Namiq Əliyev: “Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil” RƏY-ÖZƏL

“Müasir cəmiyyətlərdə siyasi mübarizə aparmanın çoxsaylı sivil yolları var”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, mitinqlər, nümayişlər, küçə yürüşləri kimi mübarizə taktikaları inkişaf etmiş cəmiyyətlər üçün, ya xarakterik deyil, ya da bu üsullardan həddindən artıq az istifadə edilir: Soruşula bilər ki, Fransa kimi sivil ölkədə “sarı jiletlilər” niyə hər həftə aksiya keçirirlər? Diqqət edin, artıq “sarı jiletlilər” əvvəlki kütləviliyi təmin edə bilmirlər, hərəkat zəifləməyə doğru gedir: “Çünki demokratik ölkələrdə idarəetmə, qanunvericilik və s. “küçənin təzyiqi” ilə həyata keçirilmir. Sivil dövlətlərdə siyasi sistem səsvermə, seçkilər, referendum kimi vasitələrlə təkmilləşdirilir. Qardaş Türkiyə siyasətçiləri demiş, “hər şey sandıqda həll olunur” və sandıqdan-seçki qutusundan çıxan nəticəni də xalq qəbul edir. Azərbaycan cəmiyyəti də bu istiqamətdə hərəkət etməlidir, mitinq, nümayiş, küçə yürüşləri dövrünü arxada buraxmaq lazımdır. Tarixi təcrübə də göstərir ki, müəyyən qüvvələr (bunların içində düşmən də ola bilər) çox rahatlıqla mitinqləri idarə olunmaz hala gətirib, xaos, anarxiya vəziyyəti yarada bilərlər. Mitinqdə irəli sürüləcək tələblərə gəldikdə isə onların da həll olunması üçün başqa metodlar var. Əvvəla, “Qarabağa azadlıq” tələbini digərlərindən ayırmaq lazımdır. Çünki Qarabağ məsələsi Bakıda keçirilən hansısa mitinqlə həll olunası məsələ deyil... Bu barədə dəfələrlə fikir bildirdiyimizdən, onları təkrar etməyə ehtiyac duymuruq. “Siyasi məhbus” məsələsinə gəldikdə isə cəmiyyət şahiddir ki, müxalifətin azadlıqda görmək istədiyi məhbuslar mitinqlərsiz də istəklərinə nail ola biliblər. Tibbi sığorta tələbi isə təkcə müxalifətə aid deyil, bütün cəmiyyət, o cümlədən dövlət də bunun tətbiqinə çalışır. Artıq bu sahədə pilot rayonlar seçilib və sürətli iş aparılır. Yaxın gələcəkdə bütün ölkədə tibbi sığorta sistemi tətbiq ediləcək. Eləcə də digər tələblər mitinqlərdə yox, dəyirmi masalarda, sosial şəbəkələrdə, KİV-də, nəhayət parlamentdə müzakirə olunub, xalqın və dövlətin maraqlarına uyğun yekun nəticələrə gəlinməlidir. Bir sözlə, problemlərimizin həlli üçün daha sivil metodlar olduğu halda, niyə vaxtı keçmiş mitinqlər, nümayişlər yolu ilə getməliyik?”
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə