"Azərbaycan Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilməz" RƏY-ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında çıxışında Ermənistanın indiki hökumətini faşist əlaltısı Qaregin Njdenin İrəvanın mərkəzində ucaldılmış abidəsini götürməyə, bununla da MDB ərazisini 20 milyon insanın ölümünə səbəb olmuş faşizm ləkəsindən təmizləməyə çağırıb. Bu, həm də Ermənistan hökumətinə faşizmə qarşı mübarizə aparmış öz xalqına hörmət etmək, eyni zamanda, erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısını almaq barədə çağırış idi”. Bunu SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Azərbaycan müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilməz.

Onun sözlərinə görə, keçmiş və hazırkı erməni faşistlərinin bir məqsəd birləşdirir: “ Onların məqsədi dünyada bütün türk aləmini məhv etməkdən ibarətdir və bunu gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunmuş faşist proqramları, müxtəlif məqalələr buna sübutdur. Başqa bir sübut 1878-ci ildə İsveçrədə “Qnçaq” adlı erməni millətçi təşkilatının yaradılmasıdır. Həmin partiyanın proqramında belə bütün şəraitlərdə türkləri və kürdləri qətlə yetirmək yazılmışdı”.

1890-cı ildə Tiflisdə “Daşnaksütyun” adlı daha bir millətçi erməni təşkilatının yaradıldığını misal gətirən C. Xəlilov söyləyib ki, hər iki təşkilat həmin vaxt “böyük dövlətlər” tərəfindən dəstəklənirdi: “Onlar hesab edirdilər ki, erməni təşkilatlarının köməyi ilə Osmanlı İmperiyasının dayaqlarını sarsıda biləcəklər. Erməni faşizminin təşəkkülündə erməni kilsəsi də gizli rol oynayıb. Bu kilsə “ermənilərin müstəsnalığı” ehkamını durmadan təlqin edirdi. Milli müstəsnalıq haqqında yanlış etiqad milli əlamətlər üzrə sosial ədalətsizliyə gətirib çıxarır”.

Sabiq polkovnik vurğulayıb ki, erməni faşistlərinin Azərbaycan əhalisinə qarşı cinayətləri xüsusi qəddarlıqla seçilirdi: “Burada onlar yandırılmış torpaqlar və əhalinin məhv edilməsi taktikasını həyata keçirirdilər. Bu cinayətlər XX əsrin əvvəlində (1905, 1914, 1915, 1918-ci illər) Azərbaycanın müxtəlif regionlarında törədilib. Bizim nəslin gözü qabağında 1992-ci ildə erməni qoşunları Azərbaycanın Xocalı şəhərini ələ keçirib və onun bütün sakinlərini məhv ediblər. İnsanlığa qarşı törədilmiş bu soyqırımı aktı birbaşa Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib. O, müsahibələrinin birində bu barədə deyirdi: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik. Ötən əsrin 40-cı illərinin sonunda yüz minlərlə azərbaycanlının Ermənistandan zorla Azərbaycana köçürülməsini də nəzərə alsaq, demək olar ki, bütün XX əsr boyu erməni faşistləri Azərbaycan xalqına işgəncə verib, geniş əraziləri zəbt edib, maddi və mənəvi dəyərləri mənimsəyiblər. Bütün bunlar cəzasız qalıb və onlar hərəkətlərinə görə cavab verməyiblər”.

Təşkilatın sədr müavini qeyd edib ki, erməni siyasi partiyalarının proqramı, kütləvi kommunikasiya vasitələri, o cümlədən kilsə nəşrləri dünyada antitürk, anti- Azərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır, ictimai fikirdə erməni millətinin müstəsnalığı barədə fikir yaratmaq istəyir, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyanın cənub regionları və Ukraynaya qarşı ərazi iddialarına bəraət qazandırmağa səy göstərirlər: “Demək lazımdır ki, bir sıra erməni siyasətçilər yaxalarını faşizm ideologiyasından kənara çəkməyə cəhd edirlər. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan digər sabiq prezident Serj Sarkisyanın və Ermənistanın Respublikaçılar Partiyasının Qaregin Njdenin neonasist təliminə söykəndiklərini sübut edən bir sıra materiallar dərc etdirib. Bir zaman Qaregin Njdenin qurbanları sırasında Zəngəzur dağlarında həlak olmuş on minlərlə azərbaycanlı da olub. O deyib: “Sonradan o Avropaya yollandı, Hitlerin etimadını qazandı və onun xüsusi himayəsindən istifadə etdi. 1948-ci ildə Njde hərbi cani kimi 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir sentralında ölüb. İndi Ermənistan hökuməti Qaregin Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə