üçün anlaşılan formada mövqe nümayiş etdirdiyi halda bunu Paşinyan barədə qəti demək mümkün deyildi. Bütün müzakirə boyu Prezident İlham Əliyevin mövqeyini əsas prinsipləri aşağıdakılardan ibarət idi:

1. Dağlıq Qarabağ istər coğrafi, istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olub, var və olacaqdır. Bu bir tarixi həqiqətə və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

2. Prezident İlham Əliyev bütün dünya ictimaiyyətinin gözü qarşısında ermənilərə bir daha indiki Ermənistan və onun paytaxtı Yerevanın tarixi Azərbaycan torpağları olduğu barədə mesaj verdi. Eyni zamanda Azərbaycan istər Ermənistan ərazisindən, istərsə də Dağlıq Qarabağ ərazisindən etnik təmizləmə və deportasiyaya məruz qaldığı, ermənilər tərəfindən Xocalı soyqırımı törədildiyini dünya ictimaiyyətinə bir daha əyani şəkildə çatdırdı.

3. Ermənistan işğalçıdır. O təkcə Dağlıq Qarabağı yox, həm də ətrafdakı 7 rayonu işğal edib.

4. Dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması barədə 4 qətnaməsi var və bu qətnamənin tələbləri hələ də icra olunmayıb. Bu qətnamənin icrası ilə əlaqədar Ermənistana beynəlxalq təsir göstərilməlidir.

5. ATƏT-in Minsk Qrupu nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistan deyil, müstəqil ölkə deyil, heç kim bu qeyri-qanuni qurumu tanımır, Dağlıq Qarabağ Azərbaycandır.

6. Azərbaycan danışıqlar prossesinə sadiqdir, ərazi bütövlüyünü danışıqlar yolu ilə bərpa edəcəyinə ümidini itirməyib, lakin Ermənistan tərəfindən danışıqlar pozularsa bu seçim nəzərdən keçirilə bilər.

7. İndiyədək danışıqlar prosesində iştirak etmiş Ermənistan liderləri həmişə həlledici məqamda danışıqları dayandırmaq üçün bəhanə tapıblar və onların hamısı status-kvonu dəyişməz olaraq qalmasını istəyiblər.

8. Münaqişənin həlli mərhələli olmalıdır. Əvvəlcə işğal olunmuş ərazilərin azad edilməsi baş verməli, azərbaycanlı məcburi köçkünlər həmin ərazilərə qaytarılmalıdır. Sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesləri getməlidir.

9. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxmaq olar və bu status Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində verilə bilər.

10. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir və ərazi bütövlüyümüz bərpa olunarsa ermənilər də milli azlıq kimi, digər millətin nümayəndəsi kimi bütün hüquqlara və imtiyazlara malik olunacaqlar.

11. Erməni xalqı artıq öz müqəddaratını təyin edib. Onlar ikinci dəfə öz müqəddaratını təyin etmək üçün yer kürəsində başqa yer axtarsınlar, Azərbaycanda yox!

Beləliklə, Münhen görüşləri bir daha göstərdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi aydın və qətidir. Münaqişə yalnız Azərbaycan ərazi bütövlüyü daxilində, mərhələli şəkildə həll edilməli, əvvəlcə işğal olunmuş ərazilərin bir qismi boşaldılmalı, məcburi köçkünlər öz yerlərinə qaytarılmalı, Ermənistanla Azərbaycan arasında etimad mühiti formalaşdırılmalı, yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər.

Ermənilər isə əvvəlki rəhbərlərin dövründə olduğu status-kvonu uzatmaq istəyirlər. Belə olan halda, Prezident İlham Əliyevin dediyi kimi danışıqlar prossesinin seçimini nəzərdən keçirmək zərurəti yaranır.

Ramiz Göyüşov,
YAP Binəqədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə