Sarkisyanın partiyası Nikola nəyə görə təşəkkür edib? ANALİTİK

1in: “Çünki o əvvəlki sistem çərçivəsində həlledici fiqur olaraq qalmaqdadır”

Ermənistan hakimiyyətinin Serj Sarkisyana qarşı ittihamlar irəli sürməyə başlaması sabiq və mövcud iqtidar arasında yaşanan qarşıdurmanı şiddətləndirib. Belə ki, Nikol Paşinyanın Serj Sarkisyanın qələmini birdəfəlik qırması cəhdləri qarşı tərəfin daha kəskin reaksiyalar verməsinə səbəb olmaqdadır. SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı ermənilərin 1inn saytında ilginc təhlil ictimailəşdirilib və yazının başlığında “Respublikaçılar Nikol Paşinyana təşəkkür edirlər” ifadəsi qoyulub.

“Serj Sarkisyanın hakimiyyətdən getməsindən sonra başqa cür ola da bilməzdi...”

“Serj Sarkisyanın işi boş havadır və bu, antinikolçu konsolidasiyanı sürətləndirir”, Bu fikirlərlə keçmiş hakim partiyanın vitse-sədri Armen Aşotyan çıxıç edib. Onun sözlərinə görə, məhz baş verənlər kontekstində Nikol Paşinyana təşəkürlər düşür. Məqalədə bildirilir ki, Serj Sarkisyanın işi kifayət qədər “lakmusludur” və daxili siyasət üçün həlledicidir. “Serj Sarkisyanın hakimiyyətdən getməsindən sonra başqa cür ola da bilməzdi. Çünki o əvvəlki sistem çərçivəsində həlledici fiqur olaraq qalmaqdadır”, deyə yazılan yazıda o da bildirilir ki, məhz bu nöqteyi-nəzərdən Respublika partiyasının vitse-sədri hakimiyyətin ittihamlarına ironik münasibət bəsləməklə Nikol Paşinyana sözügedən məsələnin onun özünə qarşı konsolodasiya yaratmasına görə təşəkkür edib: “Əslində o, delikatlı şəkildə eyham vurur ki, bu konsolidasiyanın əsasında keçmiş hakimiyyətdən başqa heç bir güc, ya da sima deyil, Sarkisyan və Respublika partiyası ola bilər. Armen Aşotyan məsələ ətrafında işarə edir ki, başqa heç bir müxalifət partiyası Respublika partiyasının dəstəyi olmadan effekt yarada bilməz”.

“Robert Köçəryannın bu planda bir sualı var: nəyə görə Serj Sarkisyan həbs olunmayıb?”

“Belə ki, böyük hesabla, Serj Sarkisyana qarşı irəli sürülən ittihamlar və hüquqi proses onu müxalifətin əsas çarxı roluna çevirir. Hətta Robert Köçəryan amili də geridə qalır”, yazan müəllif eyni zamanda belə bir mənzərə yaratmağa çalışır ki, hazırda Köçaryan özünü müxalifətin aparıcı cinahı olması üçün səylər göstərir və onun qarşısını alan da məhz Serj Sarksyandır. O cümlədən, Köçəryan Serj Sarkisyanın hələ də həbs olunmamasını əlində əsas tutaraq, onun Paşinyan hakimiyyəti ilə gizli əlaqələrinin olmasına da eyham vurur.

Erməni müəllifin yazdığına görə, Aşotyan faktiki olaraq bəyan edir ki, konsesnsus artıq Robert Koçaryan ətrafında deyil, məhz Serj Sarkisyan ətrafında cərəyan edir: “İttihamları və siyasi təqibləri nəzərə alarsaq belə düşünmək olar ki, Respublika partiyasının rəsmisi faktiki olaraq Sarkisyanın Köçəryandan daha çox hakimiyyətin hədəfində olmasını göstərir. Əlbəttə ki, Robert Köçəryannın bu planda bir sualı var: nəyə görə Serj Sarkisyan həbs olunmayıb?”

Beləliklə, faktlar və təhlillər də göstərir ki, hazırda Ermənistanda istər hakimiyyət daxilində, istərsə də hakimiyyət-müxalifət münasibətlərində, o cümlədən, müxalifətdaxili çəkişmələr fonunda kəskin anlaşılmazlıqlar, qarmaqarışıq siyasi dolanbaclar mövcuddur. Bu mövcudluq isə bütövlükdə ölkədəki siyasi qeyri-sabitliyin aşkar göstəricisidir və bu göstərici özü-özlüyündə Ermənistanın uzun illərdir düşdüyü çoxtərəfli böhranın sübutudur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə