"Aksiya keçirmək istəyənlərin hərəkətlərini pisləyirəm" ÖZƏL-MÜNASİBƏT

“Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirmək istəyənlərin hərəkətlərini pisləyirəm. Azərbaycan hüquqi dövlətdir və kim qanunazidd hərəkətlər edirsə qanuna uyğun cəzalandırılmalıdır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, növbədənkənar parlament seçkiləri şəffaf və demokratik keçirilib: "Müşahidə aparan beynəlxalq təşkilatlar da seçkiləri yüksək səviyyədə keçdiyini açıqlayıblar. Kimlərinsə narazılığı var idisə, vaxtında qanunauyğun şikayət olunmalı idi. Seçki prosesində şikayətlər olunmadan indi məğlubiyyəti ilə barışmamağı düzgün hesab etmirəm. Həm də protokollar MSK-da təhlil olunur. 4 dairənin nəticələri ləğv olundu. Hansı məntəqələrdə uyğunsuzluqlar varsa, MSK qərar qəbul edəcək. Amma aksiyalar keçirməklə nəyəsə nail olacağını düşünürlərsə yanlışlıqdır. Həm də aksiyalara çağırışlar edənləri ölkədə siyasi sabitliyini pozmaq istəyən radikalların istəkləri kimi başa düşürəm. Düşünürəm ki, hüquq-mühafizə orqanları belə şəxslərə qarşı ciddi tədbirlər görməlidir. Biz ölkəmizdəki siyasi sabitliyi dəyərləndirməli və qorumağa borcluyuq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə